Şəfa VƏLİYEVA.”Mənim sevimli rəqəmim”

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

(Əsəd Cahangirin Xalq yazıçısı Elçinin yaradıcılığı
haqqında qeydlərindən ibarət “On üçüncü gecə” kitabı barədə)

Uşaqkən 13 və 23 rəqəmlərini niyə sevdiyimi heç kimə açıqlaya bilmirdim. Elə indi də bunu bacarmaram. Axı, hər iki rəqəm müxtəlif xalqların mistik dünyagörüşündə “lənətlənmiş” sayılır… Mənimçün isə yox… Bu iki rəqəmi o qədər sevirəm ki… Hətta, hər ayın 13 və 23-ü mütləq sevindirici xəbər alıram. Uzun zaman planlaşdırdığım işləri məhz bu günlərdə həyata keçirirəm, əminəm ki, uğur ovuclarımda olacaq.
Əsəd Cahangirin “On üçüncü gecə” kitabı nəşr olunanda, mahiyyətindən daha çox adı məni cəlb eləmişdi. Sevimli rəqəmim nəyi adlandırmışdı?-deyə maraqlanırdım. Sağ olsun, gənc yazar dostum Gülnarə Sadiq təqdimatından aylar keçsə də kitabı mənə hədiyyə etdi. Sevindim… Sevərək də kitabı açıb oxumağa başladım… Kitab xalq yazıçısı Elçinin yaradıcılığı haqqında Əsəd Cahangirin düşüncələrini əhatələmişdi… Və Əsəd Cahangir oxucunun maraq ölçüsünü, dəyişkən psixologiyasını, yaxud dövrün formalaşdırdığı; hər şeyə ironik yanaşan insanın üzündə ani görünüb yox olan kinayəni ( bundan əminəm ki, insan xisləti nəyi isə anlamayanda beynini yormaq əvəzinə “lağlağı” etməyi seçir) eyninə almayaraq belə bir etiraf edir: “Onun haqqında yaza-yaza həm də özümü formalaşdırır, özümü yaradıram” . Mən isə həm “On üçüncü gecə”ni, həm də Elçinin “İntihar” hekayəsini oxuya-oxuya mənimçün toxunulmazlıq qazanmış bir çox düşüncələrimin (bildiklərimi zənn etdiklərimin, yaxud mənə öyrədilənlərin) ovcumda əriyən qar dənəsi boyda yalan-heçlik olduğunu anlayırdım…
***
Elçinin “İntihar” hekayəsi balaca Əbinin yuxusu ilə başlayır. O yuxu ki, daim məni düşündürüb. Daim məni ətrafdakı uşaqlardan fərqləndirib. Uşaqkən iş o yerə çatmışdı ki, ana nənəm Zəhra Baratəliqızı bir işi görməzdən və ya bir səfərə çıxmazdan əvvəl zənnlə üzümə baxar, “gecə nə yuxu görmüsən, de, yozum”-deyərdi. Əvvəllər gördüyüm yuxuları həvəslə danışardım. Ta ki, bir gün onun üzündəki ifadələrin mənalarını anlayanadək… Nənəmin üzündə gah müjdə, gah kədər, gah təəssüf, bəzən də təlaş effekti görürdüm. Bu effektlər məndə özümü yuxulardan dezinfeksiya eləmək arzusu oyatdı. Düzdü, bunu bacarmadım heç vaxt, lakin daha yuxularımı kiməsə danışmağa özümə qadağa qoydum…
Və o yuxular məni məcbur etdi ki, “Bir az vaxtım var” adlı povestimdə aşağıdakı cümlələri yazım:
“Bizim izahını bilmədiyimiz yuxular ömrümüz boyu axtardığımız həqiqətdən xəbər gətirən carçılardır. Sadəcə, nə biz anlamırıq, nə də anladanlara qulaq asmırıq. Kor-koranə həqiqəti axtarırıq…
… Yuxular həqiqətdən bəhs edən kitabı oxumağı bacarmaq üçün bizə göndərilən ilk hərflərdir. Bəs, biz, bu hərfləri bir-bir öyrənib, həqiqətin əlifbasını əzbərləyə bilirikmi? Əlbəttə ki, yox! Yoxsa, dünya yarandığı gündən üzübəri hər gün özümüzə bu sualı niyə ünvanlayardıq ki?! “OLUM YA ÖLÜM?”

