Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?
Qəmu bimarinə canan dəvayi-dərd edər ehsan.
Nəçin qılmaz mənə dərman, məni bimari sanmazmı?
Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən
Desəm, o bivəfa bilməm, inanarmı, inanmazmı?
Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?
Güli-rüsxarinə qarşı gözümdən qanlı axar su,
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?
Degildim mən sənə mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil səni görcək utanmazmı?
Füzuli rind ü şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun ki, bu nə sevdadır, bu sevdadan usanmazmı?