Rahilə DÖVRAN.Yeni şeirlər

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

XOŞ AVAZI

“Vətənimdir” – silsiləsindən

Vətənimə göz dikənlər, didişiblər uzun illər,
Fəsadlarla ayrı düşüb,eyni soylu,çox nəsillər.

Torpağımı bölmək üçün, Araz olub iti qayçı,
Sülh biçiblər”Gülüstan”çı, sülh kəsiblr”Türkmənçay”çı.

Xan Arazın pıçıltısı qarışıbdır hay- haraya,
Çevrilibdir köksümüzdə, Araz boyda bir yaraya.

Bu halından yazıq Araz, Haqq bilir ki, biçaradır,
Ölkəmizin vücudunda , sağalmayan bir yaradır.

Üç yüz ildir bu yaradan , su yerinə qanlar axır,
Güney- qüzey bir- birinə, həsrət ilə gendən baxır.

Qoca dünya çox görübdür, çeşid- çeşid həsrət, hicran,
Lakin yoxdur bizim təkin,- “diri- diri bölünən can”…

Zor- güc ilə qoparılıb, ət-dırnaqdan, bədən- başdan,
Səxavətlə pay-püşk olub,- zalimlərə dağdan, daşdan.

O zamandan Xudafərin, duymayıbdır ayaq səsi,
O tay, bu tay sayılıbdır, bir- birinə yad ölkəsi.

Amma bunca qadağalar, qırammayıb qan bağını,
Hər iki tay gözəl bilir, eyni qandan olmağını.

Gün gələcək Xudafərin süslənəcək gül- çiçəklə,
Yürüyəcək üzərindən, cüt qardaşlar xoş diləklə.

Qoca tarix düzəldəcək, üç əsrlik yanlışını,
Ulu xalqdan qazanacaq, öz gecikmiş alqışını.

Şair Dövran sevə- sevə, vəsf edəcək Xan Arazı,
Həm Bakıda, həm Təbrizdə səslənəcək xoş avazı…

USTAD VƏLİNİN QIZI

“Düşüncələrim” – silsiləsindən

Təbi hər zaman rəvan,
Vaxtı, zamanı qovan.
Heyrandır, həm Natəvan,
Ustad Vəlinin qızı.

Mütəvazi görkəmi,
Sevincindən çox qəmi.
Qələminin həmdəmi,
Ustad Vəlinin qızı.

Ilhamından zər geyir,
Yaratdığı hər şeir.
Sevənlər – əhsən deyir,
Ustad Vəlinin qızı.

Heyranların sevinci,
Hər kəlməsi dürr, inci.
Hey öndədir- birinci,
Ustad Vəlinin qızı.

Oyar əyrinin gözün,
Qələmlə söylər sözün.
Heç zaman öyməz özün,
Ustad Vəlinin qızı.

Söz karvandır, O, sərban,
Qəlbi hər zaman cavan.
Mənəm,- Rahilə Dövran,
Ustad Vəlinin qızı…