GEDİRƏM BİR QƏLBİ SEVİNDİRMƏYƏ

Çəməndə çiçəyəm, sünbüldə dənəm,
Sevgidə, sevincdə dağlara tənəm.
Dünyanın ən xoşbəxt adamı mənəm,
Gedirəm bir qəlbi sevindirməyə.

İçimdə işıq var, ulduz var, Ay var,
Ruhumda çağlayan bir dəli çay var.
Könlümdə Allahın verdiyi pay var,
Gedirəm bir qəlbi sevindirməyə.

Nə həsrət, nə də ki qəm aparıram,
Nə də kipriyimdə nəm aparıram.
Quşam, dimdiyimdə yem aparıram,
Gedirəm bir qəlbi sevindirməyə.

Ay sevinc aparan, ayaqyalın qaç,
Ümid gözləyənin qapısını aç.
Dərdə dərman olub, ağrıya əlac,
Gedirəm bir qəlbi sevindirməyə.

Ucaldıb başları, uca gedirəm,
Düşsəm də zəhmətə, borca, gedirəm.
Elə bil Kəbəyə, Haca gedirəm,
Gedirəm bir qəlbi sevindirməyə.

Hər könül bir dünya, bir Kainatdı,
Gedirəm dünyanı sevindirməyə,
Gedirəm həyatı sevindirməyə.
Gedirəm sevgiyə könül bağlayan
Bütün Kainatı sevindirməyə!

ÜRƏYİM KÖKSÜMÜ YARIB ÇIXARDI

Ürəyim köksümü yarıb çıxardı,
Nə zaman gözlərim görsə qızları.
Mənim mahnılarım dayandırardı,
Hər səhər gedəndə dərsə qızları.

Qaynar baxışlardan od yağa-yağa,
Enərdik arana, qalxardıq dağa.
Qoymazdı bizləri yaxınlaşmağa,
Çəkərdi inadı tərsə qızları.

Zəlimxan, xatırla son o dəmləri,
ŞeyxSənanlaraverdiqəmləri
Dinindən döndərdi Xan Koromlori,
Tərsa gözəlləri, tərsa qızları.

SƏN GƏLMƏMİŞDİN

Səsini içinə çəkmişdi bulaq,
Yellər qanadını açmırdı o gün.
Donmuşdu dağ-dərə, donmuşdu torpaq,
Güllərin dodağı qaçmırdı o gün.
Sən gəlməmişdin.

Göydən çəkilmişdi Günəşin zəri,
Yerdə axarını çay saxlamışdı.
Elə bil ən böyük dərdi-kədəri
Təbiət mənimçün pay saxlamışdı.
Sən gəlməmişdin.

Yox idi həyatda işıqdan əsər,
Üstümdə qaralmış bulud var idi.
Gözümdən nur getdi, sözümdən kəsər,
İçimdə lal olmuş sükut var idi.
Sən gəlməmişdin.

Ürəyim xaraba qalmış bir şəhər,
Şam kimi qəlbimin yağı damırdı.
Üzümdən zəhrimar, dilimdən zəhər,
Rəngimdən, ruhumdan ağı damırdı.
Sən gəlməmişdin.

Gəldim yerə-göyə vurulmuş kimi.
Gəlmirsən, yerinə dərd gəlir, gözəl!
Sevənlər evindən uçur quş kimi,
Sevənlər evinə pərt gəlir, gözəl!
Nə zarafat bilir, nə gerçək bilir,
Həsrət gəlişini sərt gəlir, gözəl!
Sən gəlməmişdin.

DÖYMƏK OLMUR PƏNCƏRƏNİ

Ləzzət ilə baxana bax, ocağıma, istimə,
Üstümdəki yorğan deyil, köz örtmüşəm üstümə.
Ah çəkmişəm, el yığılıb dumanıma, tüstümə,
Bu yanğıda keşişlərin yetmiş yeddi fəndi var.

Heç bilmirəm bu dinsizi hansı dinə tapını,
Əlləriylə çəkib üzdü ürəyimin sapını.
Döymək olmur pəncərəni, açmaq olmur qapını,
Qıfılı var, tilsimi var, möhürü var, bəndi var.

Allah kəsib sevənlərin işini, əlacını,
Tuta bilmir tədbirini, ala bilmir bacını.
Acı-acı danışandan almaq olmur acını,
Şirin-şirin dillənənin dil altında qəndi var.

Ağrı başda at oynadıb, alovlara can düşüb,
Can deyənin ömrü boyu ürəyinə qan düşüb.
Məcnun çəkən bəlalara gəlib Zəlimxan düşüb,
Nə qalası şəhəri var, nə köçəsi kəndi var.

BU QIZ GƏLİN OLMAĞA
HAZIRLAŞIR DEYƏSƏN

Elçi şirin çayını vaxtında içib gedib,
Bəy gəlib gözəllərin gözünü seçib gedib.
Fikri özündən qabaq atlanıb, köçüb gedib,
Bu qız gəlin olmağa hazırlaşır deyəsən.

Allahın sağ gözüylə baxdığı bir baxış var,
İlahinin vurduğu min cür ilmə-naxış var,
Evdə toy tədarükü, ehtiyat, yır-yığış var
Bu qız gəlin olmağa hazırlaşır deyəsən.

Yerə-göyə sığışmır arzuların qanadı,
Ömrü əlvan bir xalı, sevgisi bir xanadı.
Hər gözəl bir gəlindi, hər gəlin bir anadı,
Bu qız gəlin olmağa hazırlaşır deyəsən.

Ruhunda bir layla var, dilində bir oxşama,
Oxuyur öz içində hey səhərdən axşama.
Necə yanır, əriyir, bax, səhərdən axşama,
Bu qız gəlin olmağa hazırlaşır deyəsən.

Fikrindən, xəyalından gündə yüz dilək keçir,
Könlünə beşik düşür, meylindən bələk keçir.
Bakirəlik həddini yenə bir mələk keçir,
Bu qız gəlin olmağa hazırlaşır deyəsən.

Sığallı bir sonadı, sonalığı mübarək,
Xınayaxdı gecəsi xınalığı mübarək,
Gəlinliyi mübarək, analığı mübarək,
Bu qız gəlin olmağa hazırlaşır deyəsən.