Ədalət RƏSULOVA.”Əzizə Cəfərzadənin tarixi romanlarında tarixilik və müasir gerçəklik”

Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı

Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrindən biri olan Xalq yazıçısı Əzizə Cəfərzadə özünə məxsus bir yaradıcılıq yolu keçmişdir.Daha çox tarixi roman ustası kimi tanınan yazıçının ədəbi-bədii irsi özünün zənginliyi,əhatəliliyi ilə diqqəti cəlb edir.
Tədqiqatçı alimlər Əzizə Cəfərzadənin yaradıcılıq yolunu şərti olaraq üç mərhələyə bölürlər. Belə ki,1937-1970-ci illəri əhatə edən birinci mərhələ yazıçının ilk yaradıcılıq axtarışları kimi dəyərləndirilmişdir.Yazıçı bu dövürdə tarixi və müasir mövzularda hekayələr yazmaqla bərabər, eyni zamanda, gələcək tarixi romanlarının axtarışı ilə də məşğul olmuşdur.
1970-1990-cı illəri əhatə edən ikinci yaradıcılıq mərhələsində yazıçı ədəbi və siyasi şəxsiyyətlərin həyatından bəhs edən bir sıra mühüm tarixi romanlarını yazmış,bir nasir kimi cəmiyyətdə özünü tam təsdiq etmişdir.Nəhayət, 1991-2003-cü illəri əhatə edən sonuncu mərhələdə yaradıcılığı məhiyyətcə yeni məzmun kəsb etmiş yazıçı diqqəti Azərbaycan siyasi tarixinin ən aktual problemlərinə yönəldə bilmişdir.O, həmçinin milli mənəviyyatımızın ağrılı məqamlarını işıqlandırmışdır.
Əzizə Cəfərzadə bədii yaradıcılığa “Əzrayıl”adlı hekayəsi ilə başlamışdır.1937-ci ildə ədəbiyyat qəzetində dərc olunmuş bu hekayədə yazıçı dövrün sosial həyatının canlı bədii mənzərəsini yaratmışdır.Məhs bu dövrdən etibarən hekayələri,povestləri,elmi və publisistik yazıları ilə vaxtaşırı olaraq mətbuatda çıxış etmiş, axtarışlarının nəticəsi olaraq bir sıra maraqlı sənət əsərləri qələmə almışdır.
1948-ci ildə Azərnəşr tərəfindən ədibin “Hekayələr”adlı ilk kitabı çapdan buraxılsa da,kitab satışa çıxarılmadan yandırılmışdır.Kitabın yandı-
rılmasına səbəb kimi Mixail Zoşşenko və Anna Axmatova fonunda yaranan mubahisə səbəb olmuşdur.
14 avqust 1946-cı ildə ilk kitabı yandırıldıqdan sonra Əzizə Cəfərzadənin 1963-cü ilə qədər heç bir kitabı çap edilməmişdir.Lakin yazıçı bu il lər ərzində yaradıcılıq axtarışlarından ayrılmamışdır.
1963-cü ildə nəhayət yazıçının “Natavan haqqında hekayələr”adlı ilk kitabı çap olunmuşdur.Bundan sonra onun 1964-cü ildə “Qızımın hekayələri”, 1966-cı ildə “Sahibsiz ev”, 1969-cu ildə “Əllərini mənə ver” və bu kimi başqa hekayə və povestlərini qələmə almışdır.
Xalq yazıçısı Əzizə Cəfərzadənin yaradıcılığında tarixi mövzulu əsərlər aparıcı yer tutur.O,bütün ədəbi fəaliyyəti boyunca tarixi mövzulara üstünlük vermişdir.Müəllifin 1972-ci ildə “Aləmdə səsim var mənim”, 1977-ci ildə “Vətənə qayıt”, 1980-ci ildə “Yad et məni”,1981-ci ildə “Bakı-1501”,1983-cü ildə “Cəlaliyyə”, nəhayət 1989-cu ildə “Ağlayan-güləyən Sabir” kimi roman və povestləri yazıçının yaradıcılığında əsasyer tutmuşdur.
