Ömür karvan keçən yollara bənzər,
Ona yük olmasın, dövlət, simü-zər.
Ayı keşməkeşli ilə bərabər;
Günü əsr boyda bir aya bəndəm,

Getsəm də nə qədər kəndə, şəhərə,
Baxsam da cənnətə bənzər yerlərə-
Dənizlər deyəndə bəhri – Xəzərə,
Çaylarda Kür adlı bir çaya bəndəm.

Mənim doğma anam – Azərbaycanım,
Taleyim, vüqarım, eşqim, həyanım,
Yolunda ölümə hazırdır canım,
Ey Vətən, ey Vətən, bir haya bəndəm!