Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı

Azərbaycan realist nəsrinin böyük nümayəndələrindən olan maarifpərvər yazıçı Süleyman Sani Axundov 40 illik yaradıcılıq yolu keçmişdir.
M.F.Axundovla başlanan nəşr və dramaturgiya yolunu davam etdirən N.Vozİrov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə kimİ böyük yazıçılar sırasında Süleyman Sani orijinal bir yer tutur. Həm ictimai, həm də ədəbi fəaliyyəti ilə o, böyük demokrat, yorulmaz maarifçi, istedadlı sənətkar kimi XX əsr Azərbaycan ədəbiyyatı tarixində şöhrət qazanmışdır.
Süleyman Sani Rzaqulu bəy oğlu Axundov 1875-ci il oktyabr ayının 21 -də Şuşa şəhərində bəy ailəsində doğulmuşdur. Hələ körpə İkən atasız qalan Süleymanın təlim-tərbiyəsi. ilə dayısı, görkəmli maarif xadimi Səfərəli bəy Vəlibəyov (1861-1902) məşğul olmuşdur. Süleyman Sani 1885-ci ildə Qori müəllimlər seminariyasına daxil olmuş, burada milli, klassik rus və dünya ədəbiyyatı ilə dərindən tanışlıq onun dünyagörüşünə faydalı təsir göstərmişdir.
1894-cü ildə seminariyanı bitirən Süleyman Sani Bakıdakı III dərəcəli rus-tatar məktəbinə müəllim təyin edilmişdir. Həmin ildən o, tərəqqipərvər maarifçilərlə birlikdə xalqı cəhalətdən qurtarmaq, gənc nəsli mütərəqqi ideyalarla tərbiyələndirmək işində var qüvvəsi ilə çalışmışdır. O, ədəbi-ictimai, pedaqoji fəaliyyətinin bütün dövrlərində xalq mənafeyini müdafiə etmişdir.
1906-cı ildə Bakıda çağırılan müəllimlər qurultayında fəal iştirak edən Süleyman Sani ərəb əlifbasını islah etmək üçün faydalı təşəbbüs göstərmiş, həmin qurultayda ana dilində proqram tərtib etmək üçün ayrılan komissiyaya seçilmiş, 1908-ci ildə A.Şaiq, M.Mahmudbəyov və başqa qabaqcıl maarif xadimləri ilə birlikdə Azərbaycan pedaqoji fikri tarixində mütərəqqi bir hadisə olan məşhur ”İkinci il” dərsliyini tərtib etmişdir. Dərsliyin müəllifləri yenicə oxuyub yazmağa başlayan azəri balalarına çatdırmaq istədikləri tərbiyəvi fikirləri sadə, aydın, uşaq təfəkkürünün tez dərk edə biləcəyi bir üslubda qələmə almışdılar. Bununla həm də dilimizin saflığını qoruyub saxlamışlar.
Süleyman Sani olduqca həssas, şagirdlərin qəlbinə yol tapa bilən ustad müəllim idi. Bu keyfiyyət onun geniş psixoloji, pedaqoji biliyə malik olmasından irəli gəlirdi. Bakıdakı yoxsul ailələrdən olan yüzlərlə uşaq onun dostu idi. O özünün yüksək mənəvi keyfiyyətləri, qabaqcıl fikri, ensiklopedik biliyi, ciddiliyi, səmimiliyi, tələbkarlığı ilə ictimaiyyətin dərin hörmətini qazanmışdır. Təsadüfi deyildir ki, Süleyman Saninin direktor olduğu məktəb onun adı ilə çağırılırdı.
1918-ci ildə Bakıda sovet hakimiyyəti qurulanda o, Azərbaycanda ilk maarif komissarı kimi böyük həvəslə çalışmışdır.
1920-ci il mayın 25-də Gəncə qiyamı yatırıldıqdan sonra həmin il iyun ayının əvvəlində belə bir qiyam Qarabağda baş verir. Qiyamı yatırmaq üçün ciddi tədbirlər hazırlanır. XI Ordu hissələri Qarabağa gəlir. AK(b)P MK və Azərbaycan İnqilab Komitəsi Dadaş Bünyadzadə və Çingiz İldırımı Qarabağa göndərir. Azərbaycan İnqilab Komitəsi tərəfindən göndərilən nümayəndələr sırasında Süleyman Sani də vardı.
1920-cİ ildə Qarabağ İnqilab Komitəsinin qərarı ilə Süleyman Sani bir sıra partiya və dövlət tapşırıqlarını yerinə yetirir. Həmin il avqustun 9-da Qarabağ vilayəti maarif şöbəsinə müdir təyin edilir. O, maarif işində həvəslə işləyir; Qarabağ və Zəngəzurda məktəb, uşaq evi, klub, qiraətxana və başqa mədəni-maarif ocaqlarının açılmasında fəal iştirak edir. Azərbaycanda mədəni maarif işlərinin möhkəmlənməsinə çalışır.
1922-ci ildə S.Sani M.Mahnıudbəyov, S.Əbdürrəhmanzadə, F.Ağazadə, A.Şaiq, Ə.Əfəndizadə ilə birlikdə “Yeni türk (Azərbaycan – N.V.) əlifbası” dərsliyini yazır. Həmin ildə o, “Azərbaycan ədib və şairlər ittifaqı”nın sədrliyinə seçilir və ədəbi gəncliyin tərbiyələnməsi üçün böyük əmək sərf edir. 1923-cü ildən nəşrə başlayan “Maarif və mədəniyyət”, “Şərq qadını” jurnallarında dövrün tələbləri İlə səsləşən bir sıra hekayələrini çap etdirir.
S.S.Axundov Azərbaycan teatrının əlli illiyi münasibəti ilə Ə.Haqverdiyev, N.Vəzirov, T.Şahbazi, S.Qənizadə, Ə.Cəfərzadə ilə birlikdə “Azərbaycan-türk teatrosunun müxtəsər tarixçəsi”ni yazır. 1923-cü ildə Bakıda Azərnəşrin nəzdində məktəbdənkənar oxu kitabları tərtib edən komissiyanın işində fəal çalışır. Bütün bu və başqa dəlillər göstərir ki, 20-ci illərdə Süleyman Sani xalqın ictimai-mədəni inkişafı üçün böyük əmək sərf etmiş, ictimai xadim kimi xalqın etimadını qazanmışdır.
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi 1932-ci ildə Süleyman Sani Axundovun pedaqoji-ədəbi, həmçinin ictimai-mədəni fəaliyyətini nəzərə alaraq ona Əmək qəhrəmanı adı vermişdir.
Süleyman Sani Axundov 1939-cu ü mart ayının 29-da Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn edilmişdir.
Süleyman Saninin yaradıcılığı zəngin və çoxcəhətlidir. M.F.Axundov realist ədəbi məktəbi zəminində yetişən Süleyman Sani ictimai-bədii fikir tariximizdə hekayə ustası, görkəmli dramaturq, komedioqraf, məşhur xalq müəllimi, mədəniyyət xadimi kimi də tanınmışdır.
Süleyman Sani dramaturgiyamıza M.F.Axundovun məşhur “Hacı Qara” əsərinin təsiri ilə yaxdığı “Tamahkar” (1899) komediyası ilə gəlmişdir. Bu pyesində o, dövrün bir sıra mənfiliklərinə, o cümlədən xəsisliyə, tamahkarlığa, qadın əsarətinə qarşı çıxmış, feodal adət, ənənələrinə nifrət edən İmran, Gülzar, Şərəf xanım kimi müsbət surətlər yaradaraq, yeni nəsli həqiqətə, fədakarlığa sövq etməyə, oxucu və tamaşaçılarda gözəl həyat arzulan oyatmağa çalışmışdır.
