İlahə İMANOVA.”Tutuquşu” (Hekayə)

Atamın çarpayısının baş ucunda oturub əlini bərk-bərk sıxdığım an mənə elə gəlirdi ki, bir daha heç vaxt onun gözlərinin içinə baxa bilməyəcəm. Gözlərim yaşla dolub boşalırdı. Eyni sualı tez-tez anama və tibb bacılarına təkrar verirdim:
─Atam sağalacaq? Bəs nə vaxt gözlərini açacaq?Bəs niyə ayılmır?
Hər dəfə də eyni cavabı alırdım:
─Darıxma, sağalacaq.
Anam həyəcanlı və narahat gözlərində donub qalmış göz yaşlarını məndən gizlətməyə çalışsa da, bacarmırdı. Axı, mən daha uşaq deyildim. Yeddinci sinif şagirdi idim. Atamın dili ilə desək, daha böyük kişi idim. Odur ki, həkimlərlə pıçıldaşan anamın gərgin üzündən atamın vəziyyətinin nə qədər ciddi olduğunu anlayırdım.
─Bağışla məni! Nolar, ölmə! Mən səni çox istəyirəm…
Həmişəkindən fərqli olaraq, bu dəfə suallarım da, sevgim də cavabsız idi. Kaş ki bircə əlinin hərəkəti ilə, ya da gözünü qırpmaqla cavab verəydi mənə. Allah uşaqların səsini daha tez eşidir, deyir babam. Çarpayının baş ucunda əllərimi göyə açıb dua etdim:
─Allahım, nolar, atam tez sağalsın! Söz verirəm, bir də heç vaxt onun sözündən çıxmayacam!
Həkimlər otağa daxil olduğu an anam əlimdən tutub məni dəhlizə çıxartdı. Pəncərənin qarşısında yaxınlaşdım. Gözlərim qarşıdakı ağacın budağına qonub dimdiyini budağa sürtüb aradabir ətrafa boylanıb civildəşən sərçəyə zillənmişdi. Onun hərəkətlərini izlədikcə daha çox üzülürdüm. Atamın bu vəziyyətdə olmasının günahkarı mən idim. Bunu başa düşdükcə hönkürüb ağlamaq istəyirdim. Əgər mən… Kaş ki onun sözünü dinləsəydim!

*******
─İlqar, oğlum, burda niyə oturmusan? Niyə evə getmirsən?
Qonşumuz Sevil xalanı qarşımda görüncə tez ayağa qalxdım. Qeyri-ixtiyari çiyinlərimi çəkdim. Sualına cavab vermək istəməsəm də, sualını təkrar edincə sakitcə:
─Anam evdə yoxdur. Səhər dərsə gedəndə açarı götürməyi unutmuşam, -dedim.
Əlindəki paketləri oturduğum səkinin üstünə qoyub bir anlıq nəfəsini dərdi. Təbəssüm və qayğı dolu baxışlarını üzərimdə hiss edincə sıxıldım. Nədən sıxıldığımı bilmirəm, gözlərimi ayaqqabılarımın ucuna dikdim.
─Qalx gedək bizə! Anan gələr,gedərsən evə, -dedi.
─Yox, harada olsa indi gələr. Çox sağ olun, -deyərək başımı bulayıb etiraz etdim.
İçi meyvə-tərəvəzlə dolu olan salafan paketləri əlinə alıb getmək istərkən qəfil yuxudan oyanmış kimi tez əlindən aldım. Köməyimə nəinki etiraz etmədi, deyərdim ki,hətta razı qaldı.
Qapı ağzında paketləri yerə qoyub tələsik pilləkənləri endiyim an Sevil xalanın arxadan səsini eşitdim.
─Dərsdən gəlmisən, heç olmasa bir stəkan çay içərdin! Yeməyim də istidir. Altını söndürüb çıxmışdım elə. Cavid də indilərdə gələcək, bir yerdə nahar edərsiz.
