Əziz MUSA.Yeni şeirlər

em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

TAPŞIR GÖZLƏRİNƏ

Gözlərin gözümə naz ilə baxır,
Qara gözlərimdə şimşəklər çaxır,
Bu oda, alova neyləsin fağır,
Tapşır gözlərinə, belə baxmasın.

Mən dözə bilmirəm atəşə, oda,
Axı mən baxmıram özgəyə, yada,
Bir od parçasısan sən bu dünyada,
Tapşır gözlərinə, belə baxmasın.

Üzmüsən onsuz da ürəyimi sən,
Yox deyə bilmirəm vallah nə desən,
Sən mənim qəlbimin şahzadəsisən,
Tapşır gözlərinə, belə baxmasın.

Süzgün baxışların qorxusu çoxdu,
Qaşların bir kaman kipriyin oxdu,
Vallah sənin kimi can alan yoxdu,
Tapşır gözlərinə, belə baxmasın.

Səni görməyəndə gözlərim dolur,
Sənsiz ömür günm cəhənnəm olur,
Günəş batan zaman arzular solur,
Tapşır gözlərinə, belə baxmasın.

Hər gün od tökürsən odumun üstə,
Dərd gəlir üstümə hey dəstə-dəstə,
Baxışın odludu ay boyu bəstə,
Tapşır gözlərinə, belə baxmasın.

GEDİRƏM

Bu dərd məni çox sevib,
İnanma qaçaq düşə,
Özüm də mat qalmışam,
Nə zamandı bu işə.

Yuxumu yoza bilmir,
Hələ yuxu yozanlar,
Bir-bir çıxır qarşıma,
Alnıma yazılanlar,

Bu yarımçıq sevdalar,
Bir cəhənnəm əzabı,
Xatirələr qəmlidi,
Çəkən yoxdu hesabı.

Ömrümə sahib çıxan,
İndi dərddi, kədərdi,
Ümidlərim gül açmır,
Əziyyətim hədərdi.

Bu qələm, bu vərəqdən.
Həsrət qoxusu gəlir,
Açılan sabahların,
Şirin yuxusu gəlir.

Başının hayındadı,
Öz işindədi hərə,
Üz tutub mən gedirəm,
Çiçəklər açan yerə.