Azərbaycan Səfəvi dövlətinin banisi, hökmdar-şair Şah İsmayıl Xətai

Şah İsmayıl ( I İsmayıl və ya Şah İsmayıl Səfəvi (tam adı: Əbül-Müzəffər İsmail ibn Heydər əs-Səfəvi; d. 17 iyul 1487, Ərdəbil – ö. 23 may 1524, Sərab) — Səfəviyyə təriqətinin şeyxi (1494—1524); Səfəvilər dövlətinin banisi və ilk şahı[4][5]; şair.

Onun yaratdığı Səfəvilər dövləti 1736-cı ilə qədər mövcud olmuşdur. İsmayıl 1501-ci ildən Cənubi Azərbaycanda On iki imam şiəliyinə əsaslanan Səfəviliyi yayaraq 1509-cu ildə bütün İran, Azərbaycan, İraq, Şərqi Anadolunu və s. əraziləri vahid dövlətdə birləşdirmişdir.[6]

Bədii əsərlərini “Xətai” təxəllüsü ilə yazmışdır. Bununla əlaqədar Şah İsmayıl Xətai olaraq da tanınır. Əsərlərini əsasən Azərbaycan türkçəsində[7], qismən də fars[8] və ərəbcə yazmışdır.

Soykökü
I Şah İsmayılın altıncı əcdadı, mərkəzi Ərdəbildə yerləşən Səfəviyyə sufi təriqətinin əsasını qoymuş Şeyx Səfiəddin İshaqdır (1252-1334). Bir sıra Səfəvi mənbələri Səfəvi əcdadlarının tarixçəsini Şeyx Səfiəddinin yeddinci əcdadı olan və XI əsrdə yaşadığı güman edilən[9] Firuzşah Zərrinkülaha bağlayırlar və onun yeddinci şiə imamı Musa əl-Kazımın nəslindən gəldiyini bildirirlər. Lakin araşdırmalar nəticəsində belə bir fikir irəli sürülmüşdür ki, Firuzşahı İmam Musa əl-Kazım vasitəsilə peyğəmbər və imamlar nəslinə bağlamaq cəhdi Səfəvilər sülaləsinin hakimiyyətə gəldiyindən sonra hökmranlıqlarının legitimliyini əsaslandırmaq məqsədini güdürdü. [10] [11] Tarixşünaslıqda Səfəvi əcdadlarını qeyri-türk entoslarla əlaqələndirmək üçün müəyyən cəhdlər edilmiş, Firuzşahın Cənubi Ərəbistandan (Yəməndən),[12] Kürdüstandan[13] [14] və hətta Fars vilayətindən köçərək, Azərbaycanın Ərdəbil nahiyəsinə gəldiyi[15] barədə iddialar ortaya atılmışdır. Lakin tədqiqatlar dərinləşdikcə bir sıra yerli və əcnəbi alimlər Səfəvi əcdadlarının türk mənşəli olduqlarını təkzibedilməz dəlillərlə təsbit etmişlər. [16][17][18][19][20][21][22][23][24][25]

Səfəvi sülaləsinin kökü Azərbaycan ailələrindən olduğu, Şeyx Səfinin özünün də lap gəncliyindən, hətta fars vilayətlərində də olduğu sıralarda Türk Piri, Türk oğlu kimi tanındığı orta çağların bir çox qaynaqlarında təkrar təkrar yazılmışdır.[26]

V.V.Bartold Səfəvilər sülaləsinin türkmənşəli olduğunu qeyd edərək yazırdı ki,

“Ərdəbil şeyxləri, şübhəsiz, fars mənşəli deyil, Türk mənşəli idilər”. [27] İ.P.Petruşevski də analoji fikirdə olub, Səfəvilər sülaləsinin əslən Cənubi Azərbaycandan, Ərdəbildən olduğunu, Səfəviyyə sufi-dərviş təriqətinin irsi şeyxləri olduğunu yazırdı və əlavə edirdi ki, “ilk Səfəvi şeyxləri Ərdəbildə yaşayırdı, onların doğma dili Azərbaycan dili idi”.[28][29] [30] Sufizmin fransız tədqiqatçısı Massinyon Səfəviyyə təriqətini “Suxravərdiyyə dərviş ordeninin Azərbaycan qolu” olduğunu yazır.[31]

