Ağdam –
ağrılarımın ən gözəli,
dərdlərimin ən göyçəyi.
saçımın buludu,
gözümün eynəyi…

Bu gün dost-tanış əllərmi sıxır –
Ad günümü təbrik etmək üçün…
Elə bil qan verən
yaramı sıxırlar və
hər sıxdıqca qan fəvvarə vurur
barmaqlarımn arasından…

Bu gün üzümdən, gözümdən
öpürlər
yaxınlar, əzizlər…
Sanki dərdimin
üzündən,
həsrətin gözündən öpürər…
Bu iltifatdan
dərdim bir az da əzizlənir,
bir az da şirinləşir…

Düz 25 ildi
bu dərd daş olub başıma düşüb,
qaya olub ürəyimdən asılıb,
Düz 25 ildi bəsləyirəm, əzizləyirəm,
Göz yaşlarımla suvarıram…
…Və hər il gözlərim yolda,
ümidlə gözləyirəm
çəkdiyim əziyyətlərin,
iztirabların
bəhrəsini görüm deyə…
Birdən kimsə Ağdamdan
müjdə gətirdi, –
dərdimi dərdi sinəmdən deyə.
Amma…
Əfsuslar olsun ki, bu il də
gözlərimin yaşı qurumadı,
Sinəmin qayası asıldığı yedə qaldı…
Fərq onda oldu ki,
qayanın bir talası da mamırladı,
yosunlar bir barmaq da böyüdü…
Böyüyən dərdim kimi,
axan göz yaşım kimi…
Bir də ömür tarixçəmdə
Bir rəqəmi digəri əvəzlədi…
…Və bir də…
hardasa bir sevinc boynubükük halda
növbə gözləyir
dərdi və ağrını əvəzləməyə…
Ürəyində:
“Tanrım, bu növbə nə uzun çəkdi”
hayqırtısı…

23.07.2018.