Elçin isə yuxunun mistik gücünü mənim kimi cümlələrə tökmür. O, yazıçı istedadına sadiq qalır. Əbinin yuxuda yaşadığı fiziki ağrının onun beyninin müəyyən kodlarını açdığını fikirləşməyi oxucunun öhdəsinə buraxır. Qoy bir az da oxucu öz marağına yenilsin, başlasın yuxuda fiziki ağrının yaşanmasının mümkünlüyünü axtarmağa… Yaxud, tibb elmində az-çox səthi təxmin edilən bir halı-komaya girib sonra ayılan insanın xüsusi bir bacarığının qəfil üzə çıxmasını da min cür “yozmağa”… Axı, bildiyimizi sandığımız nə varsa, əslində, bilmək istədiklərimizin zərrə halıdır…
Əbinin dönüb “Ağa” olması da onun ağrıları yaşadığı həmin gecədən qaynaqlanır… Yoxsa ki, “avçarka Şakir”in beş qızdan sonra doğulan arıq, sısqa oğluna Şakirin təbirincə desək, “oğraş dünyada” “Ağa” deyən tapılardımı?!
***
Əsəd Cahangir kitabında Elçinin müxtəlif illərdə mətbuatda və ya kitab şəklində çap olunan hekayələri, məqalələri, pyesləri, hətta, romanları haqqında da öz qeydlərini oxucularla bölüşüb. “Qırmızı qərənfil gülləri “Pera Palas” otelində qaldı” hekayəsini təhlil edərkən Əsəd bəy maraqlı bir fikir yürüdür: “Sevginin süniləşməsi kişini də, qadını da androgin bir şeyə-sənətkara çevirir” . Ardınca da bu fikrini daha da əlvanlaşdıran bir teoremi oxucunun qarşısına qoyur: “Qadını həqiqətən sevməyən kişi Allahı da sevə bilməz” . İndi, bir oxucu kim mən bu teoremin isbatını axtarmalıyam… Axtarmaq üçün də dönüb-dolanıb yenə öz içimə; düşüncəmə, yaşantıma, sevgimə və sevgini necə duyduğuma diqqətlə baxmalıyam… Əllərimi göyə açıb Allaha dua da etməliyəm ki, bu teoremi aksioma etmək gücünü, yetərliliyini mənə-qadın psixologiyasının ən sadə nümunəsinə ərməğan etsin… Bu yaşdan sonra Allah öz yaratdığı günahkar Həvvanın varisinə daha nəyi necə anladacaq, bilmirəm, amma 2014-cü ildə mərhum şair Rəna Teymurqızının yaradıcılığı barədə yazdığım “Söz ilə ətirləndi” adlı monoqrafiyada sevgini belə anladığımı qələmə almışam:
“Həyatımıza hər gələni hisslərimizlə “bəzəyib”, öz gözümüzə sevdamızdan pərdə asırıq… Görmək istədiyimizi görürük… Adını isə düşünmədən qoyuruq, yaraşsa da, yaraşmasa da: “SEVGİ”.
Və bundan sonra dönüb-dolanıb yenə Əbinin içindəki sevgini düşünürəm… O sevgi ki, Ağanı yalan danışmağa da məcbur edir… İri, yaşıl gözlərilə qarşısındakı naəlaca zənnlə baxan Ağa onun “dərdini” deyirdi… Bəzən, dərmanını da…
Ağanın ən böyük yalanı Aslanla başlayır. Elçin bu məqamda da yazıçı manevri ilə zamanlararası mistikanı oxucuların qarşısına nar meyvəsi kimi qoyur. Tacından tutmuş, rənginin bərraqlığınadək adama “gəl-gəl” deyən, lakin paralanınca gilələrinin şirin yaxud turş, iri yaxud balaca olduğunu bilmədiyimiz kimi Elçinin zaman mistikasına da eləcə heyranlıqla baxırıq.
Aslanı Əbi məhz o ağrılı, qızdırmalı, həyatında dönüş yaradan gecədə “görür”… Və ömrünün sonuna kimi Aslanı yuxudamı, yoxsa gerçəklikdəmi, bəlkə də izaholunmayan paralel zaman kəsiyindəmi gördüyünü özü də “anşırda bilmir”. Yazıçının yaratdığı Aslan obrazı isə hekayəyə illər sonra, artıq Şakirin belə Ağanın sözündən çəkindiyi, onun səsinin qarşısında mütiləşdiyi bir zamanda daxil olur.