Azərbaycanın istiqlaliyyət əldə etməsi Əzizə Cəfərzadənin yaradıcılığının daha da zənginləşməsinə səbəb olmuşdur.Tarixi mövzuda yeni-yeni əsərlər yaratmışdır.Bu baxımdan 1992-ci ildə yazdığı “Eldən-elə”,1966-cı ildə “Gülüstandan öncə”,1996-cı ildə “Zərintac-Tahirə”,1997-ci ildə “Bir səsin faciəsi”,1998-ci ildə “İşığa doğru”,1999-cu ildə “Bəla”, 2000-ci ildə “Rübabə-Sultanım” və s. romanları buna misal ola bilər.Yazıçının tarixi romanlarında ədəbi və siyasi şəxsiyyətlərin canlı və bədii obrazları yaradılmışdır.
Alimin Azərbaycan poeziyasında xalq şeiri üslubuna dair monoqrafik araşdırmaları milli ədəbiyyatşünaslıq və folklorşünaslığın əhəmiyyətli nümunələrindəndir.
Əzizə Cəfərzadənin tərcümə yaradıcılığı sahəsindəki fəaliyyəti də maraq doğurur.O,müxtəlif dövrlərdə Türkiyə ədəbiyyatının görkəmli nümayəndələrindən olan Sevinc Çokumun “Bizim diyar”, Əhməd Kabaklının “Əjdaha daşı”, rus yazıçısı S.Simirnovun “Brest qalası” əsərlərini dilimizə çevirərək nəşr etdirmişdir.
Əzizə Cəfərzadə əsərlərini müxtəlif janrlarda yazmasına baxmayaraq, Azərbaycan ədəbiyyatında daha çox tarixi romanlar müəllifi kimi yadda qalmışdır.Yazıçının əsərlərində qədim dövrlərdən tutmuş XX yüzilə qədər Azərbaycan tarixinin mürəkkəb keçməkeçli hadisələri öz əksini tapmışdır.Ədibin tarixi romanlarını səciyyələndirən cəhətlərdən biri də müraciət olunan tarixi dövrü bütün təfərrüatı ilə canlandıra bilməsidir.Əzizə Cəfərzadə tarixi təkcə faktlarla deyiı, özünün qeyri-adi fantaziyası, təsvir etdiyi dövrün bədii mənzərəsini yaratmağa nail olmasındadır.
Onu da qeyd etmək lazımdır ki, yazıçı tarixi romanları qeyri-adi sevgi və vurğunluqla qələmə almışdır.Bu romanlarda baş qəhrəmanların vətəndaşlıq amalı özünü canlı və qabarıq şəkildə göstərmişdir.Yazıçının qələmə aldığı tarixi romanlar yalnız düşüncəsinin nəticəsi olaraq qalmayıb, xalqımızın yaddaşını əks etdirən qiymətli sənət əsərləridir.Sənətkarın tarixi romanlarını daha da oxunaqlı edən ən mühüm cəhətlərdən biri də onların ideyaca müasirliyi, bu günün problemləri ilə bağlı olmasıdır.Bu romanlar təsvir olunan faktlara və hadisələrə yanaşma tərzi ilə də diqqəti cəlb edir.
Sovet imperiyasının ən çətin və mürəkkəb dönəmində yazıçı tarixi mövzulara müraciət etməklə sovet imperiyasına etirazını ifadə etmişdir.
Yazıçının yaradıcılıq axtarışlarının uğurlarından sayılan Şirvan triologiyasında Azərbaycanın tarixi yaddaşında əhəmiyyətli yer tutan Şirvanın yetişdirdiyi ədəbi şəxsiyyətlərinin bədii surətləri yaradılmışdır.Belə ki, triologiyanın ilk əsəri olan “Vətənə qayıt” romanında XVII yüz ilin istedadlı söz ustası Nişat Şirvaninin (Nəcəfin) uşaqlığından ta ömrünün sonuna kimi qələmə almışdır.
