Dilarə SÜLEYMAN.Yeni şeirlər

İNSANOĞLU

Dizinə daş dəyər,yoldan bilərsən,
Saçına dən düşər,ildən bilərsən,
Adın dilə düşər eldən bilərsən,
Eybini özündə gəz, insan oğlu.

Haqqın tapdalanar,dilin tutular,
Mənasız şənliklə başın qatılar,
Göz aç ,oyan desəm qaşın çatılar,
Onda məzlum yaşa döz, insan oğlu!

Şiri nər olarsan söz arxasında,
Pərdələr asılır göz arxasında,
Neçə üz var hələ üz arxasında,
Dərdin çox, çarəsi az, insan oğlu!

Yalan şüar olub,tərifsə adət,
Içində qəfəsi qırıb cihad et,
Haqqını dilənib tapma səadət,
Hayqır ədaləti yaz, insan oğlu!

Dilini kəssələr əlin susmasın,
Canını yaxsalar,külün susmasın,
inamın yolunda dizin əsməsin
Qılıncdan kəskindir söz, insan oğlu!

YOXLUQ

Qəlbim məzarlıqdır, ıssız, qaranlıq,
Hərə bir cür düşüb, qalır gözümdə,
Ümidlə baxdığım üzlər bir anlıq,
Bircə kəlmə sözlə ölür gözümdə.

Həyat bir müdrikin son vəsiyyəti,
Həyat bir aşiqin ahı kimidir.
Sənin o şikayət etdiyin kədər
Bəlkə birisiyçün yuxu kimidir.

Həyat sənə başqa, mənə başqadır,
Nolar sən də getmə gedərgəlməzə,
Gözümə görünmə, günəşi söndür,
Sən əziz qalarsan, gözüm görməsə.

ƏZİZİM

Qəlbimin qapısı açıq qalıbdır
Yel vurub yengələr oynar içimdə
Ruhumun vədəsi tamam olubdu,
Yaxşı-pis nə varsa qaynar içimdə.

Cismim torpağının borcun gəzdirir,
Qorxuram da deyəm, canı gəl götür,
Ürək dərd yığmağa xurcun gəzdirir,
Nəfsim, bu dünyadan, nolar, əl götür!

Hər gün ağacımdan bir yarpaq düşür,
Mən nə ağacıydım hələ bilmirəm,
Başım göylə, köküm yerlə əlləşir,
Həm burda,həm orda ola bilmirəm.

Şikayət etməyə öyrəşməmişəm,
Odur birtəhər dözürəm, əzizim!
Mən olmaqdan hələ vaz keçməmişəm,
Kipriyimlə gor qazıram, əzizim!

BU DÜNYADA QALANMIRAM

Halım yaman dönüb haldan,
Söz içində dinənmirəm,
Əsər yoxdu oddan, küldən,
Tüstüləyir, yananmıram.

Sovurub illər tozumu,
Peşə eylədim dözümü,
Kimə çevirsəm üzümü
Xain çıxır, inanmıram.

Dünya bezmiş qonağından,
Ruh çıxmış can sınağından,
Süzülürsən yanağımdan,
Sənə qıyıb silənmirəm.

Həyat tapmaz daş yağışla,
Alınmadı tale, boşla,
Halallaşaq, sən bağışla,
Bu dünyada qalanmıram.

Mənbə: http://www.kultur.az