Həyatı

Gəncədə Şah İsmayılın adına zərb olunmuş iki şahılıq gümüş pul.
Şah İsmayıl Xətai 1487-ci il iyulun 17-də nüfuzlu azərbaycanlı ailəsində anadan olmuşdur. O, ata tərəfdən Şeyx Səfiəddin nəslindən idi. Şah İsmayılın atası Şeyx Heydər, babası Şeyx Cüneyd olmuşdur. Onun anası Aləmşah bəyim Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı, Sultan Yaqubun bacısı idi.[32] Şah İsmayılın iyirmi beşinci babası Əbülqasım Həmzənin, on beşinci babası Qızılbörk Firuzun qəbirləri Ərdəbil yaxınlığındakı Şeyx-Kəhrəlan kəndində indi də durur. Yerli əhali bu qəbirlərə ziyarətgah kimi baxır.[33]

9 iyul 1488-ci ildə Tabasaranda Şirvanşah qoşunu ilə döyüşdə qızılbaşlar məğlub oldu. Şeyx Heydər isə öldürüldü. Ölümündən sonra, Sultan Yaqub tərəfindən İsmayıl, anası və qardaşları Sultan Əli və İbrahim ilə birlikdə əvvəl erməni monastırı Akdamar qalasında, sonra Şiraz yaxınlığındakı İstəxr qalasında həbs olundu və 5 il burada saxlanıldı.[34] Bir müddətdən sonra Uzun Həsənin nəvəsi Sultan Rüstəm Səfəvilərdən istifadə etmək məqsədi ilə onları həbsdən azad etdirib müstəqil hakim kimi Sultanəlini Ərdəbilə qaytardı.[35] Şeyx Heydərin böyük oğlu Sultan Əli atasının işini davam etdirir və həlak olmazdan əvvəl qardaşı İsmayılı təriqət şeyxi vəzifəsinə varis təyin edildi.[36] Sultan Əlinin və Sultan Rüstəm birləşmiş qüvvələri 1493-cü ildə Baysunquru məğlub etdilər. Geri çəkilmək istəyən Sultan Baysunqur döyüşdə öldürüldü. Sultan Rüstəm əsas rəqibini məğlub etdikdən sonra Səfəvilərə qarşı siyasətini dəyişdi. Ərdəbil yaxınlığı Şəməsi döyüşündə Şeyx Sultan Əli məğlub edildi və öldürüldü.[37][38] Şeyxin ölümündən sonra sufilər İsmayıl və qardaşı İbrahimə Ərdəbildə gizlənməyə görə kömək etdilər. Onların ardınca Heydərin oğlanlarını hər vasitə ilə tutmaq və məhv etmək tapşırığını almış Eybə Sultanın dəstələri şəhərə daxil oldular. İsmayıl anası Aləmşah bəyimin onu ilk vaxtlar onları gizlətdiyi Şeyx Səfiəddin məqbərəsini tərk edərək, Qazi Əhməd Kakuli adlı səfəvi müridlərindən birinin evinə köçdü və üç gün ərzində orada qaldı. Yeddi yaşlı oğlan Xancan adlı qadının himayəsinə verildi.[39] Qızılbaşlar şeyx İsmayılı və qardaşı İbrahimi Ərdəbildə gizlətdikdən sonra Rəştə, daha sonra isə Lahicana, Gilanın Biyepiş vilayətinin hakimi Gərkiyə Mirzə Əlinin yanına gətirdilər. O, tanınmış alim Şəmsəddin Lahicini ərəb və fars dillərini öyrətmək, quranı oxumaq üçün İsmayılın və qardaşının tərbiyəçisi təyin etdi.[40]

Hakimiyyəti
Ərzincana yürüş
1499-cu ilin avqustunda Şeyx Heydərin on üç yaşlı oğlu Lahicandan Ərdəbilə yola düşəndə onu bu yolda yeddi nəfərdən ibarət ən yaxın şəxslər müşayiət edir: Hüseyn bəy Lələ Şamlı, Əbdüləli bəy Dədə, Xadim bəy Xüləfa, Rüstəm bəy Qaramanlı, Bayram bəy Qaramanlı, İlyas bəy Xunuslu və Qarapiri bəy Qacar. Onlar Deyləmdən keçib Taroma gəlirlər. Dayanacaqlar zamanı İsmayılın dəstəsinə “Rum və Şam” tayfalarından tərəfdarlar qoşulurdular. Taromda sayı 1500 nəfərə çatmış qızılbaş qüvvələrinə baxış keçirildi.[41] Oradan Qızılbaşlar Ərdəbilin cənub-qərbində yerləşən Xalxal tərəfə irəlilədikdən sonra qışı keçirmək üçün Xəzər dənizi yaxınlığında, Ərçivan adlı yerə gəldilər. 1500-cü ilin yazında şeyx İsmayıl Ərçivandan Araz çayının şimalındakı dağlıq rayonuna, Göyçə gölünün cənub sahillərinə doğru hərəkət etdi. Burada Qızılbaşlara ərəşli və zülqədər tayfaları qoşuldular.[42]