Özü də Əbinin onu gördüyü kimi: “iki gündən bir “ştraf” olunduğunu deməyə gəlir”. Ağa Şakirə həmişə Aslana istədiyini verməsini sakit səslə söyləyir. Şakir isə bu sakit səsdəki ilahi hökmü hiss edirmiş kimi müticəsinə boyun əyir. Nəhayət, Aslan Ağanın gördüyü kimi; beyninə qan sızaraq ölür…

***
Əsəd Cahangir Elçinin bir daramturq kimi özünəməxsusluğunu “On üçüncü gecə”də elə möhtəşəm təsvir edir ki, adam az qalır yazıçı Elçini unutsun. Əsəd bəy dramaturq qələmindən daha çox dramaturq düşüncəsi, missiyası haqqında danışır və oxucunun fikirlərini bu istiqamətə yönəldir. Elçinin “Şekspir” pyesi haqqında qeydləri oxuduqca beynimdə qurduğum dramaturq obrazı başdan-başa cilalandı desəm, fikrimi daha düzgün sözlərlə istifadə etmiş olaram. (Baxmayaraq ki, ilk pyesim 2015-ci ildə Gəncə Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulub, yenə də mənimçün dramaturgiya “üzməyə hünər istəyən dərya” olaraq qalır).
Əsəd bəy “Şekspir” pyesi haqda qeydlərində Elçinin həmplanetlilərimizin ümumi düşüncəsini də gözdən qaçırmadığını yazır: “Yadplanetlini dəli sayıb “psixuşkaya” salmaqla Yer kürəsi adamlarının dəli-ağıllı anlayışlarının nə qədər şərti olduğu, onların hər cür fərqli düşünənlərə dəli damğası vurduğu əyaniləşir”. Bu fikirlə razıyam… Çünki, ümumun yekunluğu elə bu deməkdir…
***
Ümumun yekunluğu prinsipinə yazıçı Elçin də “İntihar” hekayəsində yer ayırır: Şakirin ölümünün təsviri ilə… Ölümündən bir gün öncə Şakir öz təbiətinə üsyan qaldırır, Ağanın yanına gəlib bağışlanmağını istəyir:
..Və bir gecə Ağa yatmazdan əvvəl birdən-birə atasını bərk-bərk qucaqladı və bu qəfil vaqeədən əvvəlcə özünü itirmiş Şakir də onu qucaqladı – bütün həyatlarında onlar ilk dəfə idi ki, qucaqlaşırdılar və Ağanın bu məhəbbətindən çox təsirlənən Şakir doluxsuna-doluxsuna:
– Ağa,- dedi.- Məni bağışla, uşaq vaxtı səni çox incitmişəm, ananı da, bacılarını da çox incitmişəm…
Ağa atasını öpdü – bu, onların bütün həyatlarındakı ilk öpüş idi – və heç nə deməyib, öz otağına getdi. Sübh tezdən isə Zəhranın çığırtısı qopdu: Şakir gecə yuxuda ikən keçinmişdi və qəsəbə camaatı onu böyük hörmətlə torpağa tapşırdı.
Ümumun yekununun daha bir bədii təsviri: vaxtilə tünd xasiyyətinə, dilinin acılığına görə Şakirə ayama qoşub “avçarka” deyən qəsəbə sakinləri onu Ağanın atası kimi “böyük hörmətlə” o dünyaya “uğurlayır”…

***
“Dəlilər ikiləşmək hesabına özlərinə kənardan dəyər verdikləri kimi, dəli dünya da özünə teatr, oyun-sənət vasitəsilə qiymət verir”. Əsəd Cahangirin gəldiyi bu fəlsəfi nəticə də maraqlıdır. Məsələyə mərkəzdənqaçma prinsipi ilə yox, mərkəzə meyletmə prinsipi ilə baxsaq, görərik ki, bütün sənətlərin zirvəsinə çatanlara-dahilərə “dəli” damğası vurmaq insan övladı üçün elə də çətin deyilmiş…
***
Hekayənin qəhrəmanı Ağa da paralel zamanların kaşifi kimi “dahi” sayıla bilər. Əlbəttə ki, onun dahiliyinin dəlilikdən xali olduğunu düşünmək mümkünsüzdü. Bunu Ağa özü də bilir… Onun kitablara meyl salması, “əvvəldən axıradək oxumadığı bir kitabı dolaba qoymaması” özünü cilovlamağın üsullarından sayılır. Elmi psixologiya sadə dildə bu prosesə “özünəqapanma” deyə bilir.