Hələ kiçik yaşlarından atası Abduləli Şirvanın qəhrəman oğullarına başçılıq edərək dağlara çəkilmiş Süleyman Paşanın adamlarını pusquya salaraq məhv etmiş və özü də Şamaxının azadlığı uğrunda həlak olmuşdur. Kiçik Nəcəf nənəsi Şərəfnisənin himayəsində bğyümüş, erkən yaşlarından misgər Məşədi Haşimin yanında mükəmməl nəqqaşlıq sənətinə yiyələnmişdir. Bundan əlavə o,mükəmməl mollaxana təhsili də almışdır. Lakin şerə olan həvəsi onun şerlə məşğul olmasına şərait yaratmışdır.19 yaşlı Nəcəf özünə Nişat təxəllüsü seçərək qəzəllər yazmağa başlayır. Nəhayət gənc Nişat nənəsinin təhriki ilə Kəbutər adlı bir qızla evlənir. Lakin bu uzun sürmür.Kəbutər oğlunu dünyaya gətirərkən vəfat edir.Bir müddət özünə gələ bilməyən Nişat eldən-elə gəzir. Nəhay o, anasının himayəsində qoyduğu atasının adı verilmiş kiçik Abduləlini görməyə gələrkən qonşuluqda yaşayan erməni qızı Maroya aşiq olur. Lakin bu izdi vac baş tutmur…
Tez-tez basqına məruz qalmış var-yoxu Əsgər bəy tərəfindən əllərindən alınmış Əsgər bəy tərəfindən Səlyana sürgün edilir. Uzun müddət sürgün həyatı yaşayan Nişat anasının ölüm xəbərini eşidib gizli yolnan Şirvana gəlir, lakin oğlu Abduləlini heç yerdə tapa bilmir. Lakin onu öyrənə bilir ki, hansısa bir dərviş Abduləlini götürüb naməlum istiqamətə getmişdir. Nişat uzun axtarışdan heç bir nəticə əldə edə bilməyərək yenidən Səlyana qayıdır və ömrünün axırına kimi orada yaşayır.
Triologiyanın ikinci hissəsini təşkil edən “Aləmdə səsim var mənim” romanında XIX yüzilin görkəmli şairi Seyid Əzim Şirvaninin, sonuncu hissəsi olan “Yad et məni” romanında isə XX yüzildə yaşayıb yaratmış Abbas Səhhətin həyat və fəaliyyəti təsvir olunmuşdur.
Yazıçı tariximizin iki əsrdən artıq bir dövrdə Şirvanda cərəyan edən mürəkkəb, ziddiyətli hadisələri izləmiş və bu hadisələri qələmə almışdır.Əzizə Cəfərzadə Azərbaycan tarixinə faktlar və sənədlərlə aydınlıq gətirmiş bir çox məqamlarda keçmişin qaranlıq öyrənilməmiş səhifələrini canlandırmışdır. Bu baxımdan yazıçının 1971-ci ildə qələmə aldığı Azərbaycan tarixi nəsrində əhəmiyyətli yerlərdən birini tutan “Aləmdə səsim var mənim” romanıdır. Müəllifin ilk romanı olan və ədəbi mühit
tərəfindən həssaslıqla qarşılanan bu əsərin adı Seyid Əzim Şirvaninin şerindən götrürülmüşdür.Yazıçı əvvəlcə romanın adını “Məhəbbət günahdırmı?”adlandırmağı nəzərdə tutsa da, əsər nəşrə gedən zaman onun adı-nı dəyişməyə qərar vermişdir.Yazıçı romanın məzmunu arasındakı fərqinəzərə alaraq bu fikirə gəlmişdir.(Əzizə Cəfərzadənin şəxsi arxivindən
götürülmüş faktlara əsasən).