İsmayıl Çuxursədi keçdikdən sonra Doqquz Ulam adlı yerə gəldi. Burada Kiçik Asiya qızılbaşları dəstəsinə başçılıq edən Qaraca İlyas ona qoşuldu. İsmayıl daha sonra öz dəstəsi ilə Kiçik Asiyaya doğru hərəkət etdi və ustaclı tayfasının yaşadığı Mingöl yaylağına gəldi. O, Tərcan ərazisindəki Kağızmandan və Sarıqaya yaylağından keçərək Ərzincana çatdı.[43] Şeyx İsmayıl Azərbaycandan Kiçik Asiyaya keçənə qədər şamlı, rumlu, ustaclı, zülqədər, qacar, təkəli, əfşar, varsaq tayfalarından, Qaradağ sufilərindən ibarət 7000 qazi toplanmışdı.[42]

Ərzincanda, qızılbaş ağsaqqalarının müşavirəsində hərbi yürüşün istiqaməti məsələsi müzakirə olunmuşdu.[43] Bəziləri qüvvələrinin kifayət qədər olmamasını əsaslandırıb, qarşıdan gələn qışı Ərzincanda keçirməyi və əlavə qüvvələr gəlməsini gözləməyi, yaz gəldikdə isə (1501-ci il) Azərbaycana, Əlvəndə qarşı yürüşə başlamağı, digərləri qarşıdan gələn qışda Gürcüstanda cihad həyata keçirməyi, üçüncülər isə, Çuxursəd ərazisinə yola düşməyi və orada qışlamağı təklif edirdilər.[43] Lakin bu təkliflərdən heç biri qəbul olunmadı.[43] Qərara alındı ki, İsmayıl Şirvanşah Fərrux Yasara qarşı yönəldilsin.[44][45][46]

Şirvanşah Fərrux Yasarla mübarizə
Əsas məqalə: Cabanı döyüşü

Şah İsmayıl və Şirvanşah Fərrux Yasar arasında baş verən Cabanı döyüşünü əks etdirən 1541-ci ilə aid rəsm.
İsmayıl əmirlərinin Gürcüstana və Ermənistana bir neçə basqınından sonra 1500-cü ildə I Fərrux Yasara qarşı yeddi min qızılbaşla hücuma keçdi. Abidin bəy Davaçı Şamlı, Hüseyn bəy Lələ Şamlı, Məhəmməd bəy Ustaclı, Əhməd bəy Ustaclı, Bayram bəy Qaramanlı, Qılınc bəy Qaramanlı, Qaraca İlyas Bayburtlu, İlyas bəy Xunuslu, Sultanşah bəy Əfşar, Dana bəy Əfşar, Xəlil bəy Möhddar, Hüseyn bəy Süfrəçi Əfşar, Piri bəy Pərvanəçi Əfşar, Lələ Məhəmməd Təkəli, Bəkir bəy Cagirli, Piri bəy Qacar, Salman bəy Həzin Zülqədərli döyüşən qızılbaşlar arasında idi.[47] Şah İsmayıla Şirvan əhli olan bir nəfərdən xəbər çatır ki, Fərrux Yasar İsmayıla da atasının aqibətinin üz tutacağını bildirmişdir. İsmayıl Gilana yollandı və əhalidən öyrəndi ki, Şirvanşah onun yaxınlaşdığını eşidib, müharibəyə hazırlaşmaq üçün Şamaxıdan çıxaraq yaxşı möhkəmləndirilmiş Qəbələ qalasına getmişdir.[48] Bu səbəbdən, İsmayıl Şamaxını tutmaq qərarına gəldi. O, əhalinin şəhərdən qaçmasının qarşısını almaq və onların təhlükəsizliyini təmin etmək məqsədi ilə adamlarından Qulu bəyi Şamaxıya göndərdi. Lakin İsmayıl Şamaxıya daxil olanda öyrəndi ki, bütün əhali şəhəri tərk edərək dağlarda gizlənmişdir.[49] Bir neçə gün Şamaxıda dayanan İsmayıl Şirvanşahın öz qoşunları ilə Buğurt qalası yaxınlığındakı meşədə düşərgə saldığını öyrəndi.[50] Qızılbaşların Şamaxını tutması xəbərini alan Fərrux Yasar, Gülüstan qalasına çəkilməyi qərara almışdı. Qəbələyə hücum etmək fikrində olan İsmayıl, Şirvanşahın Gülüstan qalasına üz tutduğunu öyrəndi. Şirvanşah qalaya yetişə bilmədi, İsmayıl Cabanı adlanan yerdə Şirvanşahı sıxışdırdı. 1500-cü ilin payızında burada Şirvanlar və Şirvanşahlar üçün qanlı döyüş baş verdi.[46] İsmayıl 7 minlik süvarinin başında 20 min süvarisi və hərbi nizamla düzülmüş 6 min piyadası olan Şirvanşahı təqib etmişdir. Bütün qoşunları məğlub olub qaçdıqda, sərkərdələri isə döyüş meydanında həlak olduqdan sonra tək qalan Şirvanşah atla Buğurt qalasına qaçmağa başladı. Onun şirvanşah olduğunu bilməyən bir dəstə qızılbaş, atlını təqib edərək Gülüstan qalasından bir qədər aralıda ona çatdılar. Fərrux Yasar, Hüseyn bəy Lələnin “cilovdarı” adlandırdığı Şahgəldi ağa adlı qızılbaş tərəfindən vurulub atdan salındı. O, Şirvanşahın başını kəsərək İsmayıla gətirdi.[47] Əsir Şirvanlılar Fərrux Yasarın meyitini tanıyıb, onu dəfn etdilər. Münəccimbaşı Fərrux Yasarın ölümünü “Bəziləri deyir ki, o, əsir alınmış və sonra əlləri bağlı öldürülmüşdür.” bu cür təsvir etmişdir.[51] İsmayıl atasının və babasının intiqamını almaq üçün əsir götürdüyü bütün Şirvanlıları qətlə yetirdi. Şirvanın çiçəklənən şəhər və qalaları İsmayıl tərəfindən işğal olundu.[52]