Hər kəsin çox mehriban, xoş xasiyyətli, gülərüz qadın kimi tanıdığı Sevil xala anamın ünsiyyət saxladığı çox az qonşulardan biri idi. Qonşularla münasibətinə pis baxan və az qala anamı hər kəslə ünsiyyətdən çəkindirən atam belə, onun adını evdə hörmətlə çəkirdi. Oğlu Cavidlə də eyni məktəbdə oxuyurduq. O məndən iki sinif yuxarı oxuyurdu. Bundan əlavə bir məhəllənin uşaqları olduğumuz üçün aramızda salam-sağol var idi. Bir yerdə o qədər futbol oynayıb, rəqib qapısına o qədər top vurmuşduq ki!
Sevil xalanın gözünə görünməmək üçün daha səkidə oturmadım. Ağacların altındakı skamyaya yaxınlaşdım. Çantamı da yanıma qoyub oturdum. Öz-özümə anamın hara gedə biləcəyini düşündüm. Axı, həmişə bu saatlarda anam evdə olardı.
Əsən soyuq meh tədricən canıma işləməyə başlayırdı. Üşüdüyümü hiss edib gödəkçəmin düymələrini bağlayıb papağını qaldırdım. İsti çay indi lap yerinə düşərdi. Üstəlik də ac idim. Hər dəfə boş mədəmin səsini duyduqca Sevil xalanın təklifindən boyun qaçırtdığıma, deyəsən, peşman olurdum. Səhər yatıb qaldığımdan yemək yemədən evdən çıxmışdım. Məktəbin bufetindən də heç vaxt heç nə alıb yeməzdim.
Bir anlıq nəzərlərim Cavidgilin pəncərəsinə yönəldi. O, tez-tez ətrafa boylanır, sanki baxışları kimisə axtarırdı. Çox güman ki, indilərdə dərsdən qayıtmalı olan oğlunun yolunu gözləyirdi. “Bəlkə məni axtarır, yaxud da anamın qayıdıb qayıtmadığı ilə maraqlanır” fikri beynimdən keçdi. Məni görə bilməyəcəyinə əmin olsam da, yenə də küknar ağaclarının altında büzüşüb oturdum. Nə qədər beləcə oturduğumun fərqində deyiləm. Kaş ki atam mənə əl telefonu işlətməyə icazə verəydi! Bax, indi anama zəng edər, harada olduğunu, nə vaxt qayıdacağını soruşardım heç olmasa. Beynimdən min fikir keçdiyi vaxt kiminsə əlini sağ çiynimdə hiss edib diksindim.
─Dur! Dur gedək bizə!
Ayağa qalxıb çantamı çiynimə saldım. Yalandan:
─Nənəmgilə gedirəm, –dedim.
Cavid qolumdan yapışıb buraxmadı.
─Anam məni sənin arxanca göndərib. Özümə də bərk-bərk tapşırıb ki, səni evə gətirim. Yoxsa məni qapıdan içəri qoymayacaq, –deyib güldü. –Gedək, bir az yemək yeyək, sonra mən hazırlığa gedəcəm, sən də hara istəsən gedərsən.
Özlüyümdə anama “Heç vaxt uşağı qapılara göndərmə, başqasının yanında qoyma!” deyə tapşıran atamı düşündüm. Bilsə, çox güman ki, anama da, mənə də acığı tutacaqdı. Hər zaman qürurlu olmağı, bir də heç kəslə öz hisslərimi bölüşməməyi tapşırardı.
Cavidin tələbkar səsi və israrı qarşısında heç nə deyə bilmədim. Pəncərədən bizi səsləyən anasını da görüncə əlacsız qalıb arxasıyca getdim.
Qapı ağzında Sevil xalanın gülərüz siması ilə qarşılaşdım yenə.
─Keç, oğlum, keç içəri. Xoş gəlmisən! Cavid, əl-üzünüzü yuyun, keçin qonaq otağına.
Məhəllə qonşusu və dost olmağımıza baxmayaraq, heç vaxt Cavidgildə olmamışdım. Divarlardan asılan rəsmlər və gipsdən hazırlanmış müxtəlif fiqurlar dərhal diqqətimi çəkdi. Atasının rəssam və heykəltaraş olduğunu bilsəm də, heç vaxt əl işlərini görməmişdim. Gözəl rəsm çəkmək bacarığı atasından Cavidə də keçmişdi. Bayram və tədbirlərdə məktəbin stendlərini Cavidə hazırlatdırardılar.
─Utanıb sıxılma, oğlum. Bax elə bil öz evindir. Özünü rahat hiss et.
