Xalq şairi Süleyman RÜSTƏM.”Könlüm yenə min şövq ilə, canan, səni istər”

Könlüm yenə min şövq ilə, canan, səni istər,
And olsun əziz canına ki, can səni istər.

Çəkməz ətəyindən əlini, çəksə də hicran,
Eylər canını canına qurban, səni istər.

İlham alıram incə səsindən, nəfəsindən,
Tək mən deyiləm, şanlı bu dövran səni istər.

Sən qəlbi təmiz, alnı açıq, şux gözəlimsən,
Ellər də olub hüsnünə heyran, səni istər.

İşdir, mənə üz versə fəraqından kədər, qəm,
Könlüm yenə də dərdinə dərman səni istər.

Gün keçsə, zaman keçsə, vəfasız belə olsan,
Əvvəlki məhəbbətlə Süleyman səni istər.

Mənbə: Klassik Ədəbiyyat İnciləri