Döyüşdə ələ keçirilmiş qənimətlər qızılbaşlar tərəfindən ələ keçirilib, bölüşdürüldü. İsmayıl üç gün döyüş meydanında qaldı, sonra isə Şamaxıya qayıtdı və şəhər əyanları tərəfindən ehtiramla qarşılandı. Fərrux Yasarın oğlanlarından biri, döyüşdən sağ çıxmış Şeyxşah İbrahim Xəzər sahilindəki Şəhrinov şəhərinə gələrək atasının qoşunundan sağ qalanları toplamağa başladı. Lakin Xadim bəy Xüləfanın[q 1] yürüşündən xəbər tutaraq, gəmilərə oturub Gilana üzdü. Şeyxşahın ardınca gəlmiş İsmayıl bir neçə gündən sonra Şəhrinovu tərk edib, 1500-1501-ci ilin[q 2] qışını keçirmək üçün Muğandakı Mahmudabada yola düşdü. Burada İsmayıla bildirirlər ki, Bakı əhalisi Səfəvilərin nümayəndələrinə itaət etməkdən və “xərac verməkdən” imtina edir. Belə olduqda İsmayıl, Məhəmməd bəy Ustaclı və İlyas bəy Xunuslunu Bakını tutmaq üçün göndərdi.[53]

Bakının mühasirəsi və tutulması
Əsas məqalə: Bakının mühasirəsi (1501)
Bakı o vaxtlar alınmaz qala sayılırdı. Şəhər üçqat divarla, bir tərəfdən dənizlə, quruda isə dərin və geniş xəndəklə əhatə olunmuşdu. Şəhərə yaxınlaşan qızılbaş döyüşçüləri onun Makedoniyalı İsgəndər səddini xatırladan qala divarına heyran qalırdılar. İsmayıla bu qalanı tutmaq çox vacib sayılırdı. Çünki Bakı o vaxtlar Şirvanın iri şəhərlərindən biri və Xəzər dənizində ən yaxşı tranzit ticarət mərkəzi idi. Qədimdən Şirvanşah xanədanına sədaqətli olan mühasirəyə alınmış bakılılar istehkamlarının alınmazlığına, böyük silah və ərzaq ehtiyatlarına güvənərək ehtiyatla vuruşurdular.[52]

Ağqoyunlu Əlvəndlə mübarizə
Siyasi fəaliyyəti

1502-1524-cü illərdə Azərbaycan Səfəvilər İmperiyasının bayrağı

Şah İsmayıl və Şirvanşah Fərrux Yasar arasında döyüş , 1541-ci ilə aid rəsm
1499-cu ilin avqust ayında 12 yaşlı İsmayıl özünün yaxın tərbiyəçisi və məsləhətçisi olan bir neçə qızılbaş tayfa başçısı ilə birlikdə qoşun toplamaq üçün Ərdəbilə yollanır, ancaq şəhər hakimi tərəfindən təqib olunur. O, 1500-cü ilin yazında Şamlı və Rumlu tayfalarından, habelə Qaradağ və Talış əhalisindən ona qoşulmuş 2 minə yaxın qızılbaşla Qarabağ, Çuxursəd, Şuragil, Kağızman, Tərcan yolu ilə Ərzincana gəlir.

