Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı

XX əsr Azərbaycan ədəbiyyatının yüksəlməsində böyük rol oynamış görkəmli yazıçı, nəzəriyyəçi və tənqidçilərindən biri olan M.Hüseyn son nəfəsinə qədər ədəbi irsin inkişaf etməsində mühüm rol oynamışdır.

Ədib bəşəri fikirlər carçısı idi, xalqının amalını yüksəklərə ucaltmaq üçün çalışırdı. Ədəbiyyatımızı zənginləşdirən dünya xalqlarının dilinə tərcümə edilən “Abşeron” romanı, onun davamı olan “Qara daşlar”, inqilabi keçmişimizi əks etdirən “Səhər”, insan iradəsinin sarsılmazlığına və qüdrətinin təntənəsinə həsr edilmiş “Yeraltı çaylar dənizə axır” kimi romanları, yaxud uzaq keçmişimizi gözlərimiz qarşısında canlandıran vətənpərvərlik ruhunda qələmə aldığı “Nizami”, “Cavanşir” kimi pyesləri, Dağıstanın qəhrəmanlıq tarixindən bəhs edən “Şeyx Şamil” və sairə əsərləri ədəbi ictimaiyyətin marağına səbəb olmuşdur.

“Xalq şairi Səməd Vurğun M.Hüseynin yaradıcılığından söhbət açarkən demişdir:- “Milyonlarla oxucu onun ədəbi irsindən faydalanır. Son illərdə yazıçının “Abşeron” romanı diqqəti cəlb edir. Yüksək yazıçılıq mədəniyyətinə malik olan M.Hüseyn bu əsərində usta Ramazan, yeni sovet ailəsini təmsil edən Lalə və Qüdrət İsmayılzadələr kimi müsbət insan surətləri yaratmağa müvəffəq olmuşdur. Romanın yaxşı cəhətlərindən biri də odur ki, əsərdə vətənpərvərlik əyani bir şəkildə insanların işində və fəaliyyətində verilir”.

Mehdi Hüseynin səmərəli ədəbi-ictimai fəaliyyəti partiya və xalq tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1958-1965-ci illərdə Azərbaycan Sovet Yazıçıları İttifaqının katiblərindən biri olmuşdur. Bakı Sovetiniə, Azərbaycan və SSRİ Ali Sovetinə deputat seçilmiş, orden və medallarla təltif edilmiş, 1958-1965-ci illərdə Azərbaycan KP MK-in üzvü olmuşdur. 1964-cü ildə Azərbaycan SSR Xalq Yazıçısı fəxri adına layiq görülmüşdür. Mehdi Hüseyn 1965-ci il martın 10-da vəfat etmişdir.

1930-1933-cü illər arasındakı dövr ərzində M.Hüseyn yaradıcılığında qəti bir dönüş əmələ gəlmişdir. Ədib xırda hekayə – novella formasından epik janra, povest və romana keçməyə, öz yaradıcılıq istedadını yeni sahədə təcrübədən keçirməyə nail olmuşdur. Vətəndaş müharibəsi mövzusunda yazılmış “Daşqın” romanı buna misal ola bilər. Romanın birinci hissəsi 1933-cü ildə çapdan çıxmışdır. Burada müəllif vətəndaş müharibəsinin bir sıra mühüm səhnələrini inandırıcı şəkildə oxucunun gözü qarşısında canlandırmışdır. Roman dərc edildiyi gündən ədəbi ictimaiyyətin diqqətini özünə cəlb etmişdir. İnandırıcı faktlar əsasında yazılmış bu roman Azərbaycan zəhmətkeşlərinin inqilabi mübarizə cəbhəsində göstərdiyi qəhrəmanlıqlara, insan şüurunun dəyişməsinə xüsusi diqqət yetirmişdir. Əsərdə partizan hərəkatının inkişaf mərhələləri, vətəndaş müharibəsində iştirak edən qüvvələrin sinfi xarakteristikası verilmişdir. Mehdi Hüseyn bu əsərində, düşmən qüvvələrin təsvirində satira və yumordan da bacarıqla istifadə etmişdir.

Azərbaycan yazıçılarından İlyas Əfəndiyev, Rəsul Rza, Mirzə İbrahimov və başqaları Mehdi Hüseynin qələmə aldığı əsərlər haqqında müsbət fikirlər söyləmişdilər. Buna misal olaraq İlyas Əfəndiyevin M.Hüseyn haqqında dediklərinə nəzər yetirək:- “Ədib öz əsərlərində insanların daxili aləmini açıb göstərmək, həm də doğru göstərmək , psixoloji anları ifadə etmək istedadını çox yüksək qiymətləndirmişdir”. O, Mehdi Hüseynin “Fəryad” povestində yaratdığı qəhrəmanlardan Vəlinin, Levinin, Şamilin əsl əmək adamları, vətənpərvər və hümanist insanlar olduğunu düzgün müəyyən etmişdir. İ.Əfəndiyev öz fikirlərini belə ifadə edir: – Şübhə yoxdur ki, Mehdidə qüvvətli və həssas müşahidə bacarığı ilə bərabər duyğularını ifadə etmək qabiliyyəti də vardır. Məsələn:- “Şamil düşmən pulemiyotunu susdurmağı Vəliyə əmr etdikdə;-cümləsində ədib qəhrəmanlarının daxilinə diqqət edir və orada baş qaldıran duyğuları görür”…

