UŞAQ ŞEİRLƏRİ
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə
BİRİMİZƏ ÇATMAYIR
Nənə nağıl danışır,
Göydən üç alma düşür.
Nəvələrin günləri,
Bax beləcə ötüşür.
Almaların üstündə,
Dalaşırdı nəvələr.
Axı alma üç idi,
Onlar isə dörd nəfər.
Kiçik nəvə Dürdanə,
Bir gün dedi:- Ay nənə,
Bəs niyə almaların
Sayı heç vaxt artmayır?
Axı biz dörd nəfərik,
Birimizə çatmayır.
BƏH-BƏH, NƏ QƏŞƏNG
Ay doğdu, nur ələndi,
Bəh-bəh, nə qəşəng?!
Bu nur nə gur ələndi,
Bəh-bəh, nə qəşəng?!
Bir anda göy üzündə,
Bəh-bəh, nə qəşəng?!
Ulduzlar cilvələndi,
Bəh-bəh, nə qəşəng?!
NİYƏ QORXUR GÖRƏSƏN
Göydə qara buludu,
Külək qovur, – gur əsən.
Qara bulud küləkdən
Niyə qorxur görəsən?
Bir yaxın gəl, ay ata,
Nəzər yetir göyə sən.
Göyün işıqlarını
Kim çəkibdi görəsən?
ÇƏPİŞ
Çəpişə bax, çəpişə,
Elə gözdən yayınıb
Hey can atır çəp işə.
Gah küləşi dağıdır,
Gah suyu bulandırır.
Körpə quzuları da
Dalınca dolandırır.
Bağçada ağacların
Yarpağına qənimdi.
Gözü yaşıl nə gördü,
Tezcə deyir: “mənimdi”.
Hara gəldi, adlayır,
Bilməz, bağdı, qoruqdu.
Bu qədər yeyir, yenə
Arıqdı ki, arıqdı.
Nənəm deyir, sənin də
Bənzərin var çəpişə.
Onun kimi elə hey
Can atırsan çəp işə.
BELİN HÜNƏRİ
Ərşada bax, Ərşada,
İstəyir ki, özünü
Dostlarının yanında
Atasına oxşada.
Bir əlində bel tutub,
Bir əli belindədi.
Deyir, gəlin göstərim
Hünəri belin nədi.
Əkinçinin sağ əli,
Suçunun ürəyidi.
O, bəy-nökər tanımaz,
Hamının gərəyidi.
Bağça-bağa gərəkdi,
Susuz dağa gərəkdi,
Canımız dediyimiz,
Qanımız dediyimiz,
Bu torpağa gərəkdi,
Bu torpağa gərəkdi.
QAŞQA BUZOV
Bu buzov qaşqa buzov,
Bu buzova bənzəməz
İnanın başqa buzov.
Həndəvərə buraxmır
Öz doğma anasını.
Əvvəlcə özü yeyir
Ot-alafın xasını.
İçib qurtaran kimi
Suları bulandırır.
Həyətdəki iti də,
Toyuğu, cücəni də,
Qonşunun çəpərindən
Bu yana keçəni də
Yanınca dolandırır.
GİCİTKƏN
Gicitkən, ay gicitkən
Mən elə bilirdim ki,
Sən bir qorxmaz igidsən,
Bu qədər iynə ilə
Niyə durdun qəsdimə?
Mən silahsız gəlmişdim,
Axı sənin üstünə.
İGİD ÇOBAN
Bu düzün qarına bax,
Bu dağın qarına bax.
Sərçələri gen düşən
Budağın qarına bax.
Bu yerin dağ-dərəsi,
Düzü qardan seçilmir.
Kol-kos ağappaq olub,
Quzulardan seçilmir.
Budur səsi bürüyür,
Bütün kəndi çobanın:
“-İndi adam yanından
Çəkilərmi sobanın?
Bəsdi, qoyun-quzunu
Düz doqquz ay otardım.
Ta yaz girənə kimi
Mən işimi qurtardım”.
Qoyun-quzu mələşir,
İtir səsi çobanın.
