Şəfa EYVAZ.”Dekabr ayı”

 

Dekabr ayı,
Axşamüstü,
Saat yeddi…
Bölür kecir küçələri
Tənha qadın silueti…
Qızarır işıqfor
Qarışır aləm…
Hürür küçə iti kimi
Yer-yerdən müxtəlif maşın fitləri,
Çilikləyir incə qadın ruhunu
Kobud kişi səsləri:
-Dayan!
-Hara gedirsən?
-Korsan, görmürsən?!
Və bir daha üzülür,
Bir qadının ümidi.
Görmədiyi sığalı,
Duymadığı sözləri
Hiss etmək ümidiylə
Boylanır yola sarı…
Anlayır tənha qadın,
Baş götürüb qaçdığı
Dörd divarın dili var.
Ən azından evində,
Sevdiyi bir tənhalıq,
Bağırmayan ümid var…