Fransız səyyahı və coğrafiyaşünası Andre Tevenin kitabında Şah İsmayılın şəkli , 1584-cü il
Ərzincanda keçirilən müşavirəsində Səfəvilərin irsi düşməni Şirvanşah Fərrux Yasarla müharibəyə başlamaq qərara alındı və əmirlərinin Gürcüstana bir neçə basqınından sonra İsmayıl Anadoluda topladığı təqribən 7 min nəfərlik tərəfdarı ilə 1500-cü ilin axırlarında Şirvana hücum edir. Cabanı döyüşündə Fərrux Yasar məğlub edildi və şirvanşah öldürüldü.

İsmayıl üç gün düşərgəsində qaldıqdan sonra Şamaxıya daxil oldu. Burada onu seyidlər, qazılar, rəislər və şəhər əyanları qarşıladı. Şamaxıya girən İsmayıl şəhərdə yalnız bircə gün qaldı. Burada öyrəndi ki, Şirvanşahın döyüş meydanından qaçıb canını qurtarmış oğlu II Şeyx İbrahim (Şeyxşah) Xəzər dənizinin sahilindəki Şəhrinou qalasındadır və atasının qoşunlarının salamat qalmış hissələrini ətrafına toplamışdır. İsmayıl sərkərdəsi Hülafə bəyə qoşun hissəsi ilə oraya göndərdi, duruş gətirə bilməyəcəyini görən Şeyxşah yaxın adamları ilə birlikdə qaçdı. Müqavimətə rast gəlməyən Hülafə bəy, Şəhrinouda düşərgə saldı. Ertəsi gün İsmayıl özü buraya gəldi. İsmayıl Şəhrinounu tutduqdan sonra Mahmudabada qışlağa getdi. Burada ona məlum oldu ki, Bakı şəhərinin əhalisi qalalarının möhkəmliyinə bel bağlayaraq xərac verməkdən imtina edir və müqavimət göstərirlər.[54] İsmayıl uzun çəkməyən mühasirədən sonra 1501-ci ilin baharında Bakını aldı.

Şirvanşah qoşunlarının vuruşmadan sonra salamat qalmış hissələri Gülüstan qalasına cəkilmişdi. İsmayıl Bakını aldıqdan sonra Gülüstan qalasını tutmağa getdi. Lakin tezliklə Gülüstanın mühasirəsini buraxaraq, əmirlərinə bunu yuxuda imamdan tapşırıq alması ilə izah etmişdir[55], Ağqoyunlu Əlvəndlə mübarizəyə yollandı. Rəvayətə görə İsmayıl qızılbaş əmirlərini məşvərətə yığaraq onlardan soruşur: “Siz nə istəyirsiniz, Azərbaycan taxt-tacını, yoxsa “Gülüstan” qalasını?” Onlar yekdilliklə Azərbaycanı üstün tuturlar.

Schah Ismail Khatai Aserbaidschan.jpg

Mərv döyüşü

Mərv döyüşü (1510)

Şah İsmayılın yaratdığı Səfəvilər imperiyasının ərazisi
İsmayıl öz qoşunu ilə Naxçıvan istiqamətində hərəkət edir. 1501-ci ilin ortalarında Əlvənd Mirzə onları Şərur düzündə qarşılayır. Şərur döyüşündə Əlvənd Mirzənin 30 minlik ordusu İsmayıl 7 minlik qoşunu tərəfindən darmadağın edilir. Vahiməyə düşüb qaçan döyüşçülərini saxlamaq və rəqibin arxadan zərbələrini dəf etmək məqsədilə bir-birinə zəncirlənmiş dəvələrdən istifadə etmək cəhdi də Əlvənd Mirzəyə kömək etmir.