Biz içəri girəndə süfrə hazır idi. Sevil xala ən əziz qonağı üçün süfrə açmışdı elə bil. İsti çaydan, şirniyyatdan tutmuş, yeməyə, hətta meyvəyə qədər doğrayıb düzmüşdü masanın üzərinə. Yarpaq dolmasının ətrini hələ bayaq qapı ağzında hiss etmişdim. Ən sevdiyim yemək idi.
Cavid fincandakı isti çayı qarşıma çəkib:
─Soyutma! Bayırdan gəlmisən, isti-isti iç,–dedi.
Dərsdən gələn və hazırlığa gedəcək oğlundan daha çox mənim qayğıma qalan Sevil xalanın qonaqpərvərliyi qarşısında utanıb sıxılırdım. Bu yaşa kimi hətta qohumlarımın evində də özümə qarşı bu qədər hörmət görməmişdim. Meyvəyə qədər dilimləyib qarşıma qoymuşdu. İsrarla boşqabımdakıların hamısını da yeməyi məndən tələb edirdi. Sıxılmayım deyə mətbəxdə işləri olduğunu bəhanə gətirib bizi tək buraxırdı.
Cavid məktəblərarası futbol turnirində birinci yer tutduqlarından həvəslə danışdıqları vaxt qəfil qulağıma civilti səsləri gəldi. Qeyri-ixtiyari diqqətim yayındı. Səsin haradan gəldiyini müəyyən etmək üçün diqqət kəsildim. Fikrimin yayındığını görüb gülümsədi:
─Balacalardı. Bayaqdan sakit idilər. Yenə səs-səsə verəcəklər indi. –Heç nə anlamadığımı, təəccüblə üzünə baxdığımı görüb ayağa qalxdı. –Gəl, göstərim.
Gül-çiçəklərlə dolu olan aynabənddə iri qəfəsin içərisində quşları görüncə təəccübümü gizlədə bilmədim:
─Nə qədərdilər! Necə də gözəldilər! Bu bülbüllər hamısı sənindir?
Cavid barmağını qəfəsin dəmirlərinə toxunduraraq:
─Hə,mənimdir, –dedi,–Bülbül deyil, tutuquşudurlar. Hələ bax, gör indi neynəyəcəklər.
Maraqla Cavidin hərəkətlərini izləyirdim. Qablarına bir az dən və su tökdükdən sonra əlini qəfəsin içərisinə salıb yaşıl rəngli dalğalı tutuquşunu əlinə alıb ovcunda saxladı. Yumşaq tüklərini sığallamağa başladı.
─Salam Keşa!
─Salam Keşa! Salam. Salam. Salam Cavid. Cavid…
Danışan tutuquşular haqqında eşitmişdim. Kitablarda oxuyub, televizorda da görmüşdüm. Amma heç vaxt bu qədər yaxından, canlı görməmişdim.
─Danışa da bilir? –təəccüblə verdiyim sual özümə də yersiz göründü.
─Hə, o birilər danışmır. Təkcə bu danışır, –deyərək Cavid tutuquşunu ehtiyatla ovcuma qoydu.
─Amma bunlar balacadı. Böyük tutuquşular danışa bilir düşünürdüm.
─Yox, öyrətməyə səbrin, həvəsin çatsa, bunlar da danışa bilir. Hər dəfə eyvana çıxanda bizi salamlayır.
Böyük maraqla ovcumdakı tutuquşunu oynadır, barmağımın ucu ilə tüklərinə toxunurdum. Barmağımı dişləmək istədiyi zaman Cavid tez quşu əlimdən alıb qəfəsə buraxdı. Əlini göstərərək:
─Ehtiyatlı ol! Yaman bərk dişləyirlər, –dedi.
Onlarla tutuquşunun içərisində bütün diqqətim həmin tutuquşuda qalmışdı. Fikrimdən “kaş mənim də tutuquşum olardı” keçdi. Ürəyimdə Caviddən istəmək keçsə də, fikrimdən daşındım. Özümə sığışdırmadım. Amma deyəsən Cavid həmin an fikirlərimi oxudu.
─İstəyirsən sənə bir cüt hədiyyə edim?
Bu təklifin ürəyimcə olmasına və nə qədər sevindiyimə baxmayaraq başımı buladım.
