Bulud-bulud göy üzünə
Səpələnir ağrılarım.
Hara getsəm, yolum üstə
Təpələnir ağrılarım.

Bilməz məzlum, fağır nədi,
Yüngül nədi, ağır nədi…
Yağış kimi yağır nədi?! –
Lap ələnir ağrılarım.

Gedir, gedir, yenə dönür,
Sanki dinsiz dinə dönür.
Bir idisə, minə dönür, –
Qəlpələnir ağrılarım.

Hər şey gözəldi təhrində,
Boğuldum hicran qəhrində.
İçimdəki qəm nəhrində
Ləpələnir ağrılarım.

Sanmayın Oday naşıdı,
Dərdlərim – ömrün yaşıdı.
Sanki günya savaşıdı –
Cəbhələnir ağrılarım.