Müharibə illərində xalqımızın qəhrəmanlıq tarixini əks etdirmək xüsusilə vacib idi. Gənclərimizin vətənpərvərlik duyğularını faşist işğalçılarına qarşı mübarizə duyğularını alovlandıran dram əsərlərinə də böyük ehtiyac duyulurdu. Bu baxımdan Mehdi Hüseynin IX əsrdə xarici işğalçılara qarşı üsyanlara başçılıq etmiş Alban hökmdarı igid sərkərdə Cvanşir haqqında yazdığı dram əsəri xüsusi əhəmiyyət kəsb edir. “Nizami” pyesini ədib müharibənin ilk illərində, “Cavanşir” pyesini isə bir qədər sonra qələmə almışdır. Hər iki əsər həm tamaşaçıların həm də ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir. “Cavanşir” pyesində dramaturq xalq və vətən məhəbbətini, ölkəni yadelli işğalçıların basqınlarından müdafiə etmək məsələsini böyük bir ilhamla qələmə almışdır. Əsərdə Muğan bütün Azərbaycanın rəmzi kimi qələmə alınmış və onun uğrunda gedən mübarizə də Cavanşirin böyük sərkərdəlik məharəti göstərilmişdir. Mehdi Hüseynin təsvirində Cavanşir bütün varlığı ilə Vətənə bağlı olan, xalqı üçün heç nəyi əsirgəməyən bir qəhrəmandır. O, vətən övladlarını harda olur-olsun, öz torpaqlarını, elini-obasını unutmamağa çağırır. Vətənin istiqlaliyyəti və azadlığı Cavanşir üçün hər şeydən qiymətlidir. Azərbaycan müstəqil bir dövlət kimi azad və firavan yaşasın… Vətənpərvər qəhrəmanlarının dilindən deyilən bu sözlər yazıçının öz arzusu və öz sözləri idi.

Mehdi Hüseynin tarixi keçmişimizdən bəhs edən əsərləri içərisində “Səhər” romanı xüsusi yer tutur. İki hissəli “Səhər” romanı ədibin inqilabi mövzunun uzun illər ərzindəki axtarışlarının yekunu hesab etmək olar. Bu əsərdə qəhrəmanların təbiəti, xasiyyəti, psixologiyası daha dərindən açılmışdır, psixoloji təsvirlərdə kamil, realist qələmin gücü hiss olunur.Yazıçı əsərin baş qəhrəmanı Əzizbəyovun və başqa tarixi şəxsiyyətlərin bədii surətini yaradır. Müəllif təbii olaraq əsərdə Xanlar Səfərəliyevə və Yuri Svetayevə xeyirxah münasibət bəsləyir. “Səhər” geniş bədii lövhələr yaradan bir roman olduğundan onun əsas qəhrəmanları yalnız tarixi şəxsiyyətlər deyil, eyni zamanda yazıçı xəyalının məhsulu olan bədii surətlərdir. Mehdi Hüseyn tarixi mövzuda yazdığı əsərləri də müasirlik ruhunda qələmə almışdır. ” Müasirlik bizim idealımızdır, ədəbiyyatımızın şah damarıdır”… deyən yazıçı müasirliyinə sadiq qalaraq yazdığı əsərlərinin hamısını müasir mövzuda canlandırmışdır. “Alov” pyesi və “Yeraltı çaylar dənizə axır” romanını bunun daha parlaq nümunəsi hesab etmək olar. Mehdi Hüseyn yaradıcılığının son anına qədər müsbət amal və idea uğrunda vuruşan, ən ağır vəziyyətlərdə belə sarsılmayan mətanət və mərdlik rəmzi olan iradəli insanları əsərlərinə qəhrəman seçmişdir. Onun bu qəhrəmanları insanların səadəti və xoşbəxtliyi üçün özlərini məşəl kimi yandırır, şəxsi səadətlərini onların xoşbəxtliyində görürlər. Buna misal olaraq:- “Alov” pyesinin qəhrəmanı həqiqəti, ədaləti özü üçün ideal seçən Fərhad Kamalovun, və “Yeraltı çaylar dənizə axır” əsərinin qəhrəmanı, bütün çətinliklərə sinə gərərək bir an belə sarsılmayan polad iradəli, həyatın müxtəlif keçmakeçlərindən keçən Samirə Aydının simasında görürük. Onun haqqı tapdalanır, böhtanlara, təqiblərə məruz qalır. O, qəlbini parçalayan ilk sevgisini itirir, övladlarından ayrı düşür, insani hüquqları əlindən alınır. Lakin Samirə Aydın sarsılmır insanlara inamını xalqına etimad və məhəbbətini itirmir. Yüksək amal və məslək sahibləri heç vaxt sarsılmır və inamını itirmir.

Xalq yazıçısı Mehdi Hüseyn görkəmli dövlət xadimi, qüdrətli yazıçı olduğu kimi həm də tənqidçi idi. Ədib məqalələrində qaldırdığı dövlət əhəmiyyətli problemlərə, publisist yazılarına da müasirlik mövqeyindən yanaşırdı. Heç təsadüfi deyildi ki, Türkiyə təəssuratlarını ifadə edən “Bir ay, bir gün” kitabı ədəbi ictimaiyyət və oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Bütövlükdə götürdükdə onun bədii yaradıcılığı kimi ədəbi – tənqidi məqalələri də estetik fikrimizin həyata, milyonların yaradıcı əməyinə yaxınlaşmasında böyük rol oynamışdır.

