Azərbaycanın birliyi və istiqlal uğrunda
çarpışan Səttar xan, Şeyx Məhəmməd Xiyabani
və Pişəvərinin əziz xatirəsinə

İpək yaylığıyla o, asta-asta
Silib eynəyini gözünə taxdi.
Əyilib yavaşca masanın üstə
Bir möhürə baxdı, bir qola baxdı.
Kağıza həvəslə o da qol atdı,
Dodağı altından gülümsəyərək.
Bir qələm əsrlik hicran yaratdı,
Bir xalqı yarıya böldü qılınc tək.
Öz sivri ucuyla bu lələk qələm,
Dəldi sinəsini Azərbaycanın.
Başını qaldırdı,
Ancaq dəmbədəm
Kəsdilər səsini Azərbaycanın.
O güldü kağıza qol çəkən zaman,
Qıydı ürəklərin hicran səsinə.
O güldü haqq üçün daim çarpışan
Bir xalqın tarixi faciəsinə.
Əyləşib kənarda topsaqqal ağa,
Hərdən mütərcimə suallar verir.
Çevrilir gah sola, baxır gah sağa,
Başını yellədib təsbeh çevirir.
Qoyulan şərtlərə razıyıq deyə,
Tərəflər qol çəkdi müahidəyə…
Tərəflər kim idi?
Hər ikisi yad!
Yadlarmı edəcək bu xalqa imdad?!
Qoy qalxsın ayağa ruhu Tomrisin.
Babəkin qılıncı parlasın yenə.
Onlar bu şərtlərə sözünü desin,
Zənciri kim vurdu şir biləyinə?
Hanı bu ellərin mərd oğulları,
Açın bərələri, açın yolları.
Bəs hanı bu əsrin öz Koroğlusu
– Qılınc Koroğlusu, söz Koroğlusu?
Babaların şəni, şərəfi, əlbət,
Bizə əmanətdir, böyük əmanət…
Yoxmu qanımızda xalqın qeyrəti?
Belə saxlayarlar bəs əmanəti?
Qoy ildırım çaxsın, titrəsin cahan!
Ürəklər qəzəbdən coşsun, partlasın.
Daim haqq yolunda qılınc qaldıran
İgid babaların goru çatlasın!
Qoy əysin başını vüqarlı dağlar,
Matəmi başlandı böyük bir elin.
Mərsiyə söyləsin axar bulaqlar,
Ağılar çağırsın bu gün qız, gəlin!..
Tərəflər sakitdir, qəzəbli deyil,
Məhv olan qoy olsun, onlara nə var.
İmzalar atılır bir-bir, elə bil,
Sevgi məktubuna qol çəkir onlar.
Atıb imzasını hər kəs varağa
Əyləşir sakitcə keçib yerinə.
Eynəkli cənabla, təsbehli ağa,
Qalxıb əl də verir bir-birinə.
Onların birləşən bu əllərilə
Ayrılır ikiyə bir el, bir Vətən.
Axıdıb gözündən yaş gilə-gilə,
Bu dəhşətli hala nə deyir Vətən?
Bir deyən olmadı, durun ağalar!
Axı bu ölkənin öz sahibi var.
Siz nə yazırsınız, bayaqdan bəri,
-Bəs hanı bu yurdun öz sahibləri?
Bəs hanı həqiqət, bəs hanı qanun?
Böyükdür bu yurdun tarixi, yaşı.
Bəs hanı köksünə sərhəd qoyduğun,
Bir vahid ölkənin iki qardaşı?
Görək bu hicrana, bu müsibətə,
Onların sözü nə, qərəzi nədir?
Bu xalq əzəl gündən düşüb zillətə,
Öz doğma yurdunda yoxsa kölədir?
Necə ayırdınız dırnağı ətdən
-Ürəyi bədəndən, canı cəsəddən?
Axı kim bu haqqı vermişdir sizə,
Sizi kim çağırmış, Vətənimizə?
Neçə vaxt səngərdə hey ulaşdılar,
Gülüstan kəndində sövdalaşdılar
Bir ölkə ikiyə
Ayrılsın deyə!..
Göy də buludlamış deyirlər o gün,
Çölləri, düzləri buludlar sarmış.
O göy gumltusu Oğuz xaqanın
Ruhuymuş, hönkürüb fəryad qoparmış.
Gülüstan kəndinin gül-çiçəkləri
Bir günün içində soldu, saraldı.
“Gülüstan” bağlandı, o gündən bəri,
Bu kəndin alnında bir ləkə qaldı.
Bağrı köz-köz oldu “Yanıq Kərəm”in
Tellər inildədi, yandı, nə yandı.
Aşığın sazında daha bir həzin,
Daha bir yanğılı pərdə yarandı.
Həmin gün ölkəni apardı sel, su,
Tutuldu çöhrəsi Günün, Ayın da.
Qoca Nəbacinin eşqi, arzusu,
O gün batmadımı Arpa çayında?
Ağlayıb dağlardan əsən küləklər,
Bu məşum xəbəri aləmə yaydı.
Sanki dilə gəldi güllər, çiçəklər:
“Bu işə qol qoyan qollar sınaydı”.
Arazın suları qəzəbli, daşqın,
Şirin nəğmələri ahdır, haraydır,
Vətən, quşabənzər qanadlarının
Biri bu taydırsa, biri o taydır.
Quş iki qanadla uçar, yüksələr,
Mən necə yüksəlim tək qanadımla?