Bu an dördgöz eləyir
İtin səsi çobanı.
Çoban bildi canavar,
Soxulubdu sürüyə.
Tez irəli şığıdı,
Heç baxmadı geriyə.
“- Aha, azğın canavar,
Qurtar görüm əlimdən” –
Deyib zağlı çomağı
Çəkdi onun belindən.
Canavar ha çalışdı,
Qalxammadı ayağa.
Çoban bir də güc verdi
Əlindəki çomağa.
El axışıb gəlincə
Çoban gördü işini.
Hamı dövrəyə aldı
Canavarın leşini.
“-Vallah, sənə yaraşır
Hər cür ad-san” – dedilər.
“Sən bu elin Qaraca
Çobanısan” – dedilər.
Çobanın igidliyi
Düşdü dilə, ağıza.
Mən də qələm götürüb
Köçürdüm bu kağıza.
ƏRŞADIN OVÇULUĞU
Yaman artıb Ərşadın
Ovçuluğa marağı.
Heç belindən düşməyir
Patrondaşı, yarağı.
Ovçuluqla ötüşür
Hər saatı Ərşadın.
Səfər üstə hazırdı
Qarğı atı Ərşadın.
Cana gəlib əlindən
Ağacdakı sərçələr.
Az qalır ki, baş alıb
Bu yerlərdən köçələr.
Hey görürsən, keçirir
Quşatanı boynuna.
Yığır xırda daşları
Ciblərinə, qoynuna.
Balaca Toplanı da
Salıb tezdən yanına,
Daraşır bağçadakı
Ağacların canına.
Sonra yığıb başına
Canpoladı, Xanışı,
Ovçuluq hünərindən
Hayla-küylə danışır.
“-Bir daşım da hələ ki,
Ötüşməyib havayı.
Yüz sığırçın vurmuşam
Sərçələrdən savayı.
Bir vuruma sərəndə
Sığırçının beşini,
Oğulsansa, seç, ayır
Bədənini, leşini.
Nə istəsəz, göstərin,
Vurum salım yerimdən.
Bəhsləşəmməz mənimlə
Elə Ovçu Pirim də…”
…Bax beləcə danışdı,
Təriflədi özünü.
Neçə yol da adına
Qoşdu ovçu sözünü.
Ancaq ovçu olmadı
Adı “ovçu” Ərşadın.
Tanış-biliş çağırdı:
“Gopçu”, “gopçu” Ərşadı.
SAHİBSİZ BAĞ
Bu bağ kasıbdı yaman,
Kol-kos basıbdı yaman,
Deyən baxanı yoxdu,
Bir qeydinə qalanı,
Dostu, yaxını yoxdu.
Dişə vurmaq olmayır,
Meyvələri cırdı ki.
Tikanları ilişib
Üst-başımı cırdı ki.
Alağından seçilmir
Gül-çiçəyi bu bağın.
Arılara qənimdi
Hörümçəyi bu bağın.
Yəqin sahibi yoxdu,
Yəqin kimsəsizdi bağ.
Onunçün bu qədər lal,
Bu qədər səssizdi bağ.
Gedim, yığım başıma,
Yaxın dostu, tanışı,
Bu bağın dərd-sərini
Onlara da danışım.
Yığışaq, tədbir tökək,
Bir qərara gələk biz.
Bağın bütün işini,
Aramızda bölək biz.
Birimiz kol-kosları,
Birimiz alaq vuraq.
Birimiz yer belləyək,
Birimiz calaq vuraq.
Qurtaraq arıları
Torundan hörümçəyin.
Axı arı dostudur
Hər gülün, hər çiçəyin.
Budayaq ağacların
Qurumuş budağını.
Sulayaq boz torpağın
Çatlamış dodağını.
Can verək hər budağa,
Hər yarpağa can verək.
Hər otun, hər çiçəyin
Damarına qan verək.
Axı atalar demiş:
-Bağa baxsan bağ olar.
Baxmazsan, ürəyinə
Çalın-çarpaz dağ olar.