Mehdi Hüseyn çətin yol ilə irəliləmiş, dövrün ədəbiyyat qarşısında irəli sürdüyü mühüm vəzifələrin yerinə yetirilməsində bədii səviyyə uğrunda mübarizənin vacibliyini nəzərə çaptırmış, bunu eyni zamanda müasir mövzuların işlənməsi, qabaqcıl müasirlərimizin bədii surətlərinin yaradılması vəzifəsi ilə əlaqələndirmişdir. M.Hüseyn yazıçının həyata bağlılığına ciddi əhəmiyyət verərkən bəzi yazıçıların cəmiyyətin tələblərinə cavab verə bilmədiklərinin başlıca səbəbini bu əlaqənin zəifliyi ilə, eyni zamanda işçi sinfinin inqilabi təcrübəsində bilavasitə iştirak etməyin lazım olduğunu anlaya bilməməklə izah edirdi. Həmin illərdə qabaqcıl sovet yazıçıları ilə bir sırada yeni ədəbiyyatın yaradıcılıq metodu məsələləri ətrafında müntəzəm düşünən Mehdi Hüseynin bəzi səhvlərinə baxmayaraq, təsdiq etdiyi əsas müddəalar düzgün ədəbi mövqeyə əsaslanır və qiymətləndirilirdi.

Yaşadığı dövrdə sovet ədəbiyyatının tarixinin öyrənilməsi baxımından əsərləri indi də əhəmiyyətini itirməmişdir. Yazıçı düşünürdü ki, “Fadiyev çox haqlı olaraq yazır: bəzilərinin düşündüyü kimi proletar ədəbiyyatı yaradıcılıq metodu, bir dərslik, yaxud tədris ilə əmələ gətirilməz. Bu işi milyonların təcrübəsinə istinadən görmək olar” demişdir.

Mehdi Hüseyn ömrü boyu sənətdə yenilik uğrunda mübarizə aparmış, qələm yoldaşlarının əsərləri fonunda sosializm təcrübəsini ümumiləşdirməyə cəhd göstərmiş, əhəmiyyətli fikirlər söyləmişdir. Ədib ədəbi tənqiddə həmişə ədəbiyyat və sənətin real inkişafını diqqətlə izləyən tədqiqatçı olduğundan, gözəl əsərlər yarananda özünün müsbət rəyini etiraf etmişdir. Qabaqcıl sovet yazıçılarının yolu ilə gedən müəllif Sovet hakimiyyəti uğrunda mübarizə illərində xalqlar dostluğunu siniflərin həmrəyliyi kimi ümumiləşdirərək işıqlandırmışdır. Bu baxımdan “Daşqın” povestində Yolçu və Şəhriyar bəy kimiləri addımbaşı millət adından danışsalar da üsyan etmiş yoxsullara qarşı vuruşanda Gürcü menşeviklərinin köməyinə bel bağlayırlar. Azərbaycanlı bəy və hampalar da gürcü menşevikləri və varlıları milliyətindən aslı olmayaraq, bolşevikləri məhv etmək üçün canfəşanlıq göstərir, qüvvələrini birləşdirirlər. Hakim siniflərin müxtəlif planları zəhmətkeşlərin dostluğunu sarsıda bilmir. Əmrahın Çinamidze və Sulava ilə dostluğuna həsr olunmuş səhifələr bu baxımdan canlı və təbii lövhələrdir.

1930-cu illərdə Mehdi Hüseyn “Nuruoğlu” /1933/, “Toy” /1935/ , “Kin” /1935/, “Çarpayı” /1936/, “Quzu” /1938/, “Konsert” /1938/, “Şair” /1939/ kimi hekayə, povest və kino dramlar çap etdirsə də bədii zəhmətlə dolu olan əsas nəsr əsərləri “Komissar” povesti və “Tərlan” romanı sayılır. Dövlət Kinomatoqrafiya İnstitutu yanında akademiya tipli ssenaristlər fakültəsində təhsil aldığı illərdə (1937-1938) yaxından tanış olduğu Moskva mühiti, görkəmli sənətkarlarla şəxsi tanışlığı ədibin bir sənətkar kimi formalaşmasına təsir göstərən əsas amillərdən olmuşdur.

Mehdi Hüseyn “Komissar” əsərini yazanda tarixi dərindən və hərtərəfli öyrənmək yolu ilə getdiyindən povestin əsas süjet xətti təsdiqlənən faktlar üzərində qurulmuşdur. Azərbaycan ədəbiyyatında ilk tarixi povest müəllifi olan M.Hüseyn qəhrəmanlarının zəngin tərcümeyi-halını ətraflı öyrənmiş, faktları sənətkar təxəyyülü ilə bədii həqiqət səviyyəsinə qaldırmağa nail olmuşdur. Əzizbəyovun simasında ümumiləşdirilmiş mətin inqilabçı surətini yaratmış, onun dünya baxışının formalaşma prosesini inandırıcı şəkildə göstərməyə müvəffəq olmuşdur. Əsərdə Əzizbəyov jandarm və xəfiyyələri çaşdıran bacarıqlı komissar kimi verilmişdir.