Ətrafdakı dünyagörüş, yaxud “el nə deyər” Ağanı da rahat buraxmır. Elin içindən bir nəfər özünü bəyənən də çıxır: Ağa haqqında SSRİ-nin nüfuzlu qəzetində “Yeni peyda olmuş peyğəmbər” adlı təhqiramiz yazı çap edilir…
Elçinin yazıçı ustalığı hekayənin bu yerində daha düşündürücü olur. Necə ki, Üzeyir bəy Hacıbəylinin felyetonlarını oxuyandan sonra eyvana çıxıb həmin personajları bir-bir gerçəklikdə seyr ediriksə, bax o cür də indiki media haqda düşündüm… Mənə elə gəldi ki, Elçin bu məqamı elə ətrafına baxanda görərək yazıb, mən də, sən də, o biri oxucu da ətrafına baxarkən bunu görəcək… Heç bir elmi izahı axtarılmayan, kökü araşdırılmayan, qulaqdan-qulağa yarıuydurma, yarıgerçək yayılanları uc-uca qoşub informasiya adıyla camaata sırımaq günümüzün ən adi və ən ucuz peşəsinə çevrilib…
Ağa haqqında yazılan felyeton da bu cür ucuz idi.
Ən maraqlısı isə qəsəbə sakinləri tərəfindən, hətta, ittifaqın ( burada SSRİ nəzərdə tutulur) hər yerindən Moskvaya ard-arda göndərilən teleqramlardı. Hansı ki, o qəsəbədə “avçarka Şakir”in cılız oğlu elə Əbiliyində qalsaydı, heç kim yolda başını döndərib ona salam vermək əziyyətinə də qatlaşmazdı… Yenə də insan düşüncəsinin anlamadığını gözündə böyütmək kimi xisləti haqqında psixoloji elmi-tədqiqat işi oxuyurmuş kimi hiss etdim özümü…
***
Əsəd Cahangir kitabında Şekspir adı ətrafında aparılan ədəbi şoudan da bəhs edir. Şekspir imzasının əslində kimə məxsus olduğu, “Olum ya ölüm?” sualının bədii donunu qüsursuz biçmiş dərzinin qadın yaxud kişi olduğu, ən nəhayətində, eyni imza altında bir neçə müəllifin birləşdiyi hələ də müzakirələrə, mübahisələrə, yeri gəldi-gəlmədi umu-küsülərə səbəbdir. Əsəd bəy bütün bunların sonsuzluq işarəsi ilə lənətləndiyini bircə cümlə ilə deyir. Və həmin cümlədə ədəbi hökmü hiss etmək elə də çətin deyil: “Belə çıxır ki, “Böyük Şekspir oyunu” adlandırıla biləcək bu tamaşanın pərdəsi qiyamətdə enəcəyi kimi, Şekspirin adı ilə bağlı sirr pərdəsi də qiyamətdə qalxa bilər!”
“Şekspir” pyesindən bəhs edərkən Əsəd bəy rejissor işinə də diqqət ayırır. Deyir ki: “Bəhram Osmanov quruluş verdiyi tamaşalarda aktyor imkanlarının maksimum nümayiş etdirilməsinə şərait yaradan rejissordur”. Bəhram Osmanovun adı məni illər əvvələ-2009-cu ilə apardı… Onda Gəncədə teatr festivalı keçirilirdi… Onda Bəhram Osmanov Cəfər Cabbarlı adına GDDT-na baş rejissor kimi gəlmişdi… Və mən televiziyada redaktor işləyirdim… Bir gün qərara alındı ki, həftənin şənbə günü səhər proqramının canlı efirində Bəhram Osmanov qonaq olacaq. Teatra olan sevgimdən (görkəmli teatr xadimi Rafiq Atakişi bu sevgimi sezərək demişdi: “Sənin kimi teatrı sevən, anlayan cəmi iki-üç adam tanımışam bir ömürdə, ay balaca qız…”) Bəhram Osmanov üçün də pay ayrılmışdı. Həftənin əvvəlindən cümə gününədək şənbə efirini düşünmüşdüm. Nəhayət, cümə günü Cavadxan küçəsindən keçərkən yolumu dəyişib ara dölməyə girmişdim. Düz Osmanovların evinə getmişdim… Anasından Bəhram bəyin uşaqlıq şəkillərinədək götürdüm, ananın dilindən sevgiylə axıb tökülən cümlələri “birər-birər yaddaşıma, ruhuma yığdım”, üzümdə gözəl bir təbəssüm işə qayıtdım. Səhərisi Bəhram Osmanov studiyada ikən onun haqqındakı kiçik həcmli süjet efirə getdi… Bəhram bəy gözləri böyümüş halda bircə cümlə demişdi:
-Bunu kim eliyib axı?
