Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,
Azərbaycan Yazıçılar Birliyinin üzvü

***

Kaş, səni özümə öyrətməyədim,
Könül cırmaqlayır qəmimiz, elə.
Dünya bizim üçün liman olmadı,
Boşuna fırlanır gəmimiz, elə.

Sənə kim öyrətdi bu baxmağı, de?
İçinə qor atıb közün, gedirsən…
Ruhun dəli olub, kölgən divanə,
Səni mən aparım, özün gedirsən?!

Gərək çıxmayaydın qarşıma, gərək,
Özüm olacaqdım mağıl, danışan.
…Alma düşəcəkdi, əzrayıl düşdü,
Sənə kim inanar, nağıl danışan?!

Yenə gözlərimin divarı uçub,
Tanrı niyə görə qalama dəymir?!
Mən çoxdan bilirəm, pul olan yerdə,
Məhəbbət bir quru salama dəymir.

Kaş, səni özümə öyrətməyədim,
Könül cırmaqlayır qəmimiz, elə.
Sevgi ada deyil, ürək də liman,
Boşuna fırlanır gəmimiz, elə.

***

…Əvvəl adamın özü,
Sonra da canı gəlir…
Günahlar çoxaldıqca
Ayrılıq anı gəlir…

Hər anın öz anı var,
Kimin dərdi, səri yox?!
Son mənzilə çatırıq…
Haqq-hesab dəftəri yox…

Ruhun da, axşam-səhər
Yaxaları ağ olur.
Ruhdan gen düşən adam
Əcələ dustağ olur.