Mehdi Hüseynin oçerk və hekayələrində varlığın təbii nəfəsi duyulurdu. 1930-cu ildə bir müddət Qazax rayonunun Çaylı kommunasında işləyən M.Hüseyn “Nuruoğlu” hekayəsində kommunanın məhşur başçısının surətini yaratmağa müvəffəq olmuşdur. Azərbaycan sovet ədəbiyyatının mənimsənilməsi yolunda ilk addımlarını atan ədib “Nuruoğlu” və “Toy” hekayələrində sosialist əməyinin dəyişdirici, təşkiledici gücünü göstərmək istəmişdir. Hər iki hekayənin əsasında duran qəhrəmanları işə, mübarizəyə səsləyən, yeni həyatın nailiyyətlərinə sevinən bu adamlar onu daha da möhkəmləndirmək arzusu ilə yorulmadan çalışıır, özlərinə xas məftunluq hissini ətrafdakılara da təlqin etməyə səy göstərirdilər. 1936-1937-ci illərdə yazılıb, 1940-cı ildə çap edilən “Tərlan” haqlı olaraq müasir mövzunun realist səpkidə işlənməsində müəllifin, ümumiyyətlə bədii nəsrimizin müvəffəqiyyəti kimi qiymətləndirilirdi. Romanda hadisələr əsasən kiçik bir kənddə cərəyan etsə də, materialı dərindən öyrənən qabaqcıl mövqedən qiymətləndirən ədib Ellər kəndinin timsalında yeni həyat uğrunda ölüm-dirim mübərizəsinin dramatizmini, hümanist mahiyyətini açmağa nail olmuşdur. Əsərdə süjetin inkişafını müəyyənləşdirən konflikt, arzu və məqsədlər əks qütblərdə dayanan qüvvələrin mübarizəsindən doğur. Yeni cəmiyyətin qələbəsi naminə fədakarlıq göstərən Tərlan, Xanlar, Mürsəl kişi, Hacıoğlu kimiləri öz şəxsi səadətlərini zəhmətkeşlərin xoşbəxtliyindən ayrı təsəvvür etmədikləri halda, keçmiş pristav Fərman bəy, Mədət, Şamil, Molla Qəşəm kimiləri itirilmiş hakimiyyət və imtiyazlarını nəyin bahasına olursa olsun geri qaytarmaq, sinfi əleyhidarlarından intiqam almağı düşünürdülər. Romanda hadisələr tarixi həqiqət baxımından inandırıcı şəkildə bədii əksini tapmışdır. Əsərin baş qəhrəmanı Ellər məktəbinin direktoru, kənd partiya özəyinin katibi Tərlandır. Özünü məktəb, maarif işləri ilə yanaşı əkin-biçin, təsərrüfat sahəsində də məsul sayan Tərlanın surətini yaradarkən müəllif onun həyatının qısa bir dövrünü əsas götürmüş, onu ailə – məişət mühitindən daha artıq ictimai mübarizə meydanının fəal iştirakçısı kimi ümumiləşdirmişdir. Əsərdə Mehdi Hüseyn başqa qələm yoldaşları kimi, kollektivləşmə uğrunda mübarizəni həmin illərin mühüm hadisələri kimi canlandırmışdır. Xüsusilə gənclər arasında xurafata inananların sayı xeyli azalmışdır. Onların çoxu düşmənin gücünü lazımi qədər qiymətləndirmədiklərindən həyatlarını təhlükəyə atsalar da, qorxub geri çəkilmədilər. Romanda belə gənclərdən birinin surəti bədii vasitələrlə canlandırılmışdır. Sosializm-realizm prinsiplərinə bacarıqla yiyələnən ədib “Tərlan” əsərində dövrün səciyyəvi müsbət qəhrəmanlarını, (Sədəf, Xanlar, Hacıoğlu, Mürsəl kişi) surətlərini ön plana çəkməklə özünü novator sənətkar kimi tanıtdı. Buna görə də sonrakı illərdə Azərbaycan nəsrini zənginləşdirən qüvvətli surətlərindən olan Tərlanla əlaqədar, yazıçının ədəbi təcrübəsi nəsrimizin ümumi inkişafına müəyyən təsir göstərmişdir. “Tərlan” müəllifin 1930-cu illər üçün səciyyəvi olan yaradıcılıq nailiyyətidir. Bununla belə romanda publisistika üstünlük təşkil edirdi. Jurnalistlikdən gələn publisistika ədibin sonrakı əsərlərində yavaş-yavaş azalsa da birdəfəlik yox olmamışdır.

1930-cu illərin sonlarında Azərbaycan səhnəsi müasir mövzulara böyük ehtiyac duyduğu bir zamanda Mehdi Hüseyn dramaturgiya janrına müraciət etdi. Sovet quruluşu şəraitində yetişən yeni insanın ictimai və fərdi keyfiyyətlərini sosioloji və psixoloji amillərə xüsusi maraq göstərən yazıçının ilk səhnə əsəri “Şöhrət” də (1939) dramatik konfliktin bir-birinə zidd iki ictimai meylin toqquşması zəmnində açılırdı. Öz işini sevən və yaxşı bilən təvazökar Rəşid vətəndaşlıq borcunu vicdanla yerinə yetirəndə ad-san haqqında düşünmədiyi halda, bütün varlığı ilə şöhrətə can atan İmran öz məqsədinə çatmaq üçün ən çirkin vasitələrdən əl çəkmir. Böyük Vətən müharibəsi ərəfəsində yazılmış pyesdə sovet vətənpərvərliyi xüsusi əks olunurdu. Rəşid və Əziz kimi mərd cavanlar düşmənin vədlərini rədd edərək ölümü gözləri altına alır, amma vətənə xain çıxmırlar. Ancaq mövzunun aktuallığı, yazıçı niyyətinin ictimai tərbiyəvi əhəmiyyəti ilə diqqəti cəlb edən “Şöhrət” əsəri hadisələrin cərəyan etdiyi şəraitin özü, süni təsir bağışlayır.