“Aləmdə səsim var mənim” romanında yazıçı yaradıcılığına və şəxsiyyətinə böyük hörmət bəslədiyi Seyid Əzim Şirvaninin obrazını yaratmağı qarşısına məqsəd qoymuş və bununla kifayətlənməmiş bütövlükdə XIX yüzilin Şirvan tarixinin, daha doğrusu, Şamaxı mühitini ictimai-siyasi və ədəbi hadisələrin canlı mənzərəsini izləmiş və yuxarıda qeyd etdiyi miz “Aləmdə səsim var mənim” romanını yazmışdır.
“Görkəmli xalq şairi Rəsul Rzanın fikrincə əsərin bəyənilməsinin əsas cəhətlərindən biri, bəlkə də ən dəyərlisi, yazıçının qələmə aldığı dövrə, onun insanlarına, xalqın adət-ənənələrinə yaxından bələd olmasıdır.Biz bu əsərdən xalqın keçmişinə aid baş vermiş hadisələr, köhnəliklə yeniliyin mübarizəsindən, həm də qələmə aldığı mühit haqqında maraqlı məlumatlar alırıq.Kitabı vərəqlədikcə bir zamanlar gördüyümüz məişət adət-ənənələri, insan xarakterləri, faktlar düzümü yavaş-yavaş gözlərimiz
önündə canlanır”.
Yazıçının 1973-cü ildə qələmə aldığı “Vətənə qayıt” romanının süjetində Vətən və məhəbbət mövzusu əsas yer tutmuşdur.Yazıçı roman boyu bu süjet xətlərinin paralel təsvirini verə bilmişdir.Roman Sovet senzurasına məruz qalmışdır.
Yazıçı 1980-ci ildə qələmə aldığı “Yad et məni” romanında XX yüzilin əvvəllərində cərəyan edən hadisələrdən söhbət açılır. Romanda üç dostun:-Abbas Səhhətin, Mirzə Ələkbər Sabirin, Ağali Nasihin yaşadıqları həyat həqiqətləri fonunda qələmə alınmışdır. Belə ki, yazıçının təbirincə desək, Abbas Səhhətin simasında vətəndaşlıq və xeyirxahlıq, Mirzə Ələkbər Sabirin timsalında fədakarlıq və cəsurluq, Ağəli Nasihin şəxsində təvazukarlıq və səmimilik kimi mənəvi-əxlaqi keyfiyyətlər inandırıcı
bədii detallarla qələmə alınmışdır. Lakin yazıçı romanda diqqəti Abbas Səhhətə yönəltməyə çalışmış, hadisə və əhvəlatları mümkün qədər onun-
la bağlamışdır. Bununla da yazıçı triologiyaya daxil olan üç tarixi roma-nına son qoymuşdur. (Yazıçının arxiv materiallarından məlum olur ki, romanda adı keçən
Ağali Nasih Nişat Şirvaninin uzun müddət axtardığı oğlu olmuşdur.)
Yazıçının 1981-ci ildə Şah İsmayıl Xətayinin həyat və mübarizə yollarından bəhs edən “Bakı-1501” ci ildə əsəri də oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Məlum olduğu kimi Azərbaycan ədəbiyyatında Şah İsmayıl Xətayi haqqında bir sıra əsərlər yazılmışdır.Bunların içərisində Əlisa Nicatın “Qızılbaşlar”, Fərman Kərimzadənin “Xüdafərin körpüsü” və “Çaldıran döyüşü” xüsusi yer tutur.Şah İsmayıl Xətayinin şəxsiyyətindən bəhs edən əsərlərin yazılmasına zərurət – Sovet imperiyasında siyasi iqlimin bir qədər mülayimləşməsi və bunun nəticəsində Azərbaycanın milli azadlıq hərəkatı, eyni zamanda, tarixə qayıdış yazıçıların üzərinə böyük vəzifə qoymuşdur. Bu baxımdan, Əzizə Cəfərzadə yeni bir baxışla Şah İsmayıl Xətayinin yenidən araşdırılaraq qələmə alınmasını zəruri hesab etmişdir. Şah İsmayıl Xətayinin şəxsiyyətində Azərbaycanın itirilmiş dövlətçiliyinin bərpası,parçalanmış məmləkətin birləşdirilməsi, bütövləşdirilməsi amalı dayanır.”Qızılbaşlar” romanında Çaldıran döyüşündən – Sultan Səlimlə Şah İsmayıl Xətayinin arasında gedən müharibə Türk dünyasının yaşadığı faciyələrin ağrılığından xəbər verir.