“Tamahkar” sadə, aydın dildə yazılmış realist komediyadır, Bu əsərde müəllif gülüşün müxtəlif təsvir vasitələrindən təbii şəkildə istifadə edir. Oxucu və tamaşaçı burada yazıçının real surətlər arxasında onun müsbət idealını aydın görür.
Əsərin mənfi komik qəhrəmanı Hacı Muraddır. Dramaturqun realizminin qüvvətli cəhətlərindən biri Hacı Muradın yadda qalan səciyyəvi xüsusiyyətlərini – xəsisliyini, tamahkarlığını, qorxaqlığını, ikiüzlülüyünü, hiyləgərliyini və sair çirkin sifətlərini onun sözləri ilə hərəkətlərinin vəhdətində əks etdirməsindədir. Yazıçı, satirik obrazının mənfi, eybəcər sifətlərini nümayiş etdirib ona gülməklə kifayətlənmir, xəsisin mənfiliyini, mənəvi boşluğunu, gülünclüyünü, onun mənsub olduğu zümrəyə də şamil edir. Bu cəhəti ümumiləşdirmək üçün o, Hacı Muradla ikinci xəsis Məhərrəm bəyi qarşılaşdırır. Qarşılaşdırma prosesində hər iki mənfi tipin varlanmaq üçün bir-birinə hiylə gəlmələri, xəsis və tamahkarlıqdan, fərdiyyətçilikləri aydın nəzərə çarpır. Məsələn, Hacı Murad 18 yaşlı, gözəl, ağıllı, ismətli qızı Gül-zarı qoca Məhərrəm bəyə satmaq niyyəti ilə özü kimi heç bir təqdirəlayiq olmayan bu xəsisi aslana, tərlana, gənc və sədaqətli İmranı isə tülküyə, sara bənzədir. Dramaturq, bununla tamahkar Hacı Muradın nifrətəlayiq gülünc qayəsini, böhtançı sifətini onun öz sözləri ilə ifşa etmişdir. Müəllifin xəsislərə nifrəti onların varlanmasına şərait yaradan cəmiyyətə nifrət səviyyəsinə qalxır. Yeri gəlmişkən xatırladaq ki, Süleyman Sani ilə dostluq, yaradıcılıq əlaqələri olmuş Nəriman Nərimanov “Həftə fəryadı” adlı felyetonunda (“Həyat” qəzeti, 19 may 1906-cı il) “Tamahkar”dakı realizmin bu cəhətinə yüksək qiymət vermişdir. Yazıçı realizminin qüvvətli cəhətlərindən biri də feodal adət-ənənələrinə nifrətinin işıqlı gələcəyi olan gənclərə məhəbbətindən doğduğunu əks etdirməyə çalışmasındadır. Bu da onun mütərəqqi demokratizm humanizmi ilə bağlıdır.
1906-cı ildə Süleyman Sani burjua cəmiyyətini və əxlaqım ifşa edən kiçik formalı komediyalarını – “Dibdat bəy” və “Türk birliyi”ni yazır. Bu pyeslərdə o, duma seçkilərinə mollanəsrəddinçilər mövqeyindən baxmışdır. Hər iki komediya ilə S.S.Axundov dramaturgiyamıza ictimai-siyasi mövzu gətirmişdir.
S.Saninin bədii yaradıcılığının yeni yüksəliş mərhələsi 1920-ci illərdən başlayır. Ö, sovet dövrü Azərbaycan dramaturgiyasında ilk dramın – “Laçın yuvası” (1921) müəllifi olduğu kimi, inqilabi mövzulu pyeslər: “Çərxi-fələk” (1921), “Qaranlıqdan işığa” (1921), realist faciə – “Eşq və intiqam” (1922) və komediya janrının ilk nümunələri də – “Molla Nəsrəddin Bakıda” (1921), “Şahsənəm və Gülpəri” (1921), “Bir eşqin nəticəsi” (1922), “Yeni həyat” (1923) onun qələmindən çıxmışdır.
S.S.Axundovun Azərbaycan dramaturgiyası tarixində novatorluğu ondadır ki, o, zamanın yeni tələblərini, yeni inqilabi məsələlərini 1921 -ci ilin aprelində yazıb qurtardığı “Laçın yuvası” dramında və bir sıra başqa pyeslərində göstərə bilmişdi. Yuxarıda adlarmı çəkdiyimiz səhnə əsərlərində S.Saninin realizmi yeni keyfiyyət kəsb edir.
Bu keyfiyyətin sovet dövrü Azərbaycan ədəbiyyatında ilk nümunəsini ‘”Laçın yuvası”nda görürük. Yazıçı bu əsərində dramaturgiyamıza qəhrəmanlıq pafosu, xalq mənafeyini hər şeydən üstün tutan Cahangir kimi bir surət gətirmişdir. Akademik M.Arif “Laçın yuvası” haqqında yazır ki, bu dram, eyni zamanda, ədəbiyyatımızın böyük bir qələbəsi idi.
Əsərdə inqilabi qüvvələrin əksinqilabçılarla apardığı mübarizə barışmaz toqquşmalarla təzahür edir.
Yeniliklə köhnəliyin, sosialist şüuru ilə bəy, mülkədar şüurunun mübarizəsi əsərdə əsas konflikt kimi sakitləşməyən, hadisədən-hadisəyə gərginləşən situasiyalarda verilir. Belə barışmaz konflikti dramaturgiyamıza gətirməklə Süleyman Sani böyük bir sənətkarlıq istedadı nümayiş etdirmişdir.
“Laçın yuvası” əsərində Əmiraslan ağanın intiharı, Cahangirin ailəsinin başına gələn faciə, Cahangir üçün bir növ nikbin faciə xarakteri daşıyır ki, bu da əsərin mövzusu ilə əlaqədar olaraq Süleyman Saninin dramaturgiyamıza gətirdiyi yeni keyfiyyət idi. Dramın amalında yeniliyin köhnəliyə qalib gəlməsi əsərə nikbinlik, qəhrəmanlıq ruhu aşılayır. Bununla da Cahangirin ailə faciəsi kölgədə qalır. Bu yeniliyə zidd olan qüvvələrin faciəsinə çevrilir.
“Laçın yuvası” kamil ideya-bədii xüsusiyyətləri ilə seçilən sovet dövrü ilk Azərbaycan dramıdır. Sovet hakimiyyətinin qurulmasının ildönümü münasibəti ilə pyes yazmaq üçün elan edilən dövlət müsabiqəsində bu əsər birinci mükafata layiq görülmüşdür.
“Eşq və intiqam” əsəri beş pərdə, yeddi şəkildə realist faciədir. Əsərin mövzusu bolşevik inqilabından əvvəlki Azərbaycanda insanları fəlakətə salan vəhşi adət-ənənələrdən, mülkədar və bəylərin törətdiyi qanlı faciələrdən, gəncliyin bu müsibətlərdən xilas olmaq cəhdlərindən, onların azad məhəbbətindən, haqsızlığa qarşı mübarizə edənlərin həyatından bəhs edir.
“Eşq və intiqam” ilhamla yazılmış əsərdir. Burada surətlərin intellektual aləmi, fərdi xüsusiyyətləri əlvan realist boyalarla təsvir olunmuş, öz xarakteri, ədası, hərəkət və düşüncə tərzi ilə bir-birindən fərqlənən surətlər yaradılmışdır. Əsərdəki obrazlar canlı və dolğun verilmişlər. Faciə həm də gözəl insani sifətlərin qabarıq verilməsi baxımından 20-ci illərin dramaturgiyasında yeni hadisə idi.
