Dərdə dərmanım, tez yetiş, sənsiz dildə dastanam mən,
Baxma ki, göylə gedirəm, dərdi yerlə yeksanam mən.*

Deyirlər ki, dan sökülür, günəş doğur hər sübh çağı,
Bu bir həqiqətdirsə bəs niyə zülmətnişanam mən?!

Hər kəsə bəllidir mənim siqlətim də, xislətim də,
Mücərrədlə işim olmaz, kim deyir ki, pünhanam mən?!

Məni damla bilən kəsin zövqünə yazıqlar olsun,
Baş vurmağa cəhd eyləsin, görsün necə ümmanam mən.

Nə Kanda gəz, nə Məkanda, nə də laməkan san məni,
Sən adlı dünyam var mənim, Eşq adlı bir məkanam mən.

Xilqət üçün bir yol vardır, Oday, Haqqa tapınmağa, –
Ta Adəmdən üzü bəri varlıq üçün bürhanam mən.