O cümlədəki sevinci də, qüruru da, fəxarətqarışıq təəccübü də duymuşdum… Elə ona görə də yalnız bir həftə sonra Bəhram bəyə telefon açaraq o süjeti hazırlayanın adının Şəfa olduğunu demişdim… Əminəm ki, Bəhram bəy o Şəfa adlı qızın mən olduğunu heç ağlına da gətirməmişdi…
***
Əbi beş qızdan sonra doğulanda qəsəbədə heç kimin ağlına da gəlməzdi ki, gün gələcək, onu Vanqa, Messinq, Edqar Keysi ilə bərabər tutacaqlar… Bəlkə, ucundan-qulağından eşitsələr qarınlarını tutub qəşş edənədək gülərdilər ki, “necə yəni, bizim Əbi Brejnevi müalicə edə bilər?” Amma onlar Ağaya inanırdılar… Ağanın Brejnevi klinik ölümdən qaytardığına kimsə şübhə etmirdi…
Elçinin Əbini Ağalığa aparan yolu ruhunun diqtəsi ilə qələmə alması nənəmin bir sözünü yadıma saldı: “Əzəlin gəlincə, axırın gəlsin”… Ağa Əbinin axırı idi… Sonu idi… Bu sonu gözləmək də onunçün əzaba çevrilirdi. Sanki, əlini uzatsa gətirəcəyi son hər şeyin tərsinə çevrilmiş halı idi…
***
Əsəd Cahangir Elçinin “Baş” romanı haqda fikirlərini də kitabda oxucularıyla bölüşüb. Tarixi hadisələrin fonunda romandakı ölüm fəlsəfəsinin açar sözlərini də müşahidəçi qabiliyyəti ilə aşkarlaya bilib. “İnsan öz ölməzliyini ölüm hesabına dərk edir”. Mən deyərdim ki, bu fəlsəfəsəni aşkarlamağa Əsəd bəy heç cəhd göstərməyib. Çünki, Elçinin demək istədiklərini anlamaqda o, heç vaxt çətinlik çəkmir. “On üçüncü gecə”də Əsəd Cahangirlə Xalq yazıçısı Elçinin ruh və düşüncə bağlılığını görmək istedadlı və həris oxucu üçün çox asandı. Yetər ki, nə oxuduğunu biləsən, oxumaq ehtirasını cilovlamaqdansa, ona yeniləsən…
Daha sonra Əsəd bəy ölüm fəlsəfəsinin kölgəsində daim ikili düşüncə ilə yaşayan insanın öz-özünü təkzibini və ya təsdiqini axtarır Elçinin romanında… Bu axtarış da uzun sürmür. Axı, yazıçı hadisədən hadisəyə, zamandan-zamana keçid etməklə ikiliyin varlığını “etiraf edir”… Əsəd bəy də haqlı olaraq bu qənaətə gəlir: “Klassik Şərq kəlamçılarının dili ilə desək, insanlığı iki cür aşmaq olar-ya mələk, ya da heyvan olmaqla…”
***
“İntihar” hekayəsində də yazıçı çoxlarının Ağanı mələk kimi gördüyünü yazır. Bəziləri onu xeyirxah, şəfqətli bir mələk obrazıyla eyniləşdirsə də, bir başqası, məsələn, professor Ağa-zadə onu ölüm mələyi hesab edir…
Sona doğru addımlamağa Ağa övladları dünyaya gələndən sonra başlayır… Hər addımda min bir məşəqqət, əzab daşıyır. Hekayənin bu sona doğru irəliləyən məqamında Elçin Ağanı bir ata kimi təqdim edir və öz sevimli obrazını insaniləşdirməyə sidq-ürəklə cəhd edir. Öz övladlarının üzünə zənnlə baxmaqdan qorxan Ağa onu yaradana, bu “vergi”ni ona əta eləyənə qarşı çıxmaqdan da çəkinmir. İçindəki düşüncələrdən, hisslərdən qorxduğuna görə güzgüdə öz əksinə baxmayan Ağa, əslində, öz daxilini hamıdan yaxşı, hamıdan aydın görürdü… Bu gördüyünün içindəki yaşam əzabını dərk etdiyindən həyatdan zövq almaq deyə bir anlam ona yad idi. Bu yadlıqla qapısına gələnlərin içindəki “qara duman”a baxır, Tanrının niyə buna izn verdiyinə məəttəl qalırdı.
