Ömrümə, günümə qarışan o səs,
Göylərə çəkilən günəşmiş, aymış.
Özümdən ucada sandığım o, kəs
Torpaqda özümdən aşağıdaymış…

Dağlar da dözməzdi bu ayrılığa,-
Ağarmış saçlarım qırovdu, qardı.
Torpaq da dözməzdi anasızlığa,
Səni əllərimdən alıb apardı.

Süründü üstümə o zülmt gecə,
Al-əlvan səhər də kəsildi yağı.
Sənə o dar məzar gen göründükcə,
Mənə bu gen dünya dar gəlir, axı!

Tale çayırları qoruyubsa da,
Kövrək çiçəkləri qorumayıbdır.
Qəbrinin torpağı quruyubsa da,
İsti göz yaşlarım qurumayıbdır.

Ürəyim mələyib yollardan keçər,
Özünü sevincə bələyə bilməz.
Qəbrinin üstündə bitən ot-əncər,
Ananı baladan eləyə bilməz.

Sənsiz fikirlərim çırpınar belə,
Sənsiz baxışlarım yol çəkəsidir.
Sən adlı analar, bacılar belə
Könlümün bir ömür səksəkəsidir.

Hələ didərgindir ünvanım, adım,
Enib yolum üstə duman da, sis də.
Qəbrinçün şam belə yandırammadım,
Günəşi yandırdın başımın üstə.

Dözdüm ayrılığa mən yana-yana,
Sənsiz illərimi üyüdə bildim.
Boy-buxun versən də, mənə, ay anam,
Mən ancaq şəklini böyüdə bildim.

Çöhrəni yadıma sala bilmirəm,
Qorxuram, kədərim dağ ola Sənsiz.
Qəbrini çəpərə ala bilmirəm,
Qorxuram, bu dünya dağıla Sənsiz!..