Rafiq ODAY.”MƏRHƏMƏTLİ OLMAĞA TƏLƏSİN, ƏZİZLƏRİM”

“Mərhəmətli olmağa tələsin” xeyriyyə aksiyasına qoşulanların marşı

Tanrı bizə beş verib, birini də biz verək,
Azmı, çoxmu – fərqi yox, nə veririk düz verək,
Bunu hər il etməyi özümüzə söz verək,
Elə edək bir kimsə bilməsin, əzizlərim,
Mərhəmətli olmağa tələsin, əzizlərim.

Böyük Vətən sevgisi kiçik kənddən başlayır,
Kiməsə arxa durmaq bircə fərddən başlayır,
Bəli, Cənnətin yolu mərhəmətdan başlayır,
Bu hiss canında yaşar hər kəsin, əzizlərim,
Mərhəmətli olmağa tələsin, əzizlərim.

Tanrının naz-neməti başınızdan ələnsun,
Düzü-dünya saflığa, ülviliyə bələnsin,
Bir körpə gülüşündən hər yana nur çilənsin,
Musiqiyə dönüşsün – bir həzin, əzizlərim,
Mərhəmətli olmağa tələsin, əzizlərim.

Kim sevər sinəsində qara daş bəsləyəni,
Pulu canından da çox oxşayıb-süsləyəni?!
Gözü yolda qoymayaq bizləri səsləyəni,
Gedəyin arxasınca o səsin, əzizlərim,
Mərhəmətli olmağa tələsin, əzizlərim.

İmkanım yoxdur deyib, bihudə dad etməyək,
Bir qoğal da bəs eylər kimsəni şad etməyə,
Bir nağıl da bəs eylər könlü abad etməyə,
Kərəm görüb sevinsin Lələsin, əzizlərim,
Mərhəmətli olmağa tələsin, əzizlərim.