Xalq şairi Fikrət QOCA.

Çəkin itir,

ya yavaş-yavaş,

ya da qəfil.

Ölüm budur

ya da qəfil!

Milyon-milyon

zərrələrə parçalanırsan,

səpilirsən,

dağılırsan,

səssiz, səmirsiz,

sənsiz qalırsan.

Özünü tapa bilmirsən,

ölmürsən, dirilmirsən.

Qalırsan çəkisizlikdə

kimsəsizlikdə.

Burda bir iş yoxdu

sizlik, bizlik də…

Zaman, içindən

keçib gedir, bilmirsən.

Ağlamırsan,

gülmürsən.

Qısqanclığın,

aclığın,

toxluğun yoxdu.

Zamanla getmirsən

Varlığın, yoxluğun – yoxdu!

Zaman il idi, ay idi bilmədim

Keçdi an kimi.

Zərrələrim qayıtdı.

Beçə verən bal arısı

şahının üstünə yığılan kimi.

Qayıtdı ağrım, acım,

gözümü açdım,

başımın üstündə xanımım,

övladım, bacım.

Qayıtdı qayğılarım, dərdim, çəkim.

Altımda çarpayı zarıyırdı.

Başımın üstündə

gülümsünürdü həkim.

Həkimə razılığımı bildirdim başla…

Ürəyimdə özümə dedim,

ay yazıq indi gəl

hər şeyi təzədən başla….

06.12.2016-cı il.

Mənbə: http://ayb.az