Sovet yazıçılarının birinci Ümumittifaq qurultayından sonrakı dövrdə qələmi daha da püxtələşən M.Hüseynin yaxın keçmişdən və müasir həyatdan alınmış əsərləri 1930-cu illər Azərbaycan sovet ədəbiyyatının inkişafında müəyyən əhəmiyyətə malik olmuşdur. Böyük Vətən müharibəsi illərində yazıçı və ictimai xadim kimi fəaliyyət göstərən Mehdi Hüseynin “Moskva” (1942) və “Cənub xatirələri” (1942) əsərləri haqlı olaraq bu dövr ədəbiyyatının səciyyəvi nümunələri kimi yüksək qiymətləndirilmişdir. 1942-ci ilin əvvələrində paytaxta səfəri nəticəsində yazılmış “Moskva” oçerkində şahidi olduğu epizodları emosional vasitələrlə ümumiləşdirən müəllif məğlubedilməz şəhərin, onun qorxmaz müdafiəçilərinin surətlərini yaratmağa, Moskvalıların zahiri sakitliyi arxasında gizlənmiş qətiyyətini, vətənin müdafiəçilərinə sonsuz məhəbbət və minnətdarlıq hisslərini, inandırıcı şəkildə göstərməyə nail olmuşdur. “Moskva” da kiçik epizodlar bir-birini tamamlayaraq cəbhənin nisbətən geniş mənzərəsini canlandırırdı.

Yazıçının mühüm ictimai – siyasi problemlərə münasibəti bədii surətlər vasitəsi ilə ifadə meyli “Cəbhə xatirələrində” daha qabarıqdır. Müəllif “Möcüzə”, “Qanlı sular”, “Ördək məsələsi” , “Satqın”, adlı dörd müstəqil və bitkin hekayədən ibarət bu bədii silsilədə də, Moskvada olduğu kimi müasir muharibənin texnikaya əsaslandığını böyük ehtiyyat qüvvəsi tələb etdiyini nəzərə çatdırsa da, ” amma yenə də müharibə aparan insanlardır”, qənaətinə gəlir və oxucunu bu nəticəyə inandırmğa nail olur. O, Adambay, Həmzət, Larisa, Fomenko, kimi müxtəlif millətlərə mənsub olan sovet adamlarını, onların dözüm və inamlarının ictimai-psixoloji səbəblərini açıb göstərməklə döyüşçüləri fədakarlığa, igidliyə səsləyir. Mehdi Hüseyn bu əsərlərdə heyrət və iftixar hissi doğuran, fiziki və mənəvi qüvvələrin gərginliyini tələb edən qəhrəmanlığı fövqəladə bir hadisə kimi deyil, sovet adamının vətənə şüurlu xidməti, böyük ideallara sədaqətinin təzahürü, yeni insana xas sifət kimi mənalandırır. Hər bir əsərin üzərində diqqətlə işləyən ədibin bu illərdə yazdığı hekayələrin bir qismi kiçik həcmli janrın mükəmməl nümunələrindəndir. İnsanı böyük məqsədlər naminə igidliyə mənəvi saflığa çağıran vətənpərvərlik hissinin, günün hadisələri ilə bilavasitə səsləşən adamları düşündürən vacib suallara cavab kimi yazılmış hekayələrin əksəriyyəti indi də öz dəyərini qoruyub saxlayır.

Böyük Vətən müharibəsinin ilk illərində nəsrin, əsasən kiçik formaları inkişaf edir, müəlliflər konkret faktları oçerk və hekayələrdə əks etdirmək yolu ilə günün tələbinə cavab verən əsərlər yazırdılar. Lakin müşahidə və təcrübə apardıqca, çoxmillətli sovet ədəbiyyatında olduğu kimi Azərbaycan nasirləri də müharibənin dəhşətlərini xalqlar dostluğunun qüdrətini geniş bədii lövhələrdə göstərməyə ehtiyac duyurdular. Böyük Vətən müharibəsi illərində tez-tez cəbhəyə gedən döyüşçü və komandirlərlə görüşən M.Hüseynin “Fəryad” (1945) povesti Azərbaycan nəsrində bu istiqamətdə aparılan axtarışların ilk nümunələrindən idi. Əsərdə faşist işğalçıları ilə ölüm-dirim mübarizəsində qəhrəmanlıq və fədkarlıq göstərmiş sovet adamının vətənpərvərliyi realist vasitələrlə canlandırılmışdır. Diqqət mərkəzində duran surətlərdən biri qocaman rus rəssamı Levindir. Faşistlər şəhərə daxil olanda mürəkkəb duyğular içində çırpınan Levin sənətkar vüqarını təhqir edilmiş sayır, admiral Naximovun vaxtında düşmən ayağı dəyməyən sahillərdə yadellilərin görünməsini şəxsi dərdi kimi yaşayaraq iztirab keçirir. Yazıçı işğalçıların azğınlığını qəzəblə, emosional bədii vasitələrlə canlandırmışdır. Qoca rəssamı və gəlinini təhqir edib evlərindən qovurlar, nəvəsi ölür, həbsə düşürlər…