S.S.Axundovun “Tənqid və təbliğ” teatrında tamaşaya qoyulan pyesləri də o dövrün tələblərinə cavab verən əsərlər idi. “Çərxi-fələk” (1921) pyesində dramaturq, istismarçı sinfin inqilabi mübarizə yolu ilə devrildiyini simvolik şəkildə əks etdirir, fəhlə sinfinin bu mübarizədə hegemonluğunu Bahadır surətində göstərməyə çalışır.
Yazıçının maraqlı pyeslərindən biri də “İki yol” (1922) əsəridir. Pyesin konflikti yeniliklə köhnəliyin mübarizəsi üzərində qurulmuşdur. Əsərin qəhrəmanı gənc ziyalı, aktyor Məmməddir. Ö, azad, saf məhəbbətin tərəfdarıdır, eyni zamanda teatrı kəsərli, əhəmiyyətli tərbiyə vasitəsi hesab edir.
Keçmişdən qalma mənfi adət-ənənələrin tənqidi, yeni əxlaq normalarının köhnə mühafizəkar əxlaqi normalar üzərində qələbəsi, komediyada müsbət surətlərdən cəsarətlə istifadə etmək meyli Süleyman Saninin “Molla Nəsrəddin Bakıda”, “Şahsənəm və Gülpəri”, “Bir eşqin nəticəsi”, “Yeni həyat” məzhəkələrinin ideya-bədii xüsusiyyətlərini təşkil edir.
Sovet dövrü Azərbaycan dramaturgiyasında bioqrafik formada yazan ilk sənətkar Süleyman Sanidir. Onun “Molla Nəsrəddin Bakıda” məzhəkəsi böyük inqilabçı-demokrat C. Məmmədquluzadəyə həsr edilmişdir. Burada o, Molla Nəsrəddin surətini ilk dəfə səhnəyə çıxarır, onun köhnəliyə qarşı çevrilən satirik gülüşünün ictimai məzmununu açır, Cəlil Məmmədquluzadənin bir şəxsiyyət kimi bezi xarakterik sifətlərini göstərir.
“Şahşənəm və Gülpəri”nin konflikti hüququnu anlayan, ictimai həyatın atılmaq istəyən qadınlar ilə yeniliyə qarşı çıxan köhnə fikirli ərlərin mübarizəsi üzərində qurulmuşdur.
“Bir eşqin nəticəsi” komediyasının konfliktini də yeniliklə köhnəliyin mübarizəsi təşkil edir. Dramaturq, azyaşlı qıza evlənmək istəyən qoca Kərbəlayı Nəbi kimi tüfeyliləri gülüş hədəfi edir. Dramaturqun yeniliyi ondadır ki, o, feodal əxlaqının gülünclüyünü, ölümə məhkumluğunu komik vəziyyətlərdə göstərməklə yanaşı, yeni insanın qələbəsini də əks etdirir.
Ailə və məişətdə yeniliklə köhnəliyin nıübarizəsini təbii situasiyalarda, bitkin süjet xettində göstərən məzhəkələrindən biri də “Yeni həyat”dır. Bu əsərdə qaldırılan məsələlər də ictimai-siyasi əhəmiyyətə malikdir. Dramaturq burada usta imanların dindarlığını tənqidə tutur, yeniliyi qəbul etməyənləri acı yumorla tənqid edir.
Süleyman Sani həm də orijinal nasirdir. Bizə məlum olan ilk hekayələri bunlardır: “Qonaqlıq” (1905), “Kövkəbi-hürriyyət” (1905), “Yuxu” (1905), Azərbaycan ədəbiyyatında məzmun, forma, üslub etibarı ilə yeni olan bu klassik əsərləri ədib, 1905-ci il inqilabın təsiri ilə yazmışdır.
Bu hekayələrdə inqilabi nəğmə qanadlı bir qəlb çırpınır. Burada bir xatirə, bir işarə və bəzən ildırım kimi yanıb-sönən bir işıq verilmişdir. Lakin yeni işıqda biz bir aləmi, böyük gələcəyi görürük. Süleyman Sani “Tutu quşu” (1909) hekayəsində də aktual məsələyə toxunmuşdur. Ədib təxminən bit səhifə həcmində olan bu hekayəsində təqlidçiləri, ana dilinə xor baxanları Tutu quşunun simasında ifşa etmişdir.
XX əsr Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında, inkişafında Süleyman Saninin böyük xidməti vardır. Ədib, “Qorxulu nağıllar” (1912-1914) başlığı altında yazdığı “Əhməd və Məleykə”, “Abbas və Zeynəb”, “Nurəddin”, “Qaraca qız” əsərləri ilə Azərbaycan uşaq ədəbiyyatına forma, məzmun, üslub yenilikləri gətirmişdir.
“Qaraca qız” (1913) ədibin nəsr yaradıcılığının şah əsəridir. Yazıçı Qaraca qızın simasında ədəbiyyatımızda ilk dəfə olaraq zəhmətkeş ailəsindən olan uşağın bitkin, çox təsirli, parlaq, eyni zamanda unudulmaz surətini yaratmış, onda nəcib arzular təcəssüm etdirmişdir.
“Qaraca qız” klassik Avropa və rus uşaq ədəbiyyatı nümunələri arasında belə özünəməxsus bədii, ictimai-əxlaqi, estetik dəyəri ilə seçilən, fərqlənən sənət əsəridir.
“Qorxulu nağıllar” başlığı altında yazdığı hekayələrindən biri də “Əşrəf”dir (1914). Bu hekayəni edib, Əşrəf adlı şagirdinə ithaf etmişdir. Hekayənin süjet xəttində balaca Əşrəfin ata-anasından didərgin düşdükdən sonra Nikolay İvanoviç adlı bir rus müəlliminin himayəsinə alınmasını göstərən canlı, maraqlı bədii tövhələr, müəllifin, uşaq psixologiyasına dərindən vaqif olmasını əks etdirən epizodlar oxucunun yaddaşında uzun zaman qalır.
Süleyman Saninın yazmış olduğu “Qanbulağı” (1923), “Ümid çırağı” (1923), “Cəhalət qurbanı” (1923), “Nə üçün?” (1925), “Təbrik” (1925), “Sona xala” (1926), “Namus” (1926), “Mister Qreyin köpəyi” (1927), “Son ümid” (1927), “İki dost, iki düşmən” (1927), “Gənc maşinistka və qoca yazıçı” (1935) hekayələri sovet dövrü Azərbaycan nəsrinin ilk nümunələrindəndir.
Sağlam qayəli, eyni zamanda aydın, sadə üslubda əlvan boyalarla yazılan bu hekayələrdə ədib, gənc sovet nəşrinin ideya-estetik tələblərinə cavab verən bir sıra aktual məsələlərə toxunmuş və onların bədii həllini verməyə çalışmışdır. Zərərli adət-ənənələrin ifşası, dini xurafatın qalıqlarına qarşı mübarizə, azəri qadınlarının ictimai həyata atılması, yeniliyin köhnəlik üzərində qələbəsi – bu hekayələrdə qabarıq şəkildə əks etdirilmişdir.
Ədibin hekayələrini mövzuca iki qismə ayırmaq olar: bunlardan bir hissəsi keçmiş, ikinci qismi isə müasir həyatdan alınmış əsərlərdir. istər keçmişdən, istərsə də müasir həyatdan aldığı mövzuları işlərkən o, həmişə xəlqiliyə sadiq idi. Keçmiş dövrdən yazdığı hekayələrində oxucunu düşündürən, mühakimə yürütməyə sövq edən həzin lirika qabarıq şəkildə nəzərə çarpır.
