***

Bir zamanlar
göyə bülənd olan
qərib körpələrin ahıdı
indi atəş şəklində
qayıdıb özümüzü yandırır, –
Vaxtında:
“Yavrum, sənin dərdin nə?”-
sormamışıq deyə.
Qərib insanlar
qərib yollar kimidi –
Birinin içindən,
Birinin üstündən keçilməz.
Qərib cığırlar
yola qovuşmaz.
Qərib insanlar adama yovuşmaz.
Qərib insanların
qəlbini yosun,
Qərib yolların üstünü ot basar.
“Arxalı köpək qurd basar” –
Biz heç köpək olmadıq ki, yavrum,
arxamız da olsun.
Biz həp adam olduq.
Və illərdi adam olmaqın
altını çəkirik…
Ömrümüzün sonuna qədər də
bu altçəkmələr bitən deyil…
Olsun, yavrum, üzülmə,
Hər səhər qəriblərin
gül üzünə xatir sökülən dana,
doğulan Günəşə salam ver.
Bir də pəncərən önündə çikkildəşən
sərçələrin nəğməsinə
ürəyinin çırpıntısına qulaq asırmış kimi
qulaq as…
Sonra da başını qoy
qərib ruhların köksünə və
ucadan hönkür…
Höhkür ki,
qəlbini sarmış yosunlar
gözlərindən tökülsün…
Yoxsa….
…O qədər laçın oğlanlar
Laçın həsrətilə
qərib ruhlara döndülər ki…
Sənin nə canın-cüssən var, yavrum…
Silkələsən
bir əlçim şeir,
Üç tel bayatı,
bir hönkürtülük ağı
tökülə, ya tökülməyə…
Sən rahat hönkür, yavrum,
Onsuz da səni
eşidən olmayacaq,
Çünki hamının
başı qarışıb gülməyə…

12.07.2018