QISQANIRAM…

Məndən uzaqdasan, yoxsan yanımda,
Qarışıb yenə də fikrim, xəyalım.
Qorxu gözlərimdə, təlaş canımda
Qəlbim rahat olmur, dərk etmir ağlım.

Qısqanclıq ruhumu bürüyüb bütün,
Əsən küləyə də qısqanıram mən.
Əlinə, üzünə toxunur hər gün,
Mənimsə xəbərim heç yoxdur səndən.

Ay səni seyr edir gecə səmadan,
Günəşsə oyadır səni hər səhər.
Üzünə toxunub yanaqlarından
Süzülən damla da olub bəxtəvər.

Qısqanclıq oduna alışır ürək,
Sevən qısqanc olar, şərhə nə gərək!
Susursan…dinmirsən yenə bu axşam,
Baxışın zillənib eyni nöqtəyə.
Qəmini, sevinci hər vaxt duymuşam,
Bələdəm qəlbindən keçən istəyə.

Suallar verirəm, cavab almıram,
Dilə gətirmirsən heç bir sözünü.
Səni səndən də çox mən anlayıram,
Gəl, yana çevirmə nəmli gözünü.

Onsuz baxışların dinir, danışır,
Qəlbindən keçəni eyləyir izhar.
Xəyalın dənizlər, dağlar dolaşır,
Amma ki yenə də verməyir qərar.

Elə lal sükutun cavabdır mənə,
Çün ruhum doğmadır, yaxındır sənə.

* * *

Təsadüfmü, ya qismət
Bu gün yenə görüşdük.
Yenə gözə -gözə gəldik..
Bir vaxt bizi ayıran
Yollar yenə kəsişdi.
Qayıdıb başlanğıca
Ilk ünvanda görüşdü.
Səsin yenə doğmaydı,
Elə baxışların da…
Həmin sevgi, həmin əks…
Məkan da həmin idi.
Saatda əqrəblər də
Eyni vaxtı deyirdi.
Əsirdi əllərin də
Eyni həyəcan ilə.
Gözlərin yol çəkirdi…
Söyləməyə sözümüz
Tapılmadı nədənsə.
…Dil –dil ötən sən idin,
Yalanları inci tək
Ard –arda hey düzərdin.
Bəs indi niyə susdun?!
Heç mənim də deməyə
Sözüm yox idi daha.
Nə qədər yalanları
Aşkar edib, sonra da
And vermək olar
O bir olan
Görünməz,
Mərhəmətli Allaha.
…“Dəyişmisən!” söylədin…
Dəyişən nə idi bəs?
Mənim qəlbim?
Ya ruhum?
Yox!
Qəlb də həmin idi.
Elə ruh da həmindi.
Əsən, titrəyən qəlbim,
Ayaqlarım, əllərim
Yenə səni sevirdi.
Həsrətini çəkirdi.
Qarşında dayanan qız
Elə həmin qız idi.
Arxaya çevrilmədən
Tərk etdiyin qız idi.
Dəyişən mən deyildim.
Dəyişən zaman idi.
Arxaya çevrilməyib
Getdiyin məkan idi.
Dəyişən inam idi,
Sarsılmış etibarım,
Güvən, etimad idi.
“Dəyişmisən” söylədin…
Doğru dedin.
Dəyişdim.
Sayəndə oldu hər şey.
Özümdən, Allahımdan
Çox sevdiyim bir bəndə
Dəyişdi məni tamam.
Daha yoxdur qarşında
Incə ruhlu,
Sadəlövh,
Həmin ağılsız adam.
Çox həvəslə bərabər
Qalxdığım sıldırımdan
Yıxılıb ovucları, əlləri
Siyrilməyən,
Amma qəlbi qanayan,
Heyran –heyran
Gözlərinə boylanıb
Mənasız sözünə də
Min məna tapıb verən
O insan yoxdu daha.
Sevgi imtahanından
Kəsilərkən həmin gün
Başqa bir imtahandan-
Həyatın sınağından,
Qiymət aldım sən demə.

“Dəyişmisən” söylədin.
Dəyişən nə idi ki…
Dəyişən bizlər idik:
Qarşında məğrur duran
Dünənin zavallısı –
Mən idim.
Gözlərimə baxmağa
Cəsarəti olmayan
Bir də Səndin,
Sən idin.
Arxana çevrilmədən
Çıxıb getdiyin park da
Dəyişib bu gün tamam.
Daha əvvəlki deyil.

Dəyişən nələr idi?
Məndim…
Səndin…
Bir də ki…
Sevdiyi insan üçün
Ağlayan gözlərdəki
Həmin yaşların yeri.
Bax, bu idi dəyişən…
Nə mən idim, nə də sən…