S.S.Axundov nəsrindəki lirizm surətin hisslərini, fikirlərini, vəziyyətini, təsvir etdiyi həyatın konkret nöqtələrini, çox yığcamlıqla əks etdirməyə yönəldilmişdir. “Cəhalət qurbanı”, “Ümid çırağı” hekayələrində hadisələr lirik tərzdə hissiyyatla əks etdirilir. Yazıçı lirikanın həm məhəbbət, həm də siyasi formasına müraciət etmişdir. Qan intiqamının, nəsil ədavətinin ifşasına, saf məhəbbətin tərənnümünə həsr edilən “Qan bulağı”nda məhəbbət, zəhmətkeşlərin dözülməz həyatmı əks etdirən “Nə üçün?” hekayəsində siyasi lirizmin ünsürləri qabarıq şəkildə görünür. Bu əsərlərdə ədibin təsvir üsulu lirika ilə bağlıdır.
Süleyman Saninin keçmiş həyatdan aldığı mövzular əsasında yazdığı hekayələrinin bədii metodunun mühüm bir cəhəti vardır. Ədib “Qaraca qız”, “Cəhalət qurbanı”, “Ümid çırağı” hekayələrində ağıllı, nəcib, gözəl arzularla yaşayan Qaraca qız, Tamam, məktəbli surətlərinin faciələrində belə bir fikri də açır ki, adlarını çəkdiyimiz gözəl insanlar ölsələr də, öz zəngin mənəviyyatı, insani keyfiyyətləri, xoş niyyət və arzulan ilə onları müsibətlərə düçar edən ədalətsiz quruluşdan, bu mühitin çirkin niyyətli adamlarından yüksəkdə dururlar.
Obraz və hadisələrin təsvirindəki yığcamlıq, bitkin xarakterlər, hadisələrin təbii inkişafını ustalıqla əks etdirmək, oxucunu düşündürüb müəyyən əxlaqi-tərbiyəvi nəticəyə gətirmək, xalq ədəbiyyatı nümunələrindən məharətlə istifadə etmək, onlara müəyyən yer vermək, əhvalatlılıqdan qaçmaq, sadə, aydın dil – S.S.Axundov nəsrinin əsas məziyyətlərindəndir.
“İctimai rəyin klassik saydığı” qüdrətli sənətkarlardan olan Süleyman Saninin ədəbiyyatımızın inkişafı tarixində böyük xidməti vardır. Onun əsərləri bütün oxucular tərəfindən sevilir və ədib ehtiramla yad edilir.
Yazıçı «Kövkəbi hürriyyət» hekayəsində Süleyman peyğəmbərin dövründə baş verən Şahzadənin nağılını qələmə almışdır. Şahzadə şimalda yaşayan bir tayfa haqqında nağıl edərək deyirdi: Tayfanın vətəni cənnəti xatırladırmış. Lakin bu torpağın adamları çox pis bir mərəzə tutulurlar. Belə ki, 18 yaşında olan cavanların sacı saqqalı ağarıb, beli ikiqat olurdu əlləri-ayaqları əsir gözlərinin nuru gedir 80 yaşında qocaya donurdu.
Bu xalqın adamlarından 25 yasa çatan olmamışdır. Bir gün bu tayfa yığışıb mərəzlərinə çarə axtarırlar. Tayfadan biri kürsüyə qalxaraq deyir: Qardaşlar biz özümüz bu azara çarə tapa bilmədik mənim başıma bir fikir gəlib: Asiya torpağında alim bir şəxs var . O hər dərdə çarə tapır. Bir nəfəri onun yanına göndərin. O bizə əlac edər. Həmin adam alimin yanına gəlib əhvalatı ona danışır. Alim deyir: Bu azarın dərman kövkəbi-hürriyyətin şəfaətidir. O, ulduz torpağınızın Şərq tərəfində bir dağ dalında pünhandır. O dağ təbii deyil. Onu divlər hörüb. Sizi Kövkəbi- hüriyyətdən məhrum edib. Nə zaman onu dağıtdınız bədənlərinizi bu bəladan xilas olacaq. Elçilər alimə razılıq edib öz vətənlərinə qayıtdılar və vətəndaşlarını yığıb əhvalatı onlara başa saldılar. Onlar bel-kürək götürüb alimin dediyi dağı tapıb onu dağıtdılar. Kövkəbi-hüriyyətin üzü açıldı. Onun şöləsi üstlərinə düşən kimi hamını öz cavanlığına qaytardı. İnsanları ruha gəlib alt libasını geyib bayram etdilər. Lakin şadlıqları uzun sürmədi. Bir müddət keçəndən sonra qara buludlar Kövkəri-hüriyətin üzünü tutub onu yenə pünhan etdi. İnsanlar yenidən bədbəxtliyə düçar oldu.
Yazıçı S.Sani Axundov «Yuxu» hekayəsində yazırdı: gözlərim heç bir şeyi seçmirdi, lakin ayaqlarımın altında torpaq olduğunu hiss edirdim yavaş-yavaş gözlərim zülmətə öyrəşdi gözlərimin önündə qoyun sürüsü gördüm sürüyə tərəf yönləndim. Yaxınlaşanda belə bir səkil gördüm qoyunlar baslarını yerə əyib guya otlamaq istəyirdilər, lakin hərəkətsiz dayanmışdı mən təəccübdə ikən gözümə bir meşə və çay sataşdı meşədə çoxlu heyvan və qus var idi. Onlarda hərəkətsiz durmuşdular məni heyrət götürdü bu anda sağ tərəfimdə qəbiristan və orada insanlar gördüm.
Yaxınlaşanda onların da dərin yuxuya getdiklərini gördüm. Bu zaman gözümə bir günbəz göründü. Yaxına getdim. Onun heç bir qapısı yox idi. Lakin mərmər divarın üstündə barmaq işarəsi qapı olduğunu göstərdi. Diqqətlə baxdıqda bu yazını seçdim: Bura zülmət ətamətidir». Bir qədər getdikdən sonra bir meydana çıxdım. Burdan yetmiş iki yol ayrıldı. Bunlardan hansı məni işığa çıxarar deyə qarşıma çıxan qapını açdım. Günəş üzümə düşüb məni oyatdı. Küçədən İrşad, irşad, təzə qəzet sədası gəlirdi.
Qonaqlıq – hekayəsində yazıçı qonaqlıqda yeyib içdikdən sonra oralığa düşən bəhsdən söhbət açır. Belə bir sual çıxır: Hökumətin sütunu kimdir. Kimi deyir bəylər, kimi deyir tacirlər, alim deyir: hökuməti yaşadan bizik. Hökumətin sütunu bizik. Bizsiz hər şey dağılıb məhv olar. Rəiyyət isə özünü öyərək deyir: bizik hökumətin sütunu.
