“Forbes” jurnalının versiyasına görə, Corc Kluni ilin ən çox pul ödənilən aktyorlarının reytinqinə başçılıq edir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Kluni 12 ayda 239 milyon dollar qazanıb. Kino çəkilişlərində qonorardan əlavə, ikiqat Oskar mükafatı laureatı yaradıcısı olduğu Casamigos Tequila kompaniyasının satışından əhəmiyyətli qazanc götürüb. Tekila istehsalçısı olan kompaniya təxminən 1 milyard dollara satılıb.

Siyahıda ikinci yeri 124 milyon dollarla Dueyn Conson tutur. O, bu mövqeyə “Cumanci: cəngəlliyin çağırışı” filmində iştirakı sayəsində çıxıb. Reytinqin üçüncü pilləsində oğul Robert Dauni qərarlaşıb (81 milyon dollar). Ona qazancın böyük hissəsini “Qisasçılar” kinosiklində çəkilişlər gətirib.

“Forbes”in illik reytinqində sonrakı yerləri Kris Hemsfort (64,5 milyon dollar), Ceki Çan (45,5 milyon dollar), Uill Smit (42 milyon dollar), Akşay Kumar (40,5 milyon dollar), Adam Sendler (39,5 milyon dollar), Salman Kxan (38,5 milyon dollar) və Kris Evans (34 milyon dollar) tuturlar.

Jurnal ulduzların reytinq siyahısını 2017-ci il iyunun 1-dən 2018-ci il iyunun 1-dək olan dövrdəki qazancı əsasında tərtib edib. Dünyada ən yüksək ödənişli 10 aktyor hesabat dövründə ümumilikdə 748,5 milyon dollar qazanıb.

Mənbə: https://azertag.az