─Yox…
Gözlərimdəki sevinc parıltısı dilimdəki “yox” kəlməsi ilə uyğun gəlmirdi heç. Cavid əlini çiynimə qoyub gülümsədi:
─Məndə çoxdur. Gör nə qədərdilər. Hər dəfə sayı artdıqca daha böyük qəfəs almalı oluram, ya da kiməsə pay verirəm. İstəsən sənə də verərəm. Qəfəsim də var. Hələ bir neçə günlük dən də verərəm. Sonra özün alarsan.
Çiyinlərimi çəkib:
─Bilmirəm, -dedim.
Divar şkafından çıxartdığı boş qəfəsi qarşıma qoyub:
─Ürəyin hansını istəyir bir cüt seç götür, –dedi.
Mavi rəngli tutuquşu ilk dəqiqədən nəzərimi çəkmişdi. Əlimi ona uzatdım. Cavid heç bir söz demədən quşu qəfəsə qoydu. O:
─İndi gəl birini də seçək ki, tək qalmasın, cüt olsunlar, -deyərək ağ və mavi zolaqları olan gözəl bir quşu da ayırdı. –Bax, belə! İndi cüt oldular. Bunların yaşı azdır. Dörd-beş aylıq olarlar. Bala tutuquşulara dil öyrətmək daha asan olur. Unutma, hər gün suyunu dəyişməlisən.
Maraqla Cavidi dinləyirdim. Dərs əlaçısı, olimpiada və intellektual yarışmaların qalibi olan, daha çox dəqiq elmlərə marağı olan birinin canlılar haqqında bu qədər məlumatlı olması məni təəccübləndirirdi.
Sevil xalanın pəncərədən kiminləsə danışmasını eşidib aynabənddən aşağı boylandım. Anam idi. Qonaqpərvərliyinə görə bir daha Cavidin anasına təşəkkür edib tələsik gödəkçəmi geyinib, çantamı çiynimə salıb qapıdan çıxdım.
Anamla bir az aralanmışdıq ki, Cavid pəncərədən məni səslədi:
─İlqar, quşlar yadından çıxdı.
─Gəlib götürərəm, –deyib əl etdim.

Nənəmin qəfil təzyiqi qalxdığı üçün tələsik qapıdan çıxan anamın nahar hazırlayıb qoymağa vaxtı olmamışdı. Bir azdan atam da işdən gələcəkdi.
Mətbəxə keçdim. Cavidin quşlarından, onu salamlamasından və nəhayət mənə də bir cüt hədiyyə etməsindən danışdım. Sevincimi onunla bölüşmək istəyirdim. Amma anamın münasibəti kəskin oldu:
─Başın xarab olub sənin? Quş nədi?Bir quşumuz əskik idi elə! Quş saxlamağın düşər-düşməzi olur. Balıqdı, quşdu, belə şeylər evə bədbəxtlik gətirir.
─Ana, elə gözəldirlər ki! Cavidin quşu danışa da bilir e! Deyir öyrətsən səninkilər də danışacaq.
─Dedim, yox! Bir kəlmə! –Anam əsəbi halda üstümə qışqırdı.
Nəyin bahasına olur-olsun anamı razı salmaq istəyirdim:
─Görsən xoşuna gələcəklər vallah. Cavid mənə qəfəs də hədiyyə edib e!
─İlqar! Sən məni eşitmirsən? Öz-özümə danışıram mən? Dedim ki, olmaz! Mən icazə vermirəm!
─Ana, axı…
─Cavidin anası ilə özüm danışaram. Deyərəm ki, bizə quş saxlamaq düşmür.
─Ana, nolar…
Şkafdan duz qabını götürəndə əlindən yerə salan anam daha da əsəbləşdi.
─Canun yanmasın! Duz da töküldü yerə! Bax, sənə görə oldu. Duz dağılmağı heç yaxşı əlamət deyil, evdə dava düşür… –deyərək tez əlini qəndqabıdakı qəndə atdı. Bir neçəsini götürüb duzun üstünə qoydu. Sonra deyinə-deyinə yerə dağılmış duzu yığıb təmizlədi.
