Xalq şairi.Vaqif SƏMƏDOĞLU.Seçmə şeirlər

* * *

Kağızın üstünə düşüb,
İki əlimin kölgəsi.
Yenə də lap zilə qalxıb,
Təkliyin yalquzaq səsi.

Vaxtdan yaxa qurtarmışam,
Bilmirəm saat neçədir…
Ay yarımçıq, ulduzlar yox,
Yaman ölməli gecədir…

Nə varım var, nə barxanam,
Ömür yükü bağlamağa.
Allah, məni yarı öldür,
Yarı saxla ağlamağa.

* * *

Doğuldum 1939-da,
1937-də tutuldum.
48-də nənəm öldü,
ömrümdə ilk dəfə
ölüyə ağladım.
Balıqlar saxladım
akvariumda.
Açıq qaldı pəncərəm
bir qış gecəsi.
Dondu balıqlar…
İndi 1965-in

yanvar gecəsidir.

Deyəsən, yaşamaq istəyirəm.