Əziz MUSA.Yeni şeirlər

em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

İNDİ

(təcnis)

Yenə də bürünüb çöl, çəmən sarı,
Tökülür meyvələr budaqdan indi,
Sürülər baş alıb arana sarı,
Köçür ei, obalar bu dağdan indi.

Gözlərim hey baxır burdan o yana,
Düşmən çox quduzdu, görüm o yana,
Bu susan vicdanlar bəlkə oyana,
Göynəyir ürəyim, bu dağdan indi.

Ay Əziz, bu dünya çətin düzələ,
Fikrini , sözünü bir az düz ələ,
Haqqı tapşırasan gərək düz ələ,
Vallah bizmkidir bu dağ, dan indi!

NƏĞMƏ

Mələyim, ay mələyim,
Sənsən Gün, Ay, mələyim,
Gül ol, mən bülbül olum,
Qoy dərdindən mələyim.

O yanaq-o gül səndə,
Günəş gülür, gül sən də.
Dünya öz işindədi,
Ağlasan da, gülsən də.

Gəl ömrümü budama,
Görüşə gəl bu dama.
Axı sevgidən özgə,
Nə qalacaq adama.

Tanrı gözəl yaratdı,
Mən piyada, o atdı,
Mən yarıma gül atdım,
Daşı mənə o atdı.

Əzizim ay yarıdı,
Səmada Ay yarıdı,
Gəl görüşə mələyim,
Hamı sevdi, yarıdı.