Fərman Kərimzadənin qələmə aldığı “Xüdafərin körpüsü” və “Çaldıran” döyüşü romanlarında daha çox Şah İsmayıl Xətayinin həyatı və mübarizə yolu canlandırılmışdır. Lakin bu mövzuda yazılan romanlar işərisində yazılma tarixinə görə ilk sırada dayanan əsərlərdən biri ƏzizəCəfərzadənin “Bakı-1501″ci ildə romanı olmuşdur. Romanda Bakının ələ keçirilməsi səhnəsi qabarıq şəkildə əks olunmuşdur. Lakin əsərdə Şah İsmayıl Xətayinin Bakıya yürüşü əsas yer tutsa da müəllif tarixi
hadisələri yalnız bu faktla məhdudlaşdırmamışdır. O, Xətayinin hakimiyyətə gəlişindən tutmuş ömrünün sonuna qədər onun bir hökümdar, sərkərdə və şair kimi fəaliyyətinin əsas məqamlarını canlandırmışdır.
Tədqiqatçı-ədəbiyyatşünas Akif Hüseynov romanı təhlil edərkən baş qəhrəmanı yazıçının uğuru kimi dəyərləndirmişdir. Onun fikrincə müəllif Şah İsmayıl Xətayinin mürəkkəb xarakterini, obrazın fəaliyyətinin qüsurlarını da göstərə bilmişdir. Romanda Xətayini Azərbaycan hökümdarı və onun yaradıcısı kimi göstərmişdir.
Romanın epiloqunda Şah İsmayıl Xətayinin şəxsiyyətinin və mübarizəsini simvolu kimi dil, qeyrət və vətən sevgisi diqqət mərkəzinə çəkilmişdir.
Beləliklə, yazıçının “Xoş gördük səyyah”adlı povestinin yenidən işlənmiş və genişləndirilmiş variantı tamamilə başqa bir adla -“Eldən-elə” adı altında oxuculara təqdim edilmişdir. Əsərdə XIX yüzildə yaşamış Azərbaycan alimi və səyyahı Zeynalabdin Şirvaninin həyatından bəhs olunur. Yazıçı həyatının otuz yeddi ilini səyahətdə keçirmiş bu görkəmli şəxsiyyətin ömür yolunu diqqətlə izləmiş oxuculara qaranlıq qalan bir çox məqamları qələmə almışdır. Romanda İran, Türkiyə, Hindistan,
Pakistan, Orta Asiya, Ərəb ölkələri haqqında verilmiş məlumatlar əsəri daha da maraqlı və oxunaqlı etmişdir. Romanda Zeynalabdin Şirvaninin həyatının uşaqlıq çağlarından tutmuş ömrünün sonlarınadək olan dövrü əhatə olunmuşdur. Əsərdə baş qəhrəman Zeynalabdinin həyat yoldaşı və dostuna vəsiyyəti ömrü yollarda keçmiş bir insanı həyatı fonunda cərəyan etmişdir. O,demişdir:- “Vəsiyyət yüngünlükdür, islamiyyətin qaydalarındandır, qulaq asın. Əvvəlinci və axırıncı iki yadigarımı hər ikinizə; – kitablarım, yazılarım, bir də balalarımı sizə əmanət edirəm.Yazılarımı əmin yerdə saxlayın, yad əllərə düşməsin. Əminəm ki, gün gələcək on-lar insanlara lazım olacaqdır.Yoxsa heç ömrümü sərf etməyə, dünyanı dolaşmağa dəyməzdi. İkincisi balalarımı oxudun, qoy alnasınlar ki, elm yük deyil, elə bir xəzinədir ki, insanı həmişə düz yola dəvət edər.” :-Deyə vəsiyyət etmişdir. Əsərin sonunda yazıçı Zeynalabdin Şirvaninin səyahətdə olarkən Səudiyyə Ərəbistanında öldüyü deyilir.Yazıçının araşdırmalarından belə görünür ki. Zeynalabdin Şirvani gəmidə səyahətdə olarkən gəmidə öldüyü, və cəsədi dənizə atıldığından onun məzarı olmamış-
dır.