─Ana, …
─Get otağına dərslərini oxu! Tutuquşu həvəsinə düşüb mənimçün! Bir quşum əskik idi evdə! Belə ağ gündəyik e, bir də quşu gətirib bədbəxtliyi üstümüzə çəkək. Ay Allah, bircə dava düşməsin. Xəta-bəla uzaq olsun evimizdən…
Daha heç nə deməyib mətbəxdən çıxdım. Anladım ki, anamla danışmaq, onu razı salmaq mümkün deyil. Ümüdim təkcə atama idi. Bəlkə atam anamı razı salar, düşündüm özlüyümdə. Amma hər şey əksinə oldu. Axşam evə gələn atam da anamın tərəfini tutdu, onun sözlərini təsdiqlədi.
─Yox, oğlum, olmaz. Bizə heyvan saxlamaq düşmür. Uşaq vaxtı balıq alıb gətirdim, qardaşım ayağını sındırdı həmin axşam. Bir dəfə də bülbül aldım. İki gün sonra atam dünyasını dəyişdi.
─Amma bu tutuquşudur! –etiraz etdim.
─Fərqi nədi! Axır düşmür də bizə! –Atam anam qədər sərt olmasa da, etirazını bildirdi.
─Ata, nolar…
─Yox, oğlum, yox! Olmaz!
─Əmigil evdə pişik də saxlayır, it də.
─Onlar həyət evində qalır.
Valideynlərimin bu cür kəskin münasibətini anlaya bilmirdim. Gözlərim dolsa da, ağlamamağa çalışırdım. Onlara təsir etmək, yola gətirmək üçün uşaq məntiqimi işə saldım:
─Həyət evində qalanda nolur ki? Balıq olmasaydı əmi ayağını sındırmayacaqdı? Babanı bülbül öldürdü ki? Bəs deyirdin, Allahın yazdığı alın yazısı var. Əgər alın yazısı varsa, demək ki, bülbül evə gəlsəydi də, gəlməsəydi də, baba öləcəkdi də!
Atam bir anlıq fikrə getsə də, yenə də razılaşmadı.
─Gözümün ağı-qarası bir oğlum var. Allah eləməmiş, sənə nəsə olar…
İnadımdan əl çəkmək istəmirdim:
─Mənə nəsə olacaqsa, olacaq da. Quşun nə günahı var ki!
Atam da məndən geri qalmırdı:
─Bəs sən heç düşünmədin ki, birdən anana, ya atana nəsə olar? Sən istərsən ki, bizə nəsə olsun?
Atamın sözləri gözlənilmədən endirilən qəfil zərbə kimi idi. Mənim cavabım müzakirənin sonu olacaqdı. Bunu başa düşərək başımı bulayıb:
─Yox! İstəmirəm! Mən sizi çox istəyirəm…–dedim.
Atam saçlarımı sığallayıb alnımdan öpdü:
─Mənim ağıllı balam!
Cavidə nə deyəcəyimi düşünürdüm artıq. Məni dostumun qarşısında pərt vəziyyətdə qoyduğunu heç birinə izah edə bilməyəcəkdim onsuzda.
Səhəri gün Cavidlə üzləşməmək üçün məktəbin qarşısında, dəhlizində, hətta məhəlləmizdə belə onu uzaqdan görüb yolumu dəyişirdim. Qarşılaşdıqda isə, o, heç nə olmamış kimi hal-əhval tutub tutuquşulardan kəlmə belə demədi.
Hava qaralmasına baxmayaraq, atam gəlib çıxmamışdı. Anam narahat qaldığından təkrar-təkrar atamın əl telefonuna zəng edirdi. Zəng çatsa da, cavab verən yox idi. Anam həyəcanlı halda otağın ortasında var-gəl etdikcə mənim də fikrim yayınırdı. Ev tapşırıqlarıma diqqətimi cəmləyə bilmirdim.
Anamın səsindən diksindim. Dərslərimi yarımçıq buraxıb ayağa qalxdım. Anam göz yaşlarında boğularaq atamın avtomobil qəzasına düşdüyünü, xəstəxanada olduğunu söylədi və əlavə etdi:
─Bax, gördün neynədin?! Sənə demişdim ki bizə düşmür. Hamısı sənin quş saxlamaq həvəsinə görə oldu!
