“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

Günel Şamilqızıya…

Günün birində oturub dünyanın dərdini çəkmək istəmişdim. Əllərim ayaqlarıma sahib çıxmadığı zamanlardan biriydi. Bu nağılın tam ortasındaydıq ikimiz də; o da, mən də… Ayrı-ayrı qapılar açırdıq nağıllar diyarına. Onun qarşısına qırx incəbelli kəniziylə birgə şah qızı çıxmışdı, məni isə qapının arxasında bir div qarşılamışdı. Şah qızı onun saçlarından tutub qırxıncı qapıdan eşq dünyasına çəkmişdi. Div mənimlə elə birinci otaqdaca yan-yana oturub dərdləşmişdi.

***

Zil qaranlığın ortasında təkcə divardakı mamırlar işıldayırdı. Onun alatoran işığı da divlə mənim üstümə düşürdü. İkimiz də nə yeri, nə göyü görürdük… Eləcə bir-birimizə baxırdıq. Mən ondan soruşurdum:
– Qadan alım, ay div, niyə məni yemirsən?
O da yaşıl başını yelləyə-yelləyə Sezen Aksunun mahnısını oxuyurdu:
– Əskidəndi, çox əskidən…
Ədəbiyyatın haqlarını qorumaqla qəhrəmanlıq etdiyimi düşünürdüm:
– Ay div, başına dönüm, bir bu şeiri yazanın da adını çək, nolur. Bilirsənmi ki, bu şeiri Murathan Munqan yazıb?
Div üzümə elə ifadə ilə baxmışdı, ay Tanrı… Bu ifadəni dilə töksəm, təxminən, bu cümlə alınar:
– Şeirin də başı batsın, şairin də!
Dinməmişdim. Elə xəcalət çəkmişdim ki… Tanrının divi hardan bilsin şeir nədi? Başlamışdım mən də zümzümə eləməyə:

Hanı hamımız dostduq,
Hanı oyunlar tükənməzkən,
Hələ bir kimsə bizə xəyanət etməmişkən,
Biz də kimisə aldatmamışkən,
Əskidəndi, çox əskidən…

Div gülmüşdü. Gülmüşdü nədi, a kişi, div uğunmuşdu. Yaşıl başı bir o yana sallanırdı, bir bu yana yellənirdi. Düşünmüşdüm ki: “Bayaqdan özü oxuyurdu ey, indi mən oxudum buna noldu, görən?” Yavaşca sağ əlimin şəhadət barmağıyla divin sağ böyrünü dümsükləmişdim. Əlim elə bil boşluğa dəymişdi. Div azca dikəlmişdi yerində. Gözlərimi bərəldib soruşmuşdum:
– Qadan alım, ay div, sən mənim ölmüşüm, nəyə uğunmuşdun elə?
Div diqqətlə mənə baxmışdı. Bu dəfə ağlamışdı. Elə bil nənnisinin ipi qırılmış körpəydi, lapdan dəymişdi qaradamın xırlı döşəməsinə. Əlacım kəsilmişdi, üzümü dibi görünməyən qaranlığa–yuxarıya tutmuşdum:
– Ay Tanrı, bu yazığı niyə bu günə qoyubsan?
Div birəlli şappıltıyla başıma qapaz salmışdı. Gözüm qaralmışdı, ağzıüstə yerə dəymişdim. İşə bax, yer də boşluq kimiydi, heç yerim ağrımamışdı. Divin səsi də boşluqdan gəlmişdi:
– Kül o Tanrının başına ki, sənə də bəndəm deyir. Səni yaradanda yəqin, ilham pərisi gəlməyibmiş Tanrının. Bu da mənə şair olub! Oy, canın yansın elə! Dur, dur, dur rədd ol xaraba qalmış yerin üstünə! Bir də buralarda görsəm səni haaa…