Yazıçının ölümündən bir qədər əvvəl yəni 2003-cü ildə qələmə aldığı Məhəmməd Füzulinin həyatından bəhs edən “Eşq Sultanı”adlı romanı-dır. Məlum olduğu kimi, Füzulinin həyatı və qeyri-adi yaradıcılığı beş yüz ildən artıqdır ki, söz dünyasının öz sehrində, cazibəsində saxlamışdır. Tarixin səhifələrində şeir dühasının bu görkəmli nümayəndəsinin sehrinə düşmək Əzizə Cəfərzadənin dərin istedad sahibi olduğundan xəbər verir. “Eşq Sultanı”yazıçının yaradıcılığının son nöqtəsi kimi ma-
raq doğurur.
Yazıçı bütün ömrü boyu gərgin işləsə də onun həyatının son illəri daha səmərəli olmuşdur. Belə ki, yazıçı ilə yaxın ünsiyyətdə olanlar onundaim vaxt azlığından şikayətləndiyini xatırlayırlar…
Füzuli mövzusu Əzizə Cəfərzadənin uzun illər boyu axtarışlarının nəticəsidir. Onun Füzuliyə həsr olunmuş elmi tədqiqat əsərləri də diqqətə layiq qiymətləndirilmişdir. “Eşq Sultanı” romanında yazıçı Füzulinin Şirvandan köçüb getməsini, əslən Şamaxının qədim Bayat kəndindən olmasını təsvir etmişdir. Ona görə də roman boyu Füzulinin yaşadığı vətən həsrəti, qürbət duyğuları əsərdə qabarıq şəkildə öz əksini tapmışdır.Əsərin yaranması ilə bağlı təsvir olunan epizodlar özünə məxsusluğu il yadda qalır. Ədib əsərdə yaratmış olduğu tarixi şəxsiyyətlərin bənzərsizliyi ilə diqqəti cəlb edir. Romanın üslubuna dərin axıcı bir lirizm ha-
kimdir. Bu da Əzizə Cəfərzadənin özünə məxsus üslubunu diqqətdə saxlamışdır.
Onu da qeyd etmək lazımdır ki, Şamaxı rayonunun Bayat kəndində Füzulinin heykəlinin qoyulması təşəbbüsü Əzizə xanımın adı ilə bağlıdır.
Müəllifin yalnız öz dövrünə deyil, gələcəyə ünvanlanmış əsərləri də geniş oxucu kütləsini diqqət və marağına səbəb olmuşdur.
(Xalq yazıçısı Əzizə Cəfərzadənin məzar daşına “Bakı-1501″romanından götürülmüş, Şah İsmayılın dilindən deyilmiş:-“Sizə vəsiyyətim-dili-
mizi, qeyrətimizi, vətənimizi qoruyun”-sözləri həkk olunmuşdur).
Yazıda göstərilmiş bəzi məqamlar Əzizə Cəfərzadənin şəxsi arxivindən götürülmüşdür.