Fikrimdən:
─Axı, mən quşları heç evə gətirmədim. Yazıqların nə günahı, -sözləri keçsə də, dilimə gətirmədim. Susdum. Anladım ki, indi bu sözlərin yeri yoxdur. Qəlbimin dərinliklərində isə, bəlkə də anamın haqlı olduğunu düşünüb özümü günahkar hiss etməyə başladım.
Biz xəstəxanaya gələndə həkimlər atamın vəziyyətinin ağır olduğunu, çoxlu qan itirdiyini söylədilər. Əməliyyatdan neçə saat keçməsinə baxmayaraq, hələ də özünə gəlməmişdi.

Pəncərə qarşısında dayanıb gözlərimi budaqdakı sərçəyə zillədikcə valideynlərimin dediklərini xatırlayırdım. Atamın sözlərini yada saldıqca qəhər boğazımda düyünlənirdi. Düşünürdüm:
─Əgər mən tutuquşuları evə gətirmək həvəsinə düşməsəydim, bütün bunlar olmayacaqdı, atam da qəzaya düşməyəcəkdi… Tək günahkar mən idim…
Həmin gün bütün gecəni xəstəxanada keçirtdik. Səhəri gülümsəyərək reanimasiya otağından çıxan həkim xəstənin vəziyyətinin artıq stabil olduğunu və yaxın saatlarda özünə gələcəyini söyləyəndə sevincimin həddi-hüdudu yox idi. Bir neçə gün sonra atamı xəstəxanadan evə yazdılar. Hər iki valideynimin sağ-salamat, yanımda olmasına görə Allaha şükr edirdim.

*******
Futbol məşqindən evə qayıdanda evdə qonağımız vardı. Əmim bizdə idi. Atama dəyməyə gəlmişdi. Salamlaşıb əl-üzümü yumağa keçdim. Məni həmin gün necə bir sürpriz gözlədiyindən xəbərsiz idim. Atamla əmimin baxışması, məni yanına çağırıb ona göz vurması mənə qəribə gəlsə də, yorğun olduğum üçün onların hərəkətlərinə diqqət etmirdim. Tək istəyim yemək yemək və uzanıb dincəlmək idi indi.
─Oğlum… Düşündüm ki, sən haqlısan. Allah nə yazıbsa, o da olacaq. Heç bir canlı bizim alın yazımızı, qismətimizi dəyişdirməz.
Əmim üstündən örtüyü götürdüyü qəfəsi qarşıma qoyanda təəccüblə atamın üzünə baxdım. Qəfəsin içərisində iri ağ tutuquşu gah mənə, gah evdəkilərə baxır, qanadlarını qəfəsin dəmirlərinə çırpır, dimdiyini yerə sürtürdü. Nə deyəcəyimi, nə hiss etdiyimi bilmirdim o an. Çaşqınlıq içərisində idim. Donmuşdum. Fikirlərimin, məntiqimin qarışdığını, dağıldığını hiss edirdim.
Atam dilləndi:
─Əmindən xahiş etdim ki, sənə danışa bilən quş alsın. Mağazada bunu məsləhət biliblər. Hə, bir də sənin otağına akvarium da quraşdırıb əmin. Dostun sənə hədiyyə edən quşları da evə gətirmək istəsən götürəndə ondan qızıl balıqlara qulluq etməyin qaydasını da soruşub öyrənərsən. Savadlı uşaqdır. Hər halda, bilməmiş olmaz.
Atamdan eşitdiyim sözlərin doğruluğuna inana bilmirdim. Qeyri-ixtiyari anamın üzünə baxdım. Qəribədir. O da gülümsəyirdi. Deyəsən, axı, atam onu razı sala, hətta inandıra da bilmişdi. Daha əvvəlki tək uğursuzluqdan, düşər-düşməzlərdən söz salmırdı. “Daha heç bir tutuquşu, heç bir canlı istəmirəm!” demək istəsəm də, susdum. Mənim üçün ən dəyərli canlı valideynlərim idi. Heç bir söz demədən, yataqdan yeni qalxan atamı qucaqladım. Alnımdan öpüb saçlarımı qarışdırdı:
─Gəlsənə, tutuquşuna “Keşa” adı qoyaq.
Başımı bulayıb gülümsədim:
─Bəlkə elə Koko deyək. Ya da Kiki. Axı, bunlar Kakadu növündəndir.

01.09.2018. BAKI