Böyük Vətən müharibəsi illərində xalq həyatını hərtərəfli göstərməyə cəhd edən Mehdi Hüseynin “Ürək” (1945) povestində arxa cəbhə adamlarının mənəvi qüdrəti qələmə alınmışdır. Müəllif hadisələrin cərəyan etdiyi konkret şəraiti cəmiyyət qarşısındakı borc anlayışına zidd münasibəti, xarakterlərin toqquşduğu vəziyyəti qabarıq göstərə və həyatı surətləri yarada bilmişdir. Povestdə MTS direktoru Xəlilin surəti bu baxımdan xüsusilə müvəffəqiyyətlidir. Sovet adamlarının vətənpərvərliyini əmək qəhrəmanlığını iftixarla canlandıran realist yazıçı müharibə ilə əlaqədar yaranan müvəqqəti çətinliklərdən şəxsi mənfəətləri naminə istifadə edən vəzifəpərəstləri kəskin tənqid atəşinə tutmuş, belələrinin xalqın namuslu övladları tərəfindən qətiyyətlə rədd edildiyini aydın və ifadəli boyalarla əks etdirmişdir. Əsəri yüksək qiymətləndirən Səməd Vurğun yazırdı:- povestdə “Mehdi Hüseyn Böyük Vətən müharibəsi illərində Azərbaycanın kolxoz kəndi əməkçilərinin, sovxoz və MTS işçilərinin vətən qarşısında öz borclarını dərindən dərk edərək qəhrəmancasına çalışdıqlarını, xalqa və partiyaya sədaqətlə xidmət işində necə parlaq nümunələr göstərdiklərini bizə açıb göstərir…”

Mehdi Hüseynin hekayə və povestlərində müharibə dövründə Azərbaycan həyatının bir sıra mühüm cəhətləri, xalqımızın vətənə hədsiz məhəbbəti, qələbəyə sonsuz inamı real bədii vasitələrlə əks olunmuşdur.

Böyük Vətən müharibəsi illəri yetkinləşməyə başlayan, fərdi üslubu formalaşan ədibin yaradıcılıq tərcümeyi-halında “Abşeron” romanı xüsusi yer tutr. Rahatlıq bilməyən Bakı neftçilərinin əmək rəşadəti bütün ölkədə rəğbət və iftixar hissi doğurmuşdur. Bu dövürdə çoxmillətli Bakı proletariatı sovet fəhlə sinfinin qabaqcıl dəstələrindən birinə çevrilmişdir. Lakin bu mühüm mövzu sənətdə, o cümlədən nəsrin iri formalarında özünün layiqli əksini tapmışdır. Bu nöqteyi-nəzərdən “Abşeron” romanı müəllifin uzun illərdən bəri davam edən axtarışlarının bədii nəticəsi idi. M.Hüseynin təxminən iyirmi il müddətində yazdığı əsərlərin qəhrəmanları əsasən, kəndlilər və ziyalılardan ibarət idi. Ədib elə bil hiss edir di ki, sevimli qəhrəmanlarının övladları artıq şəhərdə yaşayır, neft sənayesində çalışırlar. Bu gənclərin özlərini yeni mühitdə necə hiss etdiklərini, şüurlarında baş verən narahatlığı neft mədənlərinə, kəşfiyyat idarələrinə gətirdi.

Yazıçı iki il müddətində tez-tez mədənlərə gedir, fəhlə və mühəndislərlə, qocaman ustalarla və kənddən təzə gəlmiş cavanlarla görüşür, gələcək qəhrəmanlarını bilavasitə iş başında və istirahət vaxtında ciddi məsələlərin, qızğın mübahisələrin doğurduğu istehsalat müşavirələrində yaxından iştirak edirdi. Ədib həmin illərdə bir sənətkar kimi onu düşündürən, narahat edən problemlər haqqında yazırdı: “Bu gün məni yeni Bakı çox maraqlandırır. Çünki mənim sevdiyim və həmişə ilk planda təsvir etməyə çalışdığım adamlara burada tez-tez rast gəlirəm. Məsələ yalnız mövzu yeniliyində və yaxud yeni peyzajda deyildir… Bugünkü Bakıda məni ən çox həyacanlandıran da müasir həyatımızın bütün gözəlliklərini yaradan müasir adamlardır…”

Qabaqcıl müasirlərimizin bədii surətlərini yaratmaq baxımından ədibin yaradıcılığında, ümumiyyətlə Azərbaycan ədəbiyyatında yeni addım olan “Abşeron” romanında qəhrəmanlar, istehsalat prosesində göstərilmiş sosialist əməyinin yaradıcı, təşkil edici gücü, başqa sözlə poeziyası inandırıcı şəkildə əks etdirilmişdir. Romandakı hadisələr əsasən Tahir obrazının xaraktercə formalaşması prosesində inkişaf edir. İlk baxışda yaşıdlarından seçilməyən bu gəncin həyat yolunu realistcəsinə işıqlandıran yazıçı sosializm cəmiyyətində ictimai və şəxsi mənafeyin ahəngdarlığının gözəlliyini inandırıcı detallarla əks etdirmişdir. Əvvəllər həyat haqqında sadəlövh təsəvvürlərlə yaşayan Tahirin bir vətəndaş və şəxsiyyət kimi yetişməsi, romanda mənalı təfərrüatlarla təsbit olunmuş, bu yeni insanın əmək qəhrəmanı və vətənpərvərin, qayğıkeş oğulun, tanınmış briqadirin yetişməsində həlledici rol oynamış kommunist əxlaqının, sosialist həyat tərzinin rolu ilk plana çəkilmişdir. Nəsillər arasında əlaqə-münasibət problemini partiyalı mövqedən işıqlandıran müəllif Tahirin taleyində yaşlı nəslin nümayəndəsi olan usta Ramazan və Qüdrət İsmayılzadə kimi insanların qayğısını əhəmiyyətini müvəffəqiyyətlə açıb göstərə bilmişdir. Tahir yaşlıların təcrübəsini öyrənə-öyrənə bir peşəkar kimi onların başladıqları işi davam etdirməklə yanaşı, inqilabi ən-ənələr estafetini də vətəndaş məsuliyyəti ilə qəbul edir.

