Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Zirvə”

Zirvəyə qalxıram dolama yolla,
bu yol əziyyətdi, tamaşa deyil.
Qalxıram tədbirlə, hisslə, ağılla,
zirvənin mənzili birbaşa deyil.

Kəsir qabağımı gah sis, gah duman,
gözümdə yorğunluq, saçlarımda dən.
Qalxıram, daş qopur ayağım altdan,
dağ mənə söykənir, mən dağa hərdən.

İllər pillələrmiş bizdən ötəri,
Yollara gah bürkü, gah şaxta düşür.
Şöhrətin sevinci, yaşın kədəri,
tərs kimi, ikisi bir vaxta düşür.

Keçir icazəsiz ömrün səddini,
keçirir bizi də alovdan, oddan.
Sağlamlıq, gözəllik ləyaqətini
alır əlimizdən yaş soruşmadan.

Ah, zirvə hardadı, görəsən harda?
nədi mən getdiyim bu cığır, bu iz?
Mən də bir zirvəyəm aşağılarda,
nə mən zirvəsizəm, nə zirvə mənsiz.

Gedirəm… illərə sorağım düşür,
insan öz-özündən ayrılır, demək.
Yuxarı baxıram – papağım düşür,
aşağı baxıram – gözümdən eynək…

Mənbə: Klassik Ədəbiyyat İnciləri