( Emil Rasimoğlunun doğum günü üçün…)

Dəniz torpağa söykənib,
Sabahlarımız küləyə…
Kül olmağı bacarırsan gözlərində
Çək gözlərini yaxınlardan,
Çətin günlərin adı “dostluq” qalsın.
Sevgisiz…
Qürbət bir gəmidir, yelkənsiz…
Çək gözlərini uzaqlardan,
Barmaqların yazıda dara çəkilsin,
Sevinsin bunlar, sevinsin onlar…
Bir daha süfrəyə yaxınlaş
Böl iki yerə çörəyimizi,
Elə gülüşlərimizi də…
De ki, bəsimdir,
Şeir şəhərində bir yıxıq damım olsa,
Bir udum sözüm olsa…
biz xoşbəxtlər küçəsindəyik,
kölgəmizdən başqa yıxılmır qamətimiz.
Qısalsa da qəddimiz,
yalın ayaq qaçırıq sabahlara…

Ümid Nəccari

*
(Emil Rasimoğlunun doğum gününə…)

Evləri özündən balaca adam,
Ürəyin Tanrının ovcuna sığmaz…
Sən min il, milyon il yol gəlirmişsən,
Düşüncən yer adlı xurcuna sığmaz.

Sözlərin dilində tüstünə düşər,
Ulduzlar içində sürgünə düşər…
Başın buludların üstünə düşər,
Ayağın dünyanın ucuna sığmaz.

Gör nələr söylədin, a bəxt yiyəsi,
Düşdün misra-misra şeirə əsir…
Bəlkə də sözün də qalacaq kəsir,
Bu yolda bir ömür xərcinə sığmaz.

Nurlan Vaqifoğlu

P.S: Vurğulayaq ki, dünən ( 27 iyun ) AYB-nin üzvü, gənc şair Emil Rasimoğlunun doğum günü idi.