Bu zaman bir zabit dedi: söylədiklərini təsdiq edirəm. Lakin düşmən vətənin üstünə hücum edikdə müdafiə edən bizik. Ona görə də hökumətin sütunu bizik. Qonaqlar eyvana çıxıb qəlyan, siqar, çəkmyə başladılar. Bəhs yenə təzələndi. Həmin vaxtda qoca bir kəndli arabadan taxıl kisələrini fəhlələrin dalına verirdi. Onlar da anbara yığırdılar. Ev sahibi bəy dedi: o qoca kəndlidən soruşaq, nə desə ona razı olaq. Razı olub qocadan soruşdular: Qoca kəndli dedi: Ey ağalar, düzünü axtarsanız, hökümətin sütunu biz kəndlilərik. Bunu deyib cəld işinə getdi:
Tutuquşu: – Nağıl edildiyinə görə çöl-çəpəri dağılmış, gülləri solmuş, ağacları yaşı qurumuş bir köhnə bağ varmış. Bağdakı quşlar burada çox məşəqqətli gün keçirirdilər. Günlərin bir günündə bağa bir bülbül uçub gəlir və bir neçə nəğmə oxumaqla quşları başına yığır. Bülbül quşlara bir nitq söyləyir. Bu nitqdən quşlar bir şey anlamasalar da yenə onu alqışladılar. Sonra bülbül özünün gözəl məkanını buraxıb bura nə üçün gəldiyinin səbəbini bəyan etdi: Mənim əziz qardaşlarım! Mən yaşıl çəmənləri, laləzar gülşənləri buraxıb bu viranəyə gəldim ki, siz bədbəxt qardaşlarımı da özüm kimi musiqi işlərinə aşina edim. Bunu deyib bülbül oxumağa başladı. Bağda olan quşlar hərə öz bildiyi dildə oxumağa (qarrıldaşmağa) başladı. Ancaq bircə tutuquşu bülbülün təqlidini çıxartdı. Axırda bülbül quşlardan naümüd olub onları tutuquşuna tapşırıb öz vilayətinə getdi. Bulbül gedəndən sonra tutuquşu bülbülün ədası ilə bir «konsert» məclisi düzəltdi. Dəvət edilmiş qonaqlar gəldilər. Nəhayət tutuquşu uca bir yerə çıxıb quşların təqlidini çıxartdı. Siçan bunu eşidib dedi: Ay tutu dayı! Qabaqlarda pis də olsa öz ana dilində oxuyurdun. İndi bülbülün də adını biabır etdin. Hər tərəfdən avara qaldın.
Yazıçının yazdığı hekayələrdə oxucunu düşündürən, mühakimə yürütməyə sövq edən həzin lirika qarıq şəkildə nəzərə çarpır. Belə diqqət cəlb eləyən hekayələrindən biri də iki gəncin nakam məhəbbətindən bəhs edən «Qan bulağı» hekayəsidir. Hekayədə belə nağıl edilir ki, isti yay günlərinin birində dağların arası ilə uzanan əyri-üyrü yol ilə iki atlı gedirdi. Bunlardan biri iyirmi yaşında gənc, digəri isə yetmiş yaşında qoca idi. Bunların yaşları arasında bu qədər fərq olduğu halda zahirlərində bir qədər fərq görünmürdü. Hər ikisinin əynində çuxa, başlarında paraq, bellərində qılınc var idi. Dağlardan enib qaya döşü ilə gedirdilər. Günorta vaxtı idi. Hər iki suvari susamışdı. Ələlxüsus gənc daha çox susamışdı. Birgən gəncin qulaqlarına su səsi gəldi. Baba, irəlidən su səsi gəlir, deyə cavan atını sürdü. Qoca təbəssüm ilə ona nəzər saldı. Gənc bulağa çatanda suyun rənginin qırmızı olduğunu görür, çox susadığı üçün sudan içmək istəyir. Bu nə cür sudur deyib ayağa qaxır. Qoca deyir: Oğlum bu «qan bulağı»dır. Onun suyu yerin alğından yerin altında dəmir ilə qarışmışdır, ona görə də qırmızıdır. Cavan qocaya sual verir: Bu adı nə üçün bulağa vermişlər? Oğlum, bulağın hekaysini sənə söyləyərm. Əvvəlcə atını buraya sür, orda içməli suyu olan bulaq var. Əvvəl nahar edək, sonra hekayəni sənə danışaram. Nahardan sonra qoca yapıncasını yerə sərib uzandı. Bir azdan sonra qoca gözlərini açıb dərindən bir ah çəkib dedi: Oğlum, bu dərə bu torpaq iki yerə bölünürmüş. Belə rəvayət edirlər ki, qədim zamanlarda dərənin o tərəfində böyük bir qəbilə və onun başında Misirxan adında böyük bir başçı, digər tərəfdə isə Surxay xanın başçlığı ilə tayfalar yaşayırmış. İki tayfa arasındakı qan davası davam edirmiş. Və bu davada çox cavanlar məhv olurlar. Nəhayət bir gün Surxay xanın bir oğlu Misir xanın isə bir qızı olur. Misir xan qızı olduğunu gizlədərək onu oğlan kimi böyüdür. Misir xan oğluna Teymur xanın adını verir. Sirrini pünhan etmək üçün qayanın döşündə bir köşk bina tikib, orada yaşayır. Bu tərəfdə də Surxay xanın oğlu Paşa xan igidlikdə və gözəllikdə mşhur olur. Bu iki uşaq böyüyür on səkkiz yaşına çatır. Bunların igidliyi ətrafa yayılır. Bir gün düşmən olan hər iki tayfanın uşaqları qarşılaşır və döyüşməyə qərar verirlər. Paşa xan Teymur xanı yaralayır. Teymur xan yıxılır. Qan çeşmə kimi sinəsindən axıb baharın tər otlarını və çiçəklərini boyayır. Paşa qılıncını atıb Teymur xanın yarasını baglamaq ucun sinəsini acır və qışqırır; bu ki qadındır deyir Paşa xan Teymur xanın başını dizləri üstüna alıb deyir: toxta gözəlim, toxta. Paşa da səninlə gedir. Bunu deyib Paşa xan xəncərini çıxarıb öz sinəsinə vurur və Teymur xanı sinəsinə alıb deyir: İndi qoy mənim də qnım səninkinə qarışsın.
Qoca söhbətin yekun verib deyir: Oğlum, o vaxt bu dağlarda zəlzələ zühur edir və həmin yerdən dağ alralanıb bu iki növcavanı ağuşuna alır. Bir müddət keçdikdən sonra gördüyün bu qan bulağı qaya arasndan sızmağa başlayır. Rəvayətə gör həmin bulağın suyu Paşa xan ilə Teymur xanın qanından əmələ gəlmişdir. Yazıçı «Qan bulağı» hekayəsində köhnəliyə iki tayfa arasındakı qan düşmənçiliyini qələmə almışdır.
S.Sani Axundov «Ümid çırağı» hekaysində ilk baharın son gecəsində kiçik bir otaqda zəif çırağın şöləsində oturmuş, mütaliəsinə ara verib pəncərədən başını çölə çıarıb təmiz havanı ciyərlərinə çəkərək dərindən nəfəs alır. Gecənin dərin sükutu və zülməti gəncin qəlbinə xof salır, onu diksindirir. Bu nə uşaqdır deyə pəncrəni qapayb əvvəlki yerinə qayıtdı. Bu zaman nəzərləri masanın üstündəki cib saatına sataşdı. Gecə yarıdan keçmişdi. Lakin mən hazır deyiləm. Sabah son imtahanımı verəcəyəm. Kimsə yoxdur ki, mənə yardım etsin. Mənə ancaq səy və qeyrət lazımdır. Oxuyub həkim olacağam. Zavallı anamı məişətin bu ağır zəhmətindən xilas edəcyəm. Əli ilə o biri otğa işar edərək: yat anacığım dedi. Lakin anası yamamışdı. Gözlərini oğlunun qapısına zilləyərək düşünürdü. Bütün həyatımı sənin sədaqətinə həsr edəcəyəm deyə düşünürdü. Bir il qabaq bədbəxt bir hadisə nəticəsində qonşusuna zərər toxundurmuş, ona görə də ana daima qorxu içərisində yaşayırdı. Ana nə üçün durdun?- Deyə gənc soruşur. Bəs sən niyə yatmırsan deyə ana soruşdu. Ana, get yat, mənə mane olma deyə gənc anasına deyir. Sonra isə kitab oxumağa başlayır. Bir saat belə keçir. Qəflətən bir tüfəng açılır dağlar səda salır. Dərin sükutu pozur. Qadın çığırtısı yatmış qonşuları oyadır. Bir saat bundan əvvəl böyük ümidlərlı yaşayan gənc yerə sərilir. Qəddar bir düşmənin gülləsinə tuş gəlir. Sahibsiz ananın ümid çırağı sönür. Ümid çırağının zəif şöləsində ümidsiz ananın həzin qəlbləri oxşayan naləsi eşidənləri sarsıdırdı. Ümidləri sönmüş ananın ümid çırağı sönmüşdü.