Ürəklər bu dərddən tüğyana gələr,
Axar gozümüzdən yaş damla-damla.
Cənablar, bir anlıq düşündünüzmü?
Verdiyiniz hökmün ağırlığını?
Bu hökmün dəhşəti əllimi, yüzmü?
Biz necə götürək bu gözdağını?..
Başı kəsiləndə bu məğrur elin
Könül fəryadını hiss etdinizmi
Qoca Füzulinin, igid Babəkin
Etiraz səsini eşitdinizmi?
Cənablar, bir damcı mürəkkəblə siz
Düşünün, nələrə qol çəkmisiniz?
Bir damcı mürəkkəb bir vətəndaşı
Qanına bulayıb ikiyə böldü.
Bir damcı mürəkkəb olub göz yaşı
İllərlə gözlərdən axdı, töküldü.
Min ləkə vurdular şərəfimizə
Verdik, sahibimiz yenə “ver” – dedi.
Lap yaxşı eyləyib doğrudan, bizə
Biri “baran” – dedi, biri “xər” – dedi.
Bizi həm yedilər, həm dəmindilər,
Amma arxamızca gileyləndilər.
Hökmü gör nə qədər böyükmüş anın.
Möhür də basdılar varağa təkrar.
Yox, varağın deyil, Azərbaycanın
Köksünə dağ boyda dağ basdı onlar.
İmzalı, möhürlü ey cansız varaq,
Nə qədər böyükmüş qüvvətin, gücün.
Əsrlər boyunca vuruşduq, ancaq
Sarsıda bilmədik hökmünü bir gün.
Ey kağız parçası, əvvəl heç ikən,
Yazılıb, qollanıb yoxdan var oldun.
Böyük bir millətin başını kəsən,
Qolunu bağlayan hökmdar oldun.
Bir eli ikiyə paraladın sən
Özün kağız ikən paralanmadın,
Köksünə yazıları qəlb atəşindən,
Niyə alışmadın, niyə yanmadın?
Araz sərhəd oldu, əsdi küləklər,
Sular yatağında qalxdı, köpürdü.
Üstü dama-dama taxta dirəklər,
Çayın kənarıda səf çəkib durdu.
Sular, sizdən təmiz, nə var dünyada?
Ləkədən xalidir axı qəlbiniz.
Bağrınız alışıb niyə yanmadı
Bu çirkin əmələ qol qoyanda siz?
Ey Araz, səpirsən, göz yaşı sən də
Keçdikcə üstündən çölün, çəmənin.
Səni arzulara sədd eyləyəndə,
Niyə qurumadı suların sənin?
Dayanıb Arazın bu tayında mən
“Can qardaş” deyirəm, o da “can” deyir.
Ey zaman, sorğuma cavab ver, nədən
Səsim, yetən yerə əlim yetməyir…
Qarışıb gözümdə, qarışıb aləm,
Dərd dərdi doğrayır, qəm qəmdən keçir.
Arazın üstündən keçə bilmirəm,
Araz dərdim olub, sinəmdən keçir.
Taxta dirəkləri torpağa deyil,
Qoydular Füzuli divanı üstə.
Yarıya bölündü yüz, yüz əlli il
Gəraylı, bayatı, muğam, şikəstə.
Dəmir çəpərləri eşqim, diləyim
Tarixim, ənənəm üstə qoydular.
Yarıya bölündü canım, ürəyim,
Yarıya bölündü Arazda sular.
Taxta dirəkləri qoydular, ax, ax!..
Qəlbimin, ruhumun dilimin üstə,
Biz güldük, ağladıq, yenə də, ancaq
Bir sazın, bir telin, bir simin üstə.
Ürəkdən ürəyə körpü? Bir dayan!
Dərdimiz dinirsə bir sazın üstə.
Şəhriyar yaralı misralardan,
Körpü salmadımı Arazın üstə?!
Bu taydan o taya axışdı sel tək
Gözə görünməyən könül telləri.
Bu selin önünü nə çay, nə dirək,
Kəsə bilməmişdir yüz ildən bəri.
Ağalar bilmədi birdir bu torpaq
Təbriz də, Bakı da – Azərbaycandır,
Bir elin ruhunu, dilini ancaq
Kağızlar üstündə bölmək asandır.
Böl, kağız üstündə, böl, gecə-gündüz,
Torpağın üstünə dirəklər də düz,
Gücünü, əzmətini tök də meydana,
Qoşundan silahdan sədd çək hər yana.
Torpağı ikiyə bölərsən, ancaq
Çətindir bədəni candan ayırmaq!
Ayırmaq kimsəyə gəlməsin asan,
Bir xalqın bir olan dərdi-sərini.
O taydan bu taya Mustafa Payan
Oxuyur Vahidin qəzəllərini.
Dolandı zəmanə, döndü qərinə,
Şairlər od tökdü yenə dilindən.
Vurğunun o həsrət nəğmələrinə
Şəhriyar səs verdi Təbriz elindən:
“Heydər baba, göylər qara dumandı.
Günlərimiz bir-birindən yamandı.
Bir-birizdən ayrılmayın, amandı,
Yaxşılığı əlimizdən aldılar,
Yaxşı bizi yaman günə saldılar.
Bir uçaydım bu çırpman yelinən,
Qovuşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən,
Bir görəydim ayrılığı kim saldı,
Ölkəmizdə kim qırıldı, kim qaldı”.

1959