Böyük Vətən müharibəsindən sonra ədəbiyyatımızda fəhlə sinfinin və ziyalıların həyatına marağın güclənməsi təbii idi. Ancaq bəzi yazıçılar öz əsərlərində istehsalat texnalogiyasına, elmi və texniki mübahisələrə həddən artıq yer verir, texniki təfərrüatların dəqiqliyi qayğısına daha çox qalırdılar. Nəticədə “istehsalat romanları” adlandırılan əsərlərin bir çoxunda xarakterlər sönük və sxematik çıxırdı. Lakin ədəbi prosesin gedişi göstərdi ki, bu mövzunun bədii mənimsənilməsi prosesində keçilməsi zəruri olan bir mərhələ imiş. Mehdi Hüseyn mədənlərdə işin texnikasını, mürəkkəb cihazların və alətlərin adını öyrənsə də əmək prosesinin insanın hiss və düşüncələrinə təsiri ilə daha çox maraqlanır, dünənə qədər kənddə yaşayan, ilk dəfə qarşılaşdıqları iri sənaye müəsisələri qarşısında heyrətə düşən, yavaş-yavaş mürəkkəb cihazların sirlərini öyrənərək güclü maşınların qüvvəsini qollarında duyan cavanların daxili aləminə nüfuz etməyə çalışırdı. Realist sənətkar texniki təfərrüatlardan yerində istifadə edə-edə surətin daxili aləmini işıqlandırmağa xüsusi diqqət yetirir, şəxsiyyətin yetişməsi prosesinin mürəkkəbliyini həyati vasitə və detallarla əks etdirməyə çalışır. “Abşeron” romanında ədib mühüm ictimai-siyasi hadisələr haqqında zəruri bədii məlumat verməklə bərabər özlüyündə bir çox əhəmiyyətli hadisələri və qəhrəmanların xarakterinə, əxlaqi qənaətlərinə təsir baxımından işıqlandırır . Sosialist realizmin bəzi əhəmiyyətli prinsiplərini davam və inkişaf etdirərək, insanı öz mühitində göstərib, onu işindən ictimai fəaliyyətindən təcrid etmir. “Abşeron” romanı bu baxımdan ədibin ciddi sənətkarlıq nəaliyyətidir. Tahirin xarakterinin formalaşmasına təsir göstərən amilləri ön plana çəkən ədib onu yeni şəraitdə daha ətraflı şəkildə işıqlandırmağa nail olur. Gənc qəhrəmanın tezliklə yoldaşları arasında addımlamaq niyyətini təbii sayan yazıçını maraqlandıran başlıca sual budur:- Tahir öz məqsədinə hansı yollarla çatmalıdır? gəncin bu və digər fərdlərlə cəmiyyət arasında münasibətlərin mümkün qədər ətraflı şəkildə açılması bu suala cavab kimi ifadə olunur. S.Babenışyeva “İki roman, iki tale” adlı məqaləsində “Abşeron” romanını Venesuella yazıçısı Ramon Dias Sancesin “Neft” romanı ilə müqaisə edərək Mehdi Hüseyinin hadisələrin cərəyan etdiyi mühiti, realist planda mənalı təfərrüatlarla canlandırmaq bacarığını yüksək qiymətləndirmişdir.

“Məmməd Arif Abşeron romanında Tahiri Balzakın kənddən şəhərə gəlmiş bəzi qəhrəmanları ilə mübahisə edərək göstərirdi ki, burjua şəhəri sadə, təmiz qəlbli gəncləri pozub fırıldaqçı və mənsəbpərəst edirsə, sosialist Bakısı Tahiri doğma övladı kimi qarşılayır, xeyirxah adamlar, gənclikdən doğan nöqsanlardan azad olmaqda ona kömək edirlər”.

Mehdi Hüseyn əsas surətləri dəyişmə və inkişafda izləmiş, onların daxili aləmlərində baş verən dəyişikliyi mənalandırmış, hadisə və insanlara münasibəti əks etdirmişdir. Tahirin simasında gəncliyin vətənə məhəbbətini, əməyə münasibətini, yeni əxlaqi keyviyyətləri tipikləşdirilmişsə; usta Ramazan obrazı timsalında vaxtıilə Sovet Hakimiyyəti uğrunda mübarizə aparmış, sosializm quruculuğu prosesinin önündə gedən kommunizm ideallarına sədaqətinin ümumiləşdirilmiş surətidir. Hələ müharibədən əvvəl təqaüdə çıxmış usta Ramazan “ölkəmiz davadan üzü qara çıxmasın”, deyə geri qayıdaraq var gücü ilə işləmiş, indi də kənara çəkilmək niyyətində deyildir. Uzun həyat yolu keçmiş ustanı buruqda, iclasda, fəhlə yataqxanasında və öz daxili aləmi çərçivəsində izləyən ədib bitkin və uzun müddət yadda qalan xarakter səviyyəli bir obraz yaratmağa nail olmuşdur.

