YAZMAQ ARZUSU

Eldən soraq gəldi, sevin, ey nəğməm,
Sevincin, şadlığın bir bulaq olsun.
Azadlıq eşqilə gülsün bu aləm,
Arada nə həsrət, nə fəraq olsun.

Gülün, ey yazısız qalan varaqlar!
Bəyaz sinənizdə yollar görünsün.
Sizi nəfəsilə oxşasın bahar,
O ağ qanadınız şeirə bölünsün.

Gül sən də ey qələm, sakit durma heç,
Qəlbimin atəşi axsın qəlbinə.
Sənət yollarından cəsarətlə keç,
Elin sınağından çıxaq biz yenə.

Sevin, sən də sevin, ey yazı masam!
Qoymaram tənhalıq sıxa qəlbini.
Yaxın dostum kimi səni anmasam
Vəfasız tanıyar bu ellər məni.

Çoxdandır başımı qoyub sinənə
Şirin xəyallara dalmamışdım heç.
Arzumu, sözümü bildirib sənə
Səninlə sübhədək qalmamışdım heç.

Gözəldir baş-başa verib axşamı
Ülkər doğanadək nəğmə deməyim.
Alışıb söndükcə göylərin şamı
Bir şeir eşqilə yana ürəyim…

1958

SORUŞ

Mənim kimliyimi, mənim adımı
Vətənimdən soruş, elimdən soruş.
Bu coşğun, bu qaynar ehsasatımı
O dağlardan enən selimdən soruş.

Xəzan da görmüşəm, çiçəkli yaz da,
Nəğmə tək dolandım dildə, ağızda,
Solub getməmişəm qarda, ayazda,
Məni təzə açan gülümdən soruş.

Coşdum dəniz kimi, çağladım su tək,
Könüldə yaşaram bir saf duyğu tək,
Məni, zəfərlərlə ötüb gələcək
Günümdən, ayımdan, ilimdən soruş.

Nə vaxt bizim elə səfər eyləsən,
İnama desələr daha yoxam mən,
Məni bahar kimi təravətli, şən,
Qılınc tək kəsərli dilimdən soruş.

1964

QƏRƏNFİL

Nə tez oyanmısan qış yuxusundan,
Hələ təzə gəlir bahar, qərənfil.
Gözünü gör necə ağardır sənə
Kəpəzin başından o qar, qərənfil.

Nə nərgiz çıxmışdı, nə novruzgülü,
Nə dağlar atmışdı üzündən tülü.
Şaxta yaman vurub meşəni, çölü,
Gözlə yarpaqların donar, qərənfil.

Ayağın altında sərilmiş otlar,
Başına mirvari səpir buludlar.
De, nədən titrəyib əsirsən, nə var,
Bir yerdə tutmursan qərar, qərənfil.

Qoy gəlsin özünə yazığın barı,
Gəl odlu sinəmə, gəl sığın barı.
Qızınsın köksümdə yarpağın barı
Qəlbimdə sönməyən od var, qərənfil.

Axı bu çöllərdə nəyin var, nəyin,
Ruzgarın əlində solar örpəyin,
Kim deyir, yox sənin arxan, köməyin?
Yolunu gözləyir dildar, qərənfil.

NAZNAZ

Baş qoyub torpağın isti köksünə
De kimi anırsan belə, a Naznaz.
Xəfif bir qızartı çöküb üzünə,
Sevginmi düşübdür dilə, a Naznaz?

Soruşdum ürəkdən yanandan səni,
İntizarmı salıb amandan səni.
Bəlkə ayırıblar anandan səni,
Dönüb həsrət yaşın selə, a Naznaz.

İpək ləçəyində günəşdən zərlər
O qıvrım saçını şehlər bəzərlər.
Səni nə qoxlayar, nədə üzərlər,
Deyərlər, körpəsən hələ, a Naznaz
.
Fəqət yaşın çoxdur, boyun balaca,
Darıxdın vüsaldan soraq alınca.
Sənə nəğmə deyib laylay çalınca,
Ucaldı səsim də zilə, a Naznaz.

Sən heyran etsən də çoxunu, gülüm,
Mən duya bilmişəm qoxunu, gülüm.
Küləklər dağıdar yuxunu, gülüm,
Yat, axşam çökübdür çölə, a Naznaz

Uyu, körpə gülüm, dincini al bir,
Səni kəpənəklər çox incidibdir.
Elə ki, gün doğdu oyandı göy, yer,
Təzə nəğməm gələr dilə, a Naznaz.