İsmayıl bu döyüşdə də öz yaşına görə qeyri-adi dərəcədə sərkərdəlik qabiliyyəti və şəxsi igidlik nümunəsi göstərir. O özü şəxsən Ağqoyunlu qoşununun sayılan əmirlərindən Karqiçay bəyi qılınc döyüşündə məğlub edir. Digər məşhur sərkərdələr də öldürülmüş və başları özgə düşmənlərə görk olmaq üçün qızılbaş döyüşçülərinin tutduğu yüksəkliklərdə qoyulmuşdur. Əlvənd özü isə döyüş meydanından güclə qaçaraq, canını qurtarmışdır. Beləliklə, İsmayıl xeyli qənimət qazanmışdır və ən əsası isə Təbrizə yol açıqdır.

1501-ci ilin payızında Təbrizə daxil olan İsmayıl özünü şah elan etdi. Bununla da paytaxtı Təbriz olan Azərbaycan Səfəvilər dövlətinin əsası qoyuldu.

I Şah İsmayılın tabe olmaq təklifini rədd edən Ağqoyunlu hökmdarı Sultan Muradla 1503-cü il iyunun 21-də Həmədan yaxınlığında döyüş Şah İsmayılın qələbəsi ilə nəticələndi və Ağqoyunlu dövləti süqut etdi.

Çox qısa müddətdə şah İsmayıl Şeybani xanın özbək dövlətindən tutmuş Osmanlı imperiyasının sərhədlərinə qədər uzanan möhtəşəm bir dövlət yarada bilir.

Özbək Şeybani xan İsmayıl üçün strateji əhəmiyyət daşıyan İsfahanı tutarkən ona göndərdiyi “Mən İran və Azərbaycan sərhədlərinə gələrək, oranı tutandan sonra İraqi-Ərəbə və Hicaza gedəcəyəm” məktubana cavab olaraq Şah İsmayıl öz qoşunlarını Xorasana yeridir. Şeybani xan Mərv qalasında gizlənir, lakin İsmayıl aldadıcı manevr edərək, onu qaladan bayıra çıxarır və 1510-cu il 2 dekabrda Mahmudi kəndi yaxınlığında şah İsmayılla Şeybani xanın qoşunları arasındakı Mərv döyüşü şah İsmayılın tam qələbəsi ilə başa çatır. Bütün gün ərzində davam edən bu ağır döyüşdə məğlub olan Şeybani xan qaçmaq istədikdə Şah İsmayılın döyüşçüləri və öz mühafizəçiləri tərəfindən qətlə yetirilir. Şeybani xanın başını şaha gətirirlər. Əmrə əsasən, onun kəlləsini qızıl suyuna çəkib, qədəh düzəldirlər. Bu döyüşdən sonra o, Herat, Mərv və Bəlx şəhərlərini tutur. Bütün Şabran, Xorasan vilayəti şah İsmayılın hakimiyyəti altına keçir. Sonrakı illərdə Şah İsmayıl bütün İranı,İraqi-Ərəbi Səfəvilər dövlətinə qatdı. Onun dövründə Səfəvilər dövləti Yaxın Şərqin qüdrətli dövlətlərindən birinə çevrldi.Səfəvi dövləti öz yüksəlişinin zirvə nöqtəsinə çatır. Onun ərazisinin sahəsi 2 milyon 800 min kvadrat kilometrə çatırdı.

Şah İsmayıl və Osmanlı imperiyası

Şah İsmayılın dəbilqəsi

Çaldıran döyüşü , 1525-ci ilə aid rəsm

Çaldıran döyüşü
Səfəvi dövləti kimi güclü bir dövlətin yaranması Osmanlı sultanlarını narahat edirdi. Şah İsmayıl da geniş əraziləri əhatə edən şiə dövləti qurmaq istəyirdi.[56] Anadoludakı türklər İsmayıla rəğbət bəsləməklə qalmır, bölgəni geniş xalq üsyanları bürüyür.[57] Osmanlı ərazisindəki narazı əhali kütləvi surətdə Səvəfi dövlətinə köçməyə başlayır.[58] Bütün bunlar Səvəfi ideologiyasının təkcə şərqi Anadoluda deyil, mərkəzi Anadoluda böyük təsirə malik olduğunu göstərir.[59]

Beləliklə siyasi səbəbdən yaranan Səfəvi-Osmanlı qarşıdurması gələcəkdə uzun sürəcək və din pərdəsi arxasında aparılan müharibələrin səbəbi idi.[60] İlk dəfə Çaldıran döyüşündən əvvəl Qızılbaşların kafir kimi öldürülməsinə fətva alan[61] I Səlimin başlatdığı bu dini müharibə gələcəkdə onun oğlu I Süleymanın dövründə Osmanlı şeyxül-islamı Müfti Əl-Həmzə tərəfindən verilən fətva[62] ilə qızılbaşların öldürülüb malları ilə birgə arvad və uşaqlara sahib olmalarını halal edən dövlət ideologiyasına çeviriləcək.[63]