Yazıçı «Cəhalət qurbanı» hekayəsini uşaqlıq xatirəsindən qəlbinə silinməz iz buraxmış sanki uzun müddət yox, dünən baş vermiş kimi xaırlayaraq qəmələ almışdır.
Bir gün əmim oğlunun altı yaşlı oğlu ilə oynayarkən qapımızın ağzında palanlı bir ata minmiş qoca bir kişi gördüm. Baba, kimi istəyirsiniz deyə soruşdum. Qoca əmim oğlu ilə görüşmək istədiyini dedi. Mən onu içəri dəvət etdim. O, əmim oğlu il görüşüb bir qədər söhbətdən sonra salamatlaşıb «Allah sizdən razı olsun mən qocanı ümidsiz qaytarmadınız» deyə atını minib getdi. Bundan bir neçə gün sonra həmin qoca üstünə 14 yaşında bir qız minmiş yüklü atın cilovunu, yanında da 17 yaşında digər bir qız ilə həyətə girdi. Əmim oğlu onlara xoş gəldin dedi. Qoca kiçik qızı atdan düşürtdü, sonra ata catılmış marfaşı açıb yerə saldı. Bu marfaşda bir qədər qab-qacaq və qeyri ev şeyləri vardı. Əmim oglu həyətdəki əski komanı göstərib dedi: – Budaq baba bizdə yemək yeyin bir qədər dincəlin, sonra mənzilinizi səliqəyə salarsınız. Çox razıyam deyə qoca cavab verdi indi qızlar mənzili təmizləyib palaz salarlar dedi: -Anam qabağa gəlib qızları otağa apardı. Budaq baba da atı rahat edib əmim oğluna qonaq oldu Anam qızlara yer göstərib oturtdu, sonra bacımı və məni göstərərək məni tanış etdi. Anam qızlar ilə mehribanlıq ilə danışaraq yemək hazırladı. Süfrəyə qoyub qızlar yemək təklif etdi. Lakin onlar utanıb yemədilər. Bacım qalxıb qızların əlindən tutub süfrə başına apardı. Bacıların bir-birinə bənzəmədiklərinə diqqət etdi. Qızların gözəlliyi o qədər məni cəlb etmişdi ki, qeyri-iradi kiçik qızdan sənin adın Göyərçinmidir deyə soruşdu. Qəflətən verdiyim bu sual qadınları güldürdü. Qız, xeyr mənim adım Gülbənd, bacımın adı isə Tamamdır dedi. Qızlar yeməklərini bitirib ayağa qalxdılar. Sağolun deyə gemək üçün anamdan icazə isədilər.
Yazın qızğın günləri idi. Biz uşaqlar vaxtımızın oxunu meyvə bağında keçirirdik. Heç unutmaram, bir gün bibim evinə getmişdim. Onların bağında gözünə ağacda qayrılmış bir alaçəhrə yuvasına sataşdı. Cəld ağaca dırmaşıb, əlimi yuvaya soxdum. Tüksüz ətcə balalarının üstündən ana alaçəhrəni tutub sevincək halda ağacdan endim. Bibimə görünmədən evimizə qaçdım. Həyətimizdə Tamama rast gəldim. Bibim sənə nə verdi-deyə o soruşdu. Heç zad vermədi deyə cavab verdim. Tamam məni utandırdı. O, anasız balaların halını təsəvvür edirsənmi dedi. Mən alaçəhrəni cibimdən çıxartdım. Havaya buraxdım. O sevincək uçub getdi. Tamam bir çox adətlərdən məni çəkindirdi. Dayım anamı yola gətirib məni oxumağa göndərmək istəyirdi. Anam və bacım ağlayıb məni buraxmaq istəmirdilər. Burda da Tamam mənə kömək etdi. O mənə yanaşıb dedi:
– Heç qüssələnmə, doqquz aydan sona yenə gələcəksən. Axır gözü yaşlı anam, bacım və sair – əqrəbam ilə görüşüb yola düşdüm…
Nəhayət yay tətili gəlib yetişdi. Üç gündən sonra gəlib evimiz çatdım. Anam, bacım və şair qohumlarla görüşdüm. Həsrətini çəkdiyim Tamam və Gülbənd onların arasında yox idi. Mən anamdan soruşdum: Tamam və Gülbənd hardadılar? Nə üçün mənimlə görüşməyə gəlmədilər. Anam çaşqın bir hal ilə dedi: Bilmirəm nə üçün eşidib gələrlər. Mən anamdan soruşdum: Nə üçün doğrusunu demirsən? Nə olub? Bir şey yoxdur. Onlar burdan köçmüşlər. Bağımızı seyr etdikdə Məmmədrzadan soruşdum: Lələ, Bulud, Baba və qızlar hara getmişlər? Bu sualımdan Məmmədrzanın üzü qara bulud kimi tutuldu. Bir az fikirdən sonra bu göy otun üstündə oturaq, mən də onların faciəsini sənə söyləyim –dedi. Oturduq. Məmmədrza kürd qızlarının başına gələn faciəni nağıl etdi. Əmim oğlu ilə Gülbəndin sevişdiyini bilirdim. Onu zorla ayırıb bir kürd oğlana verirlər. O da özünə qəsd edir. Budaq baba böyük qızının yanına köçməyə məcbur olur. Tamam isə əmioğullarının arasına nifaq düşməsin deyə o da çıxıb getməyə məcbur olur. Hansısa varlının dəli oğluna baxmaq üçün məsum bir qız axtarırlar. Budaq babaya çoxlu pul verib onu razı salırlar. Tamamın faciəsini eşidəndə göz yaşılarımı saxlaya bilmədim. Tamam dəlinin yanından qaçıb köhnə bir qəbiristanlığın kümbəzində gizlənir. Özünü Qarqarın sularına vurur. Səhər olcaq Tamamı aramağa başlayırlar. Xeyli aradıqdan sonra meyidini Qarqarın o biri sahilində tapırlar.
Uşaqlıqdan yadımda qalan bu hekayə məni çox mütəəssir etmişdi. Ona görə də qələmə aldım.
