İlahə İMANOVA.Yeni şeirlər

* * *

Özündən küsmək fikri Allahdan küsmək demək,
Yazan odur taleyi, gələcəyi nə bilmək?!
Allah bizi sınayır, çox eyləyir imtahan,
Polad polad olmaz ki əgər keçməsə oddan!
Əzab verir ruhuna insanların xisləti?
Insanlıq adı uca, böyükdür əzəməti.
Insan qəlbi incədir, pislik eyləyə bilməz,
Sevgi dolu ürəyin mərhəməti əskilməz!
Əl tutmaqsa bizlərə ərmagandır Əlidən,
Insan qəlbi zövq alır öz yaxşı əməlindən.
Darda olan birinin köməyinə yet yenə!
Sən nə etdinsə etdin tək Allah xatirinə.
Qoy itirsin insanlar yaxşılığı dünyada…
Əsas odur təmizsən vicdanın qarşısında.
Uyma şana-şöhrətə, bunlar çün yaddır sənə,
Insan ki, gedə bilməz iradəsi ziddinə.
Könül sındırmaq günah, çox böyük cəzası var,
Nə Allah bağışlayar, nə vicdanın rahatlar!

***

Çox zaman sanmışam ki, bu dünyada təkəm mən…
Çoxlarından fərqliyəm…Bəlkə özgə, yadam mən?!
Bir gözümlə ağlayıb bir gözümlə gülmüşəm,
Insanlardan xəyanət, çox haqsızlıq görmüşəm…
Doğulan gündən bəri, gör,nələrdən keçdim mən!
Çoxu sınardı bəlkə, amma ki sınmadım mən.
Ruhumu, həm qəlbimi pak saxladım hər zaman,
Uzaq oldum pislikdən, uzaq oldum riyadan.
Şeytana da uymadım, tək Allaha sığındım,
Göz yaşımı tökdülər, mən Allahı çağırdım…
Dost bildiyim, sevdiyim hər kəsdən zərbə aldım,
Allahın cəzasına, ədalətə inandım.
…Diqqət et sən səmaya, gör, nə qədər ulduz var,
Amma təkcə səmanı Ay nuruna boyayar.
Çoxdur ulduzlar kimi ikiüzlü, həm yaltaq…
Yalanla qazanılan dövlət talan olacaq!
Riya və zülm ilə qurulan olmaz abad,
Göz yaşıyla dağılar, nə iz qalar, nə də ad!
Sənin qəlbin gözəldir, şəfəq saçan günəş tək,
Sözlərin hikmət dolu, dəyərli bir inci, tək.
Qara, qalın buludlar nuru tutub saxlamaz,
Əsas gözəl ürəkdir, o da hər kəsdə olmaz!
Vətəndən uzaqlaşmaq?! Məgər, belə asandır?!
Bəs deyirdin bu torpaq, Vətən sənin anandır?!
Torpağının, suyunun ətrini verməz qürbət!
Bəlkə günün xoş keçər, amma… bir gün nəhayət,
Ruhun sızlayıb dinər Vətən sevgisi ilə…
Axı, hopmuş qanına laylayla gilə -gilə.
Çətinlikdən qaçırsan özgə ellərə, söylə?
Amma ki həll olunmaz məsələ bu cür, böylə!
Sən qaçırsan özündən? De, hara qaçacaqsan?!
Ruhunu sızladanı qəlbində tapacaqsan!!!

Qatara tələsirsən…bəlkə uçaraq getdin…
Vətənə qayıdırıq sürünüb dizin – dizin…
Bura sənin elindir, sənin yurdun, torpağın,
Burdan da ucalacaq dünyalara sorağın!

***

Nəzər yetir səmaya, qaranlıqdır, zülmətdir,
Buludlarsa qapqara, Ay pərdə də gizlidir.
Gecə yaman uzanır… sanki zaman dayanır…
Saatlar keçmir fikri beynində çox dolanır.
Amma günəş boylanır qəfil elə bu anda,
Zülmət əriyib gedir səmanın ağ nurunda.
Günəş öz şəfəqiylə qara zülməti boğar,
Uzun gecədən sonra IŞIQLI SABAH doğar!