Dikəlib yenə yerimdə oturmuşdum. Acığımdan dodaqlarımı dişləmək həddindəydim. Ürəyimdə divə elə acığım tutmuşdu ki: “Bir bunun fasonuna bax, forsuna bax! Utanmır, div olduğu yerdə mən boyda şairi lağa qoyub! Aleyyyy !”
Sözləri ürəyimdə desəm də “Aleyy!”i əlimlə eləmişdim; iki əlimi qoşalaşdırıb div tərəfə bir yelləmişdim ha…
Div də diviymiş, tutmuşdu biləyimdən ki:
– Di bir şeir de, görüm nə yazıbsan axı? Yoxsa bu saat kiçik qardaşımı çağıracağam, ətini şişə çəkəcək!
Qorxudan bütün hikkəm yoxa çıxmışdı. Dilim-dodağım əsə-əsə demişdim:
– Ay div qağa, olar, nənəmə yazdığım şeiri deyim?
Div məni üsulca yerə qoymuşdu, nataraz əliylə pırtlaşıq saçlarımı sığallamışdı:
– Həqiqi? De mən ölüm, nənənə şeir yazıbsan?
– Tanrı haqqı, ay div, qadan alım, elə özcə nənəmə yazmışam ey. Xalxın nənəsiylə nə işim var axı?
Doluxsunmuşdu div, ürəyi yumşalmışdı, deyəsən. Əli ilə mənə qapını göstərmişdi:
– Yeri get o yana! Bir də gəlmə buralara! –deyə-deyə hıçqırmışdı.

Yerimdən tərpənməmişdim. Xətrimə dəymişdi divin şeirimə qulaq asmadan məni yola salmağı. Bu vay-şüvəndə şeir demək həvəsimin ölçüsüz olduğunu divə necə başa salım deyə düşünmüşdüm. Div öz-özünə danışırdı elə bil:
– Nənəm, ay nənəm… Birçəyi ilan qotazlı, yelçəyi çayan bədizli nənəm heyyy…. Oy nənəm, oy… Məni qoyub hara getdin, ay can şüşəsi çatdamış, ay nənəm heyyyy….

Canım yanmışdı divə. Düşünmüşdüm, div olanda nolur ki?! Onunku da candı da. Yerdən çıxmayıb ha, onun da nənəsi-dədəsi olub. Yenə şəhadət barmağımı onun böyrünə toxundurmuşdum. Yenə boşluq kimiydi o yekəlikdə gövdə. Div sakitləşmişdi, zopa-zopa barmaqlarıyla yanağındakı yaşı silməyə çalışmışdı. Mənə elə yazıq-yazıq baxmışdı ki… Ürəklənib demişdim:
– Ruhu şad olsun nənənin, div qağa!
Div də ağlayıb dincəlmişdi. O da ürəklə:
– Ölənlərinə rəhmət, şair! – demişdi.
Elə sevinmişdim ki… Div mənə “şair” demişdi! Puah… Bu, dünyada bir ilk idi! Mərc gələrəm ki, hələ indiyədək heç bir şairə div belə müraciət etməyib. Sevincdən qanad axtarmışdım ki, uçam gələm bu dünyaya, qırxıncı qapının arxasında şah qızıyla eyş-işrətdə olanımı çəkəm çıxardam ordan, deyəm:
– Ayə, sən də məni bəyənmirsən? Div mənə şair dedi, eeyyy!!!
Elə bu həvəslə də divlə sağollaşmadan özümü qapıya çatdırmışdım. Qapıya çataçatda maraq məni öldürmüşdü. Dönüb soruşmuşdum:

– Qadan alım, ay div, de görüm, məni şair olduğuma görə yemədin, eləmi?
Div bir gözü gülə-gülə, bir gözü ağlaya-ağlaya başını bulamışdı:
– Başın haqqı, sən elə bil. Yarım aydı dietdəyəm, di yeri get, diyetimi pozsan, bütün nəslini yeyəcəyəm!
Özümü eşiyə təpmişdim…

***

Şah qızının sarayına gedən yolu isə o gecədən bəri ha axtarıram, tapammıram. Nə də özümə etiraf edəmmirəm ki, o, məni hər həftə bir şah qızına dəyişir… O, daha mənə qayıtmayacaq. Hərdən-hərdən o gecə yuxumdakı yaşıl divi görürəm. Az qalıram Tanrıdan elə onu yanımda istəyəm, başımı sinəsinə söykəyəm, birlikdə ağlayaq. Tanrı haqqı, elə gözəl ağlayır ki, o başıbatmış… Div olanda nolur ki? Mən də Tanrıma sübut eləyəm ki, hamı kimi ağlaya bilirəm… İnanmazmı Tanrı? İnanar, yəqin… Şair olanda nolur ki?