Yazıçının «Qatil uşaq» hekayəsində yayın isti günlərində min bir zəhmətlə becərdikləri taxılı biçib qurtarmağa çalışan kəndlilərin yanında başı əmmaməli seyidlər görünürdü. Onlar xırmanlar gəzib «seyid vergisi» tələb edirdilər. Mövhumata inanan kəndlilər onları rədd edə bilmir. Gətirdikləri arabaları doldurub verirdilər… Zəmili kəndi dağın ətəyində meşənin kənarında yerləşirdi. Tarlaları yüksək yerdə olduğu üçün su çıxar bilməzdilər. Suvara bilmədikləri tarlaların çoxu məhv olub gedirdi. Bu kəndin qurtaracağında meşənin başlanğıcında əski bir daxmada Qızxanım adlı qadın oğlu ilə yaşayırdı. Oğlunun 11-12 yaşı olardı. 4-5 il olardı ki, o dul qalmışdı. Əri Mehdi Qulunu çox sevdiyi üçün öləndən sonra da ona sadiq qalmışdı. Kənd əhli də Mehdiqulunu sakit təbiətli, qanacaqlı bir adm kimi tanımışdı. Odur ki, əkinçilər Qızxanıma və onun oğlu Mərdana kömək edirdilər. Qızxanım da bu qeyrətli kəndlilərin sayəsində oğlu il xoş güzəran sürürdülər. Bir çox yerdən Qızxanıma elçi düşsələr də o sevimli ərini unutmayacağını və oğlundan ayrılmayacağını deyirdi. Mərdan cəsur bir uşaq idi. Anasını da çox sevirdi. Atası öləndən sonra Mərdan ondan qalan tüfəngi özü il götürərdi. Anası mane olmaq istədikdə deyərdi: – Anacan, qorxma tüfəngdən mənə xəta gəlməz. Atmaqda da ustayam.
Günəş dağ başına enirdi. Bir azdan günəş gözdən itib, dağın arxasında gizləndi. Aradan bir neçə dəqiqə keçdikdən sonra dağın arxasından qara buludlar göründü. Yazıq qadının ürəyi iztirabla döyünməyə başladı. Mərdan hər gün günəş batdıqda heyvanları kəndə gətirərdi. Qəflətən şimşək çaxdı. Dağlardan dəhşətli bir səda gəldi. Bu səsdən diksinən Qızxanım ürəyində dua etməyə başladı. Gurultu getdikcə artırdı. Bir azdan sonra şiddətli yağmur yağmağa başladı.
Qızxanım daxmaya girib köhnə yamaqlı şalına büründü və yenə qapıya çıxdı. Bu vaxt qısaboylu pırtlaq göz bir cavan seyid əbasını başına çəkib Qızxanıma tərəf yönələrək dedi: Bacı, məni qərib seyidi Allah qonağı saxlamağı xahiş edirəm. Qızxanım dedi: Mən bir dul qadınam. Səni evə necə buraxım. Bunu eşidən seyidin gözlərindən od parladı. Dedi: Bacı seyidə şübhə etsən səni bəla tutar. Ağayi, içəri buyurun yağış sizi isladır, deyə onu içəri dəvət etdi. Seyid islanmış əbasını dəyişib əyləşdi. Bacı, bəs oğlun hardadı – deyə soruşdu. Ana oğlunun heyvan otarmağa getdiyini və ondan nigaran qaldığını dedi. Seyid dedi: Bu saat oğlun sağ-salamat gələr, nigaran qalma. Qızxanım: -Allah ağzından eşitsin dedi. Əlbəttə, biz seyidlərin ağzından çıxan allah, peyğmbər kəlamlarıdır- dedi. Ancaq, bacı, səndən bir söz soruşacağam. Sən belə cavan və gözəlkən nə üçün ikinci ərə getmirsən? Ağa, mən ərimi çox istəyirdim. O öləndən sonra onun tək varisini böyütmyə söz vermişəm. Yağış kəsmişdi. Lakin yollardan hələ sel axırdı. Uzaqdan Qızxanımın gözlərinə bir qaraltı göründü. Gözlədi ki, görsün kimdir. Bir azdan sonra Mərdan və arxasınca Bozdar gəlib çıxdı. Oğlum, sən keç içəri, qonağımız var, dedi. Mən inəyi sağıb gəlirəm. O inəyi sağıb əlində bir badya süd gtirib dedi: – Ağa başqa yeməyimiz yoxdur, gərək bağışlayasınız. Qızxanım sonra oğlu və seyid üçün içəridə, özünə isə dəhlizdə yer hazırladı. Gecənin bir yarısı Seyid yerə düşmək istədiyini dedi. O, itdən qorxuram, siz də gəlin – dedi. Qızxanım şalına bürünüb yerə düşdü. Seyid Qızxanmın əlindən yapışdı. Qan həyalı qadının başına sıçradı. Əlini çkib şala büründü. Seyid qadının şalını başından çəkib yerə atdı və onu qucaqlayaraq dedi: Görürəm sən öz xoşunla xahişimə əməl etməyəcksən. Qadın öz gücü ilə seyidin əlindən xilas olmaq istədi. Çöldən gələn işığa Mərdan tez bayıra sıçradı. Tez içəri gedib tüfəngi qapdı və həyətə çıxdı. Nə edirsən, binamus kişi? Bunu eşitcək seyid Qızxanımı buraxdı. Mərdan onu qarovula götürdü. Tüfəngin çaxmağını çəkdi. Seyid qocaman ağac kimi yerə sərildi. Bunu görcək Qızxanım qışqırdı: Nə etdin oğlum, seyid qatili oldun. Bəs sən istərdin ki, mənim anamın namusuna toxunanı sağ qoyum? Məyər mən Mehdiqulunun oğlu deyiləm? Sən qorxma, ana. Hamıya cavabı mən verəcəyəm – deyə Mərdan anasına təsəlli verdi. Tüfəngin səsinə və Qızxanımın qışqırtısına yaxın qonşular tökülüb gəldilər. Əhvalatı biləndən sonra dedilər: Əhsən sənə igid və namuslu oğlan. Lənət olsun belə binamus seyidə.
S.S.Axundovun qələmə aldığı hekayələr həyatda baş verən hadisələrdən götürüldüyü üçün daha çox diqqəti cəlb edir və sevilir.
Yazıçının «Molla Qasım» hekayəsində İrandan Azərbaycana haçan gəldiyini bilməyən Molla Qasım və arvadı Zeynəbin əhvalatından bəhs edilir. Molla Qasım Güllücə kəndini bəyənib seçmişdi. Mərkəzdən uzaqda yerləşən Güllücə kəndi səfalı bir yerdə idi.
Yazıçının «Molla Qasım» hekayəsində İrandan Azərbaycana haçan gəldiyini bilməyən Molla Qasım və arvadı Zeynəbin əhvalatından bəhs edilir. Molla Qasım Güllücə kəndini bəyənib seçmişdir. Mərkəzdən uzaqda yerləşən Güllücə kəndi səfalı bir yerdə idi. Kəndin demək olar ki, hamısının Molla Qasımın dükanına borcu var idi. Onun dükanında demək olar ki, hər şey var idi. Molla Qasım kəndlilərin avamlığından istifadə edərək onlarda olan əntiq xalça və digər şeyləri gündəlik tələbat mallarına ucuz qiymətə dəyişirdi. Hətta kəndlilər bir məktəb açmaq istədikdə Molla Qasım mane olub demişdi: Canım, siz kəndlilərə məktəb nə lazım. Uşaqlarınızı oxutsanız onlar sizi qoyub qaçarlar. Özünüzü bəlaya salmayın. Molla Qasımın həkimliyinə gəldikdə ordan-burdan öyrəndiyi dərman adlarını xəstələrə deyirdi. Xəstə öləndə isə xudanın əlindədir. İstər öldürər, istər sağaldar deyirdi. Aciz bəndə bir şey edə bilməz deyə kəndliləri sakitləşdirirdi. Molla Qasımın arvadı Zeynəb isə yırtıcı quşa bənzər bir qarı idi. O, zəli qoymaq, qan almaq v bu kimi başqa işlərlə məşğul olurdu.