Çaldıran döyüşü zamanı Sultan Səlim tərəfindən ələ keçirilmiş Şah İsmayıl Xətainin şəxsi əşyaları. Topqapı muzeyi, İstanbul

Çaldıran döyüşü (1514)
Səfəvilər dövlətinə münasibətdə “dinc, yanaşı yaşama” prinsipinə sadiq qalaraq, əsasən sülh siyasəti yürüdən Sultan II Bayəziddən fərqli olaraq onun oğlu 1512-ci ildə hakimiyyətə keçən Sultan I Səlim Yavuz (1512-1520) Səfəvilərə qarşı müharibə yolunu tutdu. Sultan Səlim Şah İsmayıl üzərinə qəti hərəkətə keçməzdən öncə Səfəvi dövlətinə qarşı bir sıra siyasi, mədəni, iqtisadi və əsgəri tədbirlər gördü.[64] [65] Sünni üləması qızılbaşlara qarşı hərb açılmasının cihaddan da mühüm və əqdəm olduğu barədə fitva vermişdi.[66]

Səfəvi dövlətinə qarşı 19 mart 1514-cü ildə “şərq yürüşünə” başlayan Sultan

Səlim hələ yolda olarkən Şah İsmayıla farsca üç təhqiramiz məktub yazmışdı. Bunlardan yalnız üçüncüsünə türkçə cavab verən şah məsələni sülh yolu ilə həll etməyə cəhd etmişdi, lakin uğursuz.[67][68]

23 avqust 1514-cü ildə Çaldıran çölündə iki ordu üz-üzə gəldi. Osmanlı ordusu Səfəvi ordusundan sayca üstün idi. Çaldıran döyüşündəki qüvvələr nisbəti ilə bağlı tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, Osmanlı ordusu 100 min, Səfəvi qoşunları 40 min nəfərdən ibarət idi.[69][70]

Bundan başqa Osmanlıların daha bir üstünlüyü də 300-ə qədər topun olması idi. Bütün bunlar döyüşün gedişinə təsir göstərməyə bilməzdi. Şah İsmayıl şəxsi igidlik və cəsurluq nümunələri göstərib, özünün qeyri-adi gücü və döyüş bacarığı ilə məşhur olan Turəli bəy Məlkoçoğlunu təkbətək döyüşdə şəxsən məhv etmişdir. Şah İsmayıl qılıncla ona elə bir zərbə endirir ki, dəbilqəsi və başı iki yerə paralanır. İsmayılın qılıncı Əli bəyin sinəsinə qədər işləyir. Döyüşün qızğın çağında İsmayıl azsaylı dəstəsi ilə düşmənin artilleriyasına doğru can atır, lakin bu zaman onun atı büdrəyib yıxılır. Şah İsmayıla çox bənzəyən Sultanəli Mirzə Əfşar: “Şah mənəm”, deyə qışqırmaqla onu əsir düşməkdən xilas edir və beləliklə yaralanan şah ata qalxaraq döyüş meydanından qaça bilir. I Sultan Səlim Xoy, Mərənd və Təbriz şəhərlərini tutur. Buna baxmayaraq, o, Təbrizdə çox qala bilməyib, 6 gündən sonra Şah İsmayıl tacı, əlbisələri və bəzək əşyaları da içində olmaqla xeyli qənimət götürərək, Təbrizi tərk edir.

Çingiz Mehbaliyev – Şah İsmayıl hücumda (şəxsi kolleksiyada saxlanılır.)
Tarixdə belə bir hadisə olub. Şah İsmayıl Çaldıran döyüşündə topları bir-birinə bağlayan zəncirləri kəsərkən bir anda onun qüvvətli zərbəsi topun lüləsinə tuş gəlir və top iki yerə bölünür. Çaldıran döyüşündən uzun müddət sonra Sultan Səlim Şah İsmayıldan həmin qılıncı ona göndərməsini istəyir. Şah həmin qılıncı Sultana göndərir. Sultan Səlim neçə dəfə cəhd göstərsə də topu kəsə bilmir. O Şaha məktubunda deyir : “Sən məni aldadırsan , bu həmin qılınc deyil.”. Şah İsmayıl cavab məktubunda ona belə cavab verir : “Qılınc həmin qılıncdı, qol o qol deyil.”.

