BİLMƏZ

Sevginin qədrini bu əsrdə hər kəs bilməz,
Doğru aşiq özünə dərdi, qəmi bəs bilməz.

Kim ki, qəlbilə sənə bağlı deyildirsə, könül,
Gecə-gündüz başı üstündə onun əs – bilməz.

Eşqə biganə olan eylə gözəllər var ki,
Sevirəm söylə, bütün aləmə sal səs – bilməz.

Deyirəm, sevgili cananıma canım qurban,
Can fəda eyləməyən eşqi müqəddəs bilməz.

Rüstəmin onda ki, canan görünür gözlərinə,
İmtahançın sən onun barmağını kəs – bilməz.

BƏS NƏ DEYİM?

Sevgilim, mən sənə canan deməyim, bəs nə deyim?
Canıma canına qurban deməyim, bəs nə deyim?

Öz canından, nəfəsindən canıma can verdin,
Gündə min dəfə sənə can deməyim, bəs nə deyim?

Son baxarkən mənə bəzən elə küskün-küskün,
Oldu can mülkü pərişan deməyim, bəs nə deyim?

Dikilib gözlərim həsrətlə vüsalın yoluna,
Gəlməsin könlümə hicran deməyim, bəs nə deyim?

Sən canımsan, ciyərimsən, gül açan baxtımsan,
Olmuşam hüsnünə heyran deməyim, bes nə deyim?

Yanmayan eşq oduna qədrini bilməz eşqin,
Gəl mənim eşq oduma yan, deməyim, bəs nə deyim?

Yox mənim başqa gözəllərdə bilirsən ki, gözüm,
Səni istər bu Süleyman deməyim, bəs nə deyim?

NEYLƏSİN

Olmasın hicrində bu könlüm pərişan, neyləsin?
Etməsin öz canını qurban, neyləsin?

Gəlməsə şən bəstəkar – nazəndə bülbül gülşənə,
Solmasın badi-xəzanla bu gülüstan, neyləsin?

Gəl, gəl, ey canan, bilirsən ki, könül istər səni,
Dərdimin dərmanı sənsən, gəlsə loğman, neyləsin?

“Gəl, gəl, ey yar!” – söyləməkdən mən yoruldum, gəlmədin,
Sən özün oldun səbəb hicrana, hicran neyləsin?

Özgə bir gülüzlüyə versəm könül, ey bivəfa,
Sən özündən küs, günahkarsan, Süleyman neyləsin?!

ÇAĞIR

Sənə üz versə kədər, məclisə cananı çağır,
Ləbləri qönçəni, ol gözləri ceyranı çağır.

Söndürə bilməyəcəksən yenə eşqin odunu,
İstəyirsən köməyə çayları, dəryanı çağır.

Eşqdir, hicrdir, aləmdə vüsaldır məna,
Varsa şübhən buna, isbatına dünyanı çağır.

Sağalar məncə vüsal ilə bu hicran yarası,
Çəkmə zəhmət, nə təbibi, nə də loğmanı çağır.

Səni qəmlər dənizi boğmağa eylərsə hücum,
Özgə bir kimsəni yox, onda Süleymanı çağır!

SƏN OLMASAN

Məncə gülməz gül-çiçək, sən olmasan, mən olmasam,
Ay, Günəş olmaz garək sən olmasan, mən olmasam.

Şübhəsiz, sən, mən – bizik, biz – sən, mənəm.
Yox, qanadlanmaz dilək, sən olmasan, mən olmasam.

El, vətən uğrunda biz yollarda qan-tər tökmüşük,
Eşq ilə vurmaz ürək, sən olmasan, mən olmasam.

Möhtəşəm göylərdəki ulduzların dünyasına
Kim vurar min bir bəzək sən olmasan, mən olmasam?

Biz şəhərlər salmışıq, can vermişik torpaqlara,
Süfrəmiz görməz çörək, son olmasan, mən olmasam!