Elçin Ağanın bu heyrətində də “Olum ya ölüm?” sualını məharətlə şifrələyib… Axı, “olmaq” da, “ölmək” də insan oğlunun-yaradılışın əlində deyil… Yüz müxtəlif səbəbi olursa da olsun, ölüm elə ölümdür və onun dəqiq saatını, vaxtını, zamanını alnımıza yazan yazıb…
Ağanın sona bir addım qalmış öz “vergi”sinə də şübhə etməyi yadımıza Herman Hessenin “yalquzağını” salır… O da sonda özünün əsl xislətini-insan ruhundakı asiliyi, şeytaniliyi görmüşdü… Ağa da sona bir addım qalmış “vergi”sinin Şeytan əməli olduğuna inanmaqdan özünü güclə saxlayırdı.
Nəhayət, sonluq…
2011-ci il avqustun 13-ü… Ağanın 55 yaşı tamam olur. Dünyaya gəlməyinə günlər qalmış nəvəsinin-onun kimi iri, yaşıl gözləri olacaq oğlanın yeddi yaşında avtomobil qəzasında ölməsi Ağa üçün son gördüklərinin son epizodu idi… Bu epizodda o, həyatın faniliyinin dərkinə çatır… Və Şərq fəlsəfəsinin pik nöqtəsi- “beşgünlük fani dünya” hekayənin içindəki növbəti düşüncə keçidi olur. Bu keçiddən keçməklə hər bir oxucu insan oğlunun qolunun zoru, varının zəri işləməyən qanunların olduğunu da anlayır. Ağanı ölümə aparan da bu qanun idi…
Ağa olumun daim ölümə borclu olduğunu anladığında “Kor Gözəl Qız” pirinə gedir… Və bu pirin əfsanəsinin yarıdumanlı görüntüsünü yenə yazıçı qələminin sehri ilə “görürük”… Nə vaxtsa, guya o qayanın üstündə oturan Kor Gözəl Qız qəfil yoxa çıxmışdı… O qızın saflığa, müqəddəsliyə qovuşaraq günahkar gözlərə görünməməsi inancı həmin qayanı pirə çevirmişdi.
Ağa Kor Gözəl Qızın gözünün açılmasını “gördükdə” (burda da yazıçı insan psixologiyasının hüdudsuzluğuna işarə edir) özü öz gözündən düşür… Bu düşməklə də Ağanın içində Əbi üçün darıxmaq baş qaldırır. Onun bildiklərini bilməyən, gördüklərini görməyən, dolayısı ilə bəsirət gözü açılmayan Əbinin həyatını yaşamağı daha şiddətlə arzulayır… Bu arzunun bir ucundan tutaraq o gecə- avqustun 13-nün başa çatdığı gecə Kor Gözəl Qız qayasına gedir Ağa. Qayadan da o üzə Əbiyə doğru yol alır. Gedir Əbini – özünü axtarmağa…
Səhərisi isə artıq Ağa “yoxa çıxmışdı”…
***
Yazının əvvəlində Əsəd Cahangirin Elçin haqqındakı fikirlərini qeyd etmişdim: “Onun haqqında yaza-yaza həm də özümü formalaşdırır, özümü yaradıram”… Mən isə aylardı içimdə, özümdə axtardıqlarımı dilə gətirdim bu yazıyla… Və “On üçüncü gecə”nin sabahında daha bir günəşi salamladım…

Şəfa Vəli
(AYB və DGTYB üzvü, Respublika Gənclər Mükafatı laureatı, Gəncə-2017)