Əziz MUSA.Yeni şeirlər

em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

CƏBRAYILLI ŞAİR

Göylərə qaldıran şeiri, sənəti,
Çiynində daşıyan hər əzyyəti,
Hörmətə mindirən sözü , söhbəti,
Cəbrayıllı şair Əziz Musadı.

Haqsızlıq görəndə gözləri dolan,
Köməyə tələsən ağatlı oğlan,
Alimlər yanında öz yeri olan,
Cəbrayıllı şair Əziz Musadı.

Nazlı gözəllərə nəğmələr qoşan,
İlhamı gələndə kükrəyən, coşan,
Sözü qanadlanıb zirvələr aşan,
Cəbrayıllı şair Əziz Musadı.

Hər sözü söhbəti dillərdə dastan,
Qəlbində bir Allah, əlində Quran,
Haqqın qarşısında əyilən insan,
Cəbrayıllı şair Əziz Musadı.

Sözlərdən tac hörən, çələng toxuyan,
Eşidib, biləni sözlə mat qoyan,
Yurdun şöhrətini dünyaya yayan,
Cəbrayıllı şair Əziz Musadı.

Haram bir tikə də çörək yeməyən,
Əhdindən, sözündan heç vaxt dönməyən,
Haqsız danışmayan, nahaq deməyən,
Cəbrayıllı şair Əziz Musadı.

NECƏ DƏ QƏŞƏNGSƏN

Necə də qəşəngsən, vurğunam sənə,
Sən ki, bir gözəllik ilahəsisən.
Baxmaqdan doymuram o gül hüsnünə,
Sən sevgi çələngi, eşq nəgməsisən.

Könlümü oxşayır gül üzün sənin,
Çirindi gülüşün, baldı dodağın,
Elə bil nəğmədir, xoş təbəssümün.
Vallah tamaşadı alma yanağın.

Sanki günəş gülür gül camalında,
Gözlərin can alır od-alovuyla.
Nurlu bir Günəşdi qara xalın da.
Sən bəhsə girirsən Günəşlə, Ayla.

Tanrının sevimli bir bəndəsisən,
Üzü qələm çəkib o göz, qaşına.
Elə Ay da sənsən, elə Gün də sən,
Ulduzlar dolanır sənin başına.

Şəfəqlər süzülür, baxışlarından,
Yaradan heyrandı öz mələyinə.
Yoxdu bu dünyada o göz, qaşından,
Heyranam gözəlim, gözəlliyinə.