Məktublarında göründüyü kimi Şah İsmayılın savadı hər yerdə özünü göstərir. O Çaldıran döyüşündə Sultan Səlimə məğlub olmasına baxmayaraq, məktublarında daima onu dərrakəsi ilə məğlub edib. Şah İsmayılın göndərdiyi məktublara Sultan aciz qalır cavab yaza bilmirdi. Sultan Səlim Şahın heç bir məktubuna cavab yazmayıb. Bu da Şah İsmayılın dövrünə görə çox savadlı və ağıllı bir şəxsiyyət olduğunu sübut edir.

Sultan Səlim qənimətlə birlikdə özü ilə İstanbula sonradan Türkiyənin incəsənət və sənətkarlıqının inkişafında müstəsna rol oynamış bir çox incəsənət xadimlərini və sənətkarları da aparır. Dünyanın ən zəngin muzeylərindən sayılan İstanbul Topqapı sarayında, Əsgər muzeyində Azərbaycan tətbiqi sənətinin Çaldıran döyüşündən sonra buraya gətirilmiş ən nadir nümunələri nümayiş etdirilməkdədir.

Tarixçilərin bildirdiyinə görə, Çaldıranda, döyüş meydanında kişi paltarı geyib, öz ərləri ilə birlikdə vuruşan xeyli qadın meyidi tapılmışdı.

Şah İsmayılı Mərv döyüşündə Şeybani xanla döyüşərkən təsvir edən miniatür (Çəhəl Sütun Sarayı)
Sonrakı illərdə Şah İsmayıl Şəki hökmdarlığını, Şirvanşahları, gürcü çarlarını Səfəvilərdən asılı vəziyyətə saldı. Hakimiyyətinin son illərində şah İsmayılla Şirvanşah Şeyxşah arasında dostluq və qohumluq münasibətləri yaranır. Əvvəlcə Şah İsmayıl qızı Pərixan xanımı Şeyxşahın oğlu Sultan Xəlilə ərə verir, sonra isə özü Şirvanşahın qızlarından biri ilə evlənir. Şah İsmayılın toyu 1523-cü il 5 noyabrda Təbriz yaxınlığında olur.

Vəfatı
1524-cü ilin baharında – Novruz bayramından az sonra, Şah İsmayıl böyük qoşunla Qarabağ düzündə cərgə üsulu ilə ov edə-edə Şəki hökmdarlığının ərazisinə daxil olur. “Şəki valisi Həsən bəy onu qarşılamağa çıxıb, (şaha) təzim etmək şərəfinə nail oldu və zəmanə hökmdarına bol-firavan peşkəşlər təqdim etdi. Əlahəzrət şah ov etmək sevdasına və dağlara tamaşa etmək həvəsinə malik olduğu üçün hökm verdi ki qazilər və Şəki əyanları Gürcüstanla Şəki arasında yerləşən və Şahdağı[71] (adı) ilə məşhur olan yerdəki cüyürləri və digər vəhşi ov heyvanlarını qovub bir yerə toplasınlar. Belə nəql edirlər ki, keçmiş sultanlar o vilayətdə Şahdağına pənah aparan ovun ardınca getməzdilər və buna görə də o dağda çoxlu cüyür vardı. Heç bir kəs o cüyürlərə dəyib-dolaşa bilmirdi. Çünki onların (Şahdağında) ovlanması uğursuzluq əlaməti hesab olunurdu.

Bu məsələni (şaha) ərz etsələr də, o həzrət buna məhəl qoymadı və ovun başlamasını əmr etdi. Elə ki cərgə ovu tərtib olundu, hökmdar çoxlu cüyür və saysız-hesabsız vəhşi heyvanları Şahdağında ovlayıb, Ərdəbilə tərəf geri qayıtdı”[72]. Lakin yolda ağır xəstələnir və Ərdəbildən tələm-tələsik Təbrizə yola düşür. Sərab yaxınlığındakı Mənqutay adlı yerdə halı o qədər ağırlaşır ki düşərgə salmalı olurlar. Həkimlərin müalicəsi bir fayda vermir. Şah ismayıl 23 may 1524-cü ildə vəfat edir. Nəşini Ərdəbilə gətirib Şeyx Səfi məqbərəsində dəfn edirlər. Abbasqulu Ağa Bakıxanov “Gülüstani İrəmdə” yazır: “… Hicri 930-cu ilin əvvəllərində (miladi 1524)… Şah İsmayıl vəfat etdi. O, mehribanlıqda dünyanı işıqlandıran və qəhrəmanlıqda düşməni yaxan, od məcazlı bir sultan idi. Qurmuş olduğu səltənətin mühüm işlərinə məşğul olmasına baxmayaraq, Şah İsmayıl alimlərlə müsahib olub, şeir söyləməyə də mail idi”.