M.Hüseynin “Abşeron” romanı xarici ölkələrin mətbuatlarında tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdir. Onlar romanı ətraflı təhlil və təbliğ etmiş, onun idrak əhəmiyyətini və bədii keyfiyyətlərini açaraq, ədibin qələmə aldığı materialı, konkret surətlərin psixologiyasını yaxşı bildiyini qeyd etmişdilər. Qabaqcıl tənqidçilər əsərdən siyasi məqsədlər naminə istifadə edir, onu öz ölkələrinin qarşısında duran aktual ictimai-siyasi problemlər baxımından işıqlandırırdılar. Məsələn, “Ət-təriq” jurnalı ərəb oxucusuna müraciətlə yazırdı:- “Məlumdur ki, əvvələr, Böyük Oktyabr sosialist inqilabına qədər Bakı nefti Britaniya və başqa imperialist ölkələrin əlində idi, bu sərvətin talan edilməsinə çar rejimi hər cür kömək göstərirdilər. Ərəb ölkələrində olduğu kimi gözüac istismarçı ölkələr Bakı neftini mənimsəyirdilər…”

“Abşeron” əsəri Böyük Vətən müharibəsindən sonra sürətlə inkişaf edən azərbaycan romanlarının nailiyyətlərindən sayılırdı.

Əsərinin müvəffəqiyyəti yazıçıda məsuliyyət hissini daha da artırırdı. Böyük Vətən müharibəsindəki sovet xalqının tarixi qələbəsindən bir neçə gün sonra ədib sənətin qarşısında duran başlıca vəzifələri belə müəyyənləşdirmişdir:- “Biz müasir insanın qəlbini duya bilsək də, onun ürək çırpıntılarını aydın eşitməyi bacarsaq da, bütün bunları sənətin dilində eyni qüvvətlə oxucuya aşılaya bilmirik. Bu səbəbə görə də həyatı və insanları öyrənmək o qədər də asan deyildir. Biz öyrəndiyimizi bədii şüurdan keçirməli və başqalarına da eyni dərəcədə təsir göstərmək üçün bədii ifadə üsulları tapmalıyıq. M.Hüseyn sonrakı illərdə yazdığı əsərlər, xüsusilə Azərbaycan və rus ədəbi tənqidinin ciddi yaradıcılıq naliyyəti kimi qiymətləndirilmişdir. “Səhər” romanı ədibin əsl sənət yolu ilə müvəffəqiyyətlə irəlilədiyini göstərdi. Q.Korobelnikov yazır:- ” Mənim fikrimcə, Mehdi Hüseynin ən görkəmli və yetkin əsəri – “Səhər” tarixi romanıdır. Romanda müəllif Azərbaycan həyatının və adamlarının tam bir ensklopediyasını qarşımızda canlandırır,”- deyən İ.Qrinberqin mülahizələri də Azərbaycan ədəbiyyatşünaslarının fikri ilə səsləşir.

“Səhər” əsərində güclü insan xarakterləri yaratmağa nail olan M.Hüseyn hadisələrin cərəyan etdiyi şəraitin real lövhəsini canlandıranda müxtəlif tarixi faktlardan da istifadə etmişdir. 1906-cı ilin sonlarında baş vermiş fəhlə tətillərindən təsviri ilə başlanan əsər elə ilk səhifələrdən konkret şərait aydın hiss edilir. İnqilab müvəqqəti geri çəkilir, vəziyyət mürəkkəbləşir və polis təqibləri mübarizəni dayandırır, fəhlə sinfini daha ciddi döyüşlərə hazırlayırdılar.

Birinci rus inqilabından sonrakı Azərbaycan həyatının geniş lövhələrini əks etdirən “Səhər” ramonının mərkəzində əsasən azadlıq uğrunda ümumxalq mübarizəsi dayanır. Əsərin ilk səhifələrindən hiss edilir ki, artıq yeni zəmanə başlamışdır. Romanovlar xanədanının bütün istismarçılarının hakimiyyəti kökündən laxlayır, xalq artıq əsrlərlə dözməyə məcbur olduğu qayda-qanunlarla yaşamaq istəmir. “Səhər” romanının bəzi epizodlarını əks etdirən Məşədi Əzizbəyov surəti tamamilə qanunauyğun hesab edilir. Mətin inqilabçının surətinin bütövlüyü baxımından M.Əzizbəyov hümanist duğular bədii vasitələrlə işlənmişdir.

Mehdi Hüseynin ədbi-estetik baxışları bilavasitə yaradıcılıq axtarışları prosesində qızğın ədəbi mübahisələrin gedişində formalaşmışdır. Yazıçı və tənqidçi kimi yaradıcılığı boyu müasirliyin carçısı olan ədib müasir mövzuların mənimsənilməsinin və qiymətləndirməsinin tərəfdarı olmuşdur. Sənətdə yeniliyi əsl novatorluğu görməsinə və düzgün qiymətləndirilməsinə əsaslı şəkildə zəmin yaradan ədib baxışlarının formalaşmasında klassik dünya ədəbiyyatı və rus tənqidinin böyük rolu olmuşdur. Bu yaradıcılıq metodu, ədəbiyyat və sənətlə əlaqədar başlıca fikirləri ədəbi prosesə tətbiq etmə prosesində də özünü göstərirdi.

Nasir və dramaturq, publisist və tənqidçi Mehdi Hüseyn Azərbaycan sovet ədəbiyyatının beşiyi başında duran istedadlı yazıçılardan biri kimi sənət aləminə gəlmiş, qırx il müddətində yorulmadan axtarışlar aparmış, çoxmillətli sovet ədəbiyyatının görkəmli nümayəndələrindən biri kimi tanınmışdır.