Rahilə Dövranı doğum günü münasibətilə təbrik edirik! (12 fevral)

Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinin üzvünü, “Qızıl qələm” media mükafatı laureatını, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbərini və əmədaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

Mətbuat xidməti

ƏFV ELƏSİN KÖNÜL SƏNİ

“Düşüncələrim”- silsiləsindən

Od tutmuşdu içim, çölüm,
Gəlmiş idim səni görüm.
Dərdlərimə çarə hörüm,
Əfv eləsin könül səni.

Olma qəlbi kinli insan,
Ver möhtaca, aca ehsan.
Bu gün varsan, sabah yoxsan,
Artırmısan saçda dəni.

Dil altında qalıb ünüm,
Bilmirəm ki, necə dinim.
Qəlbdə qat- qat hirsim, kinim,
Yuva edib dərd sinəmi.

Düz yolunu etmə dolay,
Nəyə lazım savaş, olay.
Mən Günəşəm, sən də ol Ay,
Intizarda qoyma məni.

Çıxmayıbmı, ağıl dişin,
Doğru otur, dərin düşün.
Əzrayıla düşər işin,
Oxuyarsan son nəğməni.

Dövran dedi sözlərini,
Bəyan etdi dərd, sərini.
Haqqı tutar gözlərini,
Tanı dostu, düşmənini.

XIDIR BAYRAMI

“Vətənimdir” – silsiləsindən

Gəldi xıdır bayramı,
Millətin ehtişamı.
Bayram edir el, hamı,
Sevindirsin hər qəlbi-
Yaşasın Xıdır Nəbi!

Bir-birindən qoçaqlar,
Baca gəzir uşaqlar.
Dolub torba, papaqlar,
Hər kəsin dolsun cibi-
Yaşasın Xıdır Nəbi!

Yoxdur nemətin sayı,
Göndərib əmi, dayı.
Hər evdə Xıdır payı,
Gətirib xala, bibi-
Yaşasın Xıdır Nəbi!

Xıdıra-xıdır deyərlər,
Hər nemətin yeyərlər.
Xudaya həmd edərlər,
Yad edək Ulu Rəbbi-
Yaşasın Xıdır Nəbi!