Rusiyanın Xalq artisti Anna Netrebko (soprano) və Azərbaycanın Xalq artisti Yusif Eyvazov (tenor) avqustun 26-da Almaniyada Şlezviq-Holşteyn festivalının bağlanış qala-konsertində çıxış edəcəklər. Konsert Almaniyanın Lübek şəhərinin Konsert və Konqres Mərkəzində keçiriləcək.

AZƏRTAC festivalın saytına istinadla xəbər verir ki, qala-konsertdə C.Verdi, A.Ponkyelli, C.Puççini və başqalarının operalarından ariyalar səsləndiriləcək.

Dünya operasının ulduzu A.Netrebko yaddaqalan obrazlar yaratmaqla yanaşı, konsert proqramları ilə də çıxış edir. Onun solo diskləri bestsellerə çevrilib. Musiqiçi haqqında çəkilmiş sənədli filmlər Avstriya, Danimarka, Almaniya, Rusiya və İsveçrədə nümayiş olunub.

Karyerasına İtaliyada başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabında yer alıb.

Mənbə: https://azertag.az