DÜNYANIN ZOR ADAMI

Qoşa qanadımdı atam vә anam,
Mәn iki adamın bir adamıyam.
Adәmdәn adama yol gәldi ömrüm,
Sirdәn yaranmışam, sirr adamıyam.

Çeşmә gözlәrimdә, çay gözlәrimdә,
Min bir gözәlliyi say gözlәrimdә.
Günәş ürәyimdә, Ay gözlәrimdә,
Üfüqdәn boylanan zәr adamıyam.

Dünya heyranlıqdı, mәn heyrәtdәyәm,
Heyran olduğuma mәhәbbәtdәyәm.
Gecә dә, gündüz dә ziyarәtdәyәm,
Ocaq adamıyam, pir adamıyam.

Bir sәsәm, süzülüb neydәn gәlmişәm,
Kitabam, әlifdәn-beydәn gәlmişәm.
Buluda qoşulub göydәn gәlmişәm,
Torpaqdan yoğrulan yer adamıyam.

Eşqimlә dağ yarıb, daş oya bildim,
Bir gündә min bir gün yaşaya bildim.
Mәn ki bu yüklәri daşıya bildim?
Bu qoca dünyanın zor adamıyam.

2008, 7 fevral

APARSIN

Kim gedәndә mәzarımın üstünә,
Nә gül dәrsin, nә çiçәklәr aparsın.
Dodağında Quranın bir ayәsi,
Ürәyindә xoş dilәklәr aparsın.

Dağ döşündә yaralanmış ahuyam,
Dәrd evinin, qәm mülkünün şahıyam.
Dağ yandıran Füzulinin ahıyam,
Hesabını qoy fәlәklәr aparsın.

İgid canım, şәhid canım, mәrd canım,
Ağrılara möhkәm canım, sәrt canım.
Qoyma sәndә meydan aça dәrd, canım,
Dәrdin varsa, ver külәklәr aparsın.

Dünya şeytan, dünya meydan, dünya qan,
Baxıb gördük dünya axşam, dünya dan.
Bir gün mәni aparanda dünyadan,
Qoy ya ruhlar, ya mәlәklәr aparsın.

At büdrәdi, meydan getdi, әr itdi,
Ay Zәlimxan, yan, qәlbini әrit, di.
Keçmişimi qara torpaq әritdi,
Sabahımı gәlәcәklәr aparsın.

2008, 15 fevral

GƏLMİSƏN

Qardaş, söylә görüm İranda nә var,
Eşitdim o yerdәn tәzә gәlmisәn.
Sәnә bu yaşında gözәllәr baxıb,
Bir qız baxışında gözә gәlmisәn.

Gözәllәr әlindәn alıb tabını,
Çәkiblәr mәclisdә haqq-hesabını.
Geyinә bilmәyib ayaqqabını,
Dönüb ayaqyalın bizә gәlmisәn.

Ağıllı tәrpәnib tәdbir tökәnlәr,
Yaxanı çırmayıb yaxa sökәnlәr,
Üzünü görmәyib şallaq çәkәnlәr,
Mey içib, dilindә mәzә gәlmisәn.

Arifә qurbandı şairin canı,
Gәl dostu-düşmәni yaxından tanı.
Dostumuz Nurәddin verib fitvanı,
Zәlimxan dilindә sözә gәlmisәn.
2008, 20 fevral

ÇALMA “MÜXƏMMƏS”İ,
TEZDİ, AY AŞIQ

Ey külәk, dağıdıb
salma didәrgin,
Qoy duman yaşasın,
duman ömrünü.
Sünbülün öz ömrü,
dәnin öz ömrü,
Saman da yaşasın
saman ömrünü.

Tufanlar ovcunda
sıxma dağları,
Atәşә yandırıb
yaxma dağları.
Ey qәfil zәlzәlә,
yıxma dağları,
Dağlardı yaşadan
insan ömrünü.

Qoyma gül bağçalar
bәhәrsiz qala,
Qoyma axşamları
sәhәrsiz qala.
Qoyma at igidsiz,
yәhәrsiz qala,
Köhlәnә bağışla
meydan ömrünü.