Hekayəmizin qəhrəmanları belə ömür sürməkdə ikən Azərbaycanda Şura hökuməti quruldu. Hökumət adamları kəndləri gəzib yığıncaqlar keçirdilər. Belə yığıncaqların birində Molla Qasım da iştirak edirdi. Nitqi eşitdikdə molla Qasımın bədəninə tirəmə düşdü. Qorxudan daha məclisdə qala bilməyib evinə getdi. Nağıl etdiyimiz zamandan üç il keçdi.
Belə günlərin birində Molla Qasımın qapısı döyüldü. Zeynəb qarı qapını açdı. Yedəyində iki at olan bir cavan qapıya durmuşdu. Zeynəb qarı soruşdu: Nə istəyirsən? O dedi: Zeynəb nənə, molla əmi evdədir? Bəli, evdədir. İçəri gəl. Gənc atları qapıda bağlayıb içəri girdi. Molla soruşdu: Xeyir ola, yoxsa hacı Cəfər naxoşlayıb. – Xeyir molla əmi uşaqlıqdan bizim evdə tərbiyə almış bir kürd qəflətən naxoşlayıb öldü. İndi onu dəfn etmək üçün sizi aparmağa gəlmişəm. Yoldan kənar qəbir də hazır etmişik. Molla Qasım istehza ilə dedi: Siz bolşeviklərin molla nəyinə lazımdır – deyə istehza ilə cavab verdi. Heyvan kimi üstünü torpaqlayın çıxsın getsin. Gənc deyir: molla əmi, mənə qalsa o cür edərdim. Amma atam sizin gəlməyinizi istəyir. Zeynəblə qarı bu sözləri gəncin dilindən eşitcək qəzəblənib deyir: Allah kökünüzü kəssin. Dinsizlər. Molla Qasım ayağa qalxıb atan Hacı Səfərin xatirəsinə gedək-dedi. Yolda Molla Qasım Qəmbərə nəsihət edirdi. Nəhayət kolluq və qaranlıq bir yerə çatdılar. Rəhim və Kərim qəbrin yanında oturub bunlar gözləyirdilər. Kərim mollanın atını tutdu. Molla Qasım ölünün meyit namazını qılıb qurtardı. Onu qəbirə qoydular. Qəmbər yoldaşlarına dedi: Molla duasını oxuyunca biz də baş daşını gətirək. Kəndlilər getdilər. Molla Qasım qəbirdən çıxan torpağın üstündə oturdu. Qəflətən ayaqlarının altından torpaq qaçdı. O qəbirə yıxıldı. Molla Qasım gördü ki, ölünün ayaqlar yuxarı qalxdı. Onun ayaqlarını əli ilə aşağı basdı. İndi də başı qalxdı. Bunu görəndə Molla Qasım qışqırıb özündən getdi. Aradan on dəqiqə keçmiş kəndlilər baş daşını gətirdilər. Kəndlilər qəbirə baxdıqda molla Qasımın meyidi qucaqlayıb özündən getdiyini gördülər. Rəhim qəbirə enib mollanı bayıra çıxartdı. Xeyli səydən sonra molla özünə gəldi. Qənbər soruşdu: Molla əmi, sənə nə oldu? O dedi: – Ölü xotdamışdı. Məni boğmaq istəyindi-dedi. Sonra isə zəif səslə məni Zeynəbə yetirin dedi. Qənbər əlini meyidin baş tərəfində saxlayaraq, Rəhim və Kərimə tərəf dönərək ikinizə də lənət olsun-dedi. Qəbrin baş və ayaq tərəfini dərin qazmısınız. Orta tərəf isə dik qalıb. Ona görə də belə vəziyyət yaranıb dedi. Qəmbər və Kərim Molla Qasımı evlərinə götürdülər. Zeynəb qarı ərini belə gördükdə qışqırıq saldı. Qəmbər Zeynəbi sakitləşdirib dedi: Qorxma, zəiflikdən atda otura bilmədi. Ona görə də qucağımızda gətirmişik.
Bu hadisədən sonra Molla Qasım sarılıq tutub xəstə yatdı. O zamandan mollanın evinin yanından keçən uşaqlar ona sataşıb: Molla qaç, xortdan gəlir deyə sataşırdılar. Nəhayət bir gün Güllücə kəndinin sabiq mollası, həkimi, Tahiri və ağsaqqalı Molla Qasım vəfat etdi.
Yazıçı «Nə üçün?» hekayəsində 1905-ci ildə baş vermiş bir hadisəni nağıl edirdi. Məyusluq içərisində evinə gedən qadın evdə gözləyən kiçik qızına bir tikə d olsun çörək tapmamışdı. Qızcığaz anasından yemək gətirmisənmi deyə soruşdu. Bütün bədəni titrəyən Vera nə cavab verəcəyini bilmirdi. Kürkünə bürünüb bucaqda mürgüləyən 80 yaşlı baba nəvəsindən nə qərara gəldiklərini soruşdu… Qızım, qorxuram, sabah çar babanız çörək əvəzinə sizləri qurğuşuna qurban etsin. Mixail baba dodaqlarını arasında mırıldanaraq kürkünə bürünərək yuxuya getdi. Vera Lenaya layla çalaraq onu da ovudub yuxuya verdi.
Doqquz yanvarda Peterburq küçələri insanlarla dolu idi. Bir xeyli keçdikdən sonra kazaklar gəldi. Ümidlə dolu insanları qılıncdan keçirdilər. Bu zaman kiçik Lena da anasını itirdi. Zavallı uşaq elə qorxmuşdu ki, ayaq üstə dura bilməyib yerə sərildi. Bu halda onun qulağına belə bir səda gəldi. Lena qızım aç gözlərini. Bu vaxt o anasının nərəsini quraqlarının yanında hiss etdi. Gözlərini açanda anasını gördü. Özünü onun qucağına atdı. Vera ağır yaralanmışdı. Qəddar kazaklar qəfil də gəlib anasının qucağına sığınan qızcığazı xəncərlə vurdu. Ağ qarın üstü onun qanına boyandı . zavallı ananın son naləsi eşidildi. Onun günahı nə idi. O, övladını qucaqlayıb öpərək gözlərini yumdu. Lenanın solğun dodaqları «Nə üçün, nə üçün» deyərək həmişəlik qapandı.
Süleyman Sani Axundovun ədəbi irsini sadalamaqla qurtarmaq mümkün deyildi. Onun qorxulu nağıllar silsiləsindən ona «Nurəddin», «Əhməd və Məleykə», «Abbas və Zeynəb», «Əşrəf», «Uşaqlıq həyatından xatirələr» və hamımızın böyük maraqla oxuduğumuz «Qaraca qız» əsəri xüsusilə diqqət cəlb edən və təqdirəlayiqdir. Yazıçının məktəbə, elmə və təhsilə çağırılan əsgərlərin əsas nümunəvi qəhrəmanlar üzərində qurulmuşdur. Həyatdakı fənalıq və eybəcərliyə qarşı xeyirxah hadisələrin ziyasını təsirli mənəvi vasitə hesab edən yazıçının nəsr əsərlərinin çoxusunda bir-birili ilə daim mübarizə edən və rəmzi şəkildə mənalandıran iki qüvvə: qaranlıq və işıq mövcuddur. Bu baxımdan müəllifin ideyalarının təsdiqi hekayələrində daha qabarıq şəkildə öz əksini tapmışdır. Onun əsrləri müasir dövrdə də öz aktuallığını, cəlbediciliyini itirməmişdir.