Əziz MUSA.Yeni şeirlər

em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

ÇOXALIR

Baxan yoxdu nəsiyyətə, söhbətə,
İbdi çoxu üzün tutur qürbətə,
Dözmək olmur ayrılığa, həsrətə,
Ayrılıqdan dərd çəkənlər çoxalır,
El-obadan perikənlər çoxalır.

Yol-irizi çayır basır, bağlayır,
Bu ayrılıq ürəkləri dağlayır,
Həyət-baca yetim qalıb, ağlayır,
Dərd səpənlər, qəm əkənlər çoxalır,
El-obadan perikənlər şoxalır.

Yapınçıdan ayrı düşür çobanlar,
Bağ-bağçadan əlin çəkir cavanlar,
Qəm gətirir gələn günlər, zamanlar,
Qərib yurda kül tökənlər çoxalır,
El-obadan perikənlər çoxalır.

Belə getsə boşalacaq kənd-kəsək,
Məzarları dağıdacaq yel, külək,
Heç bilmirəm nə oyundu, nə kələk,
Baxışlarda duman, çənlər çoxalır,
El-obadan perikənlər çoxalır.

Qərib ruhlar yer tapmayır özünə,
Qürbət baxmır qəriblərin üzünə,
Ata, ana burda döyür dizinə,
Yad ellərdə ev tikənlər çoxalır,
El-obadan perikənlər çoxalır.

GƏLMİR

Ar-namus biilməyən adam,
Gözə gəlmir, Əziz Musa.
Əyrilərə gələn fürsət,
Düzə gəlmir, Əziz Musa.

Xoş olur yazın nəğməsi,
Şirindi bülbülün səsi,
Ha axtar gülün qönçəsi,
Sözə gəlmir, Əziz Musa.

Hər sözün üstündə əsək,
Sevgisiz köklənməz ürək,
Köhnənin qədrin bilməsək,
Təzə gəlmir, Əziz Musa.

Həyat nədi bilməz naşı,
Vermə yelə yayı, qışı,
Hər insanın ömür yaşı,
Yüzə gəlmir, Əziz Musa.

Yurd-yuva qiymətli inci,
Bu qismətdən nə küs, inci,
Dünyanın bir xoş sevinci,
Bizə gəlmir, Əziz Musa.