Dünyaya Bəhmənyar və Tusi gəldi,

indi də onların varisi gəldi.

Mahmud Qaşqarinin türkçü qələmi,

sənin əlindədi indi, Nizami…

On bir il bundan əvvəl yazdığım poemada Nizamiyə müraciətlə deyirdim:

Nizami, millət də bəzən tək qalır,

onu da tək görüb hərifləyirlər.

Unu ələyirlər, bir kəpək qalır,

unu yox,

kəpəyi tərifləyirlər…

1949-cu iliydi. Millətimizi öz qədim torpaqlarından (Qərbi Azərbaycandan) “köçkün” adıyla gətirib Ağstafa dəmiryol vağzalına tökmüşdülər.

Nizaminin hələ bunlardan xəbəri yoxuydu. Hələ dünyaya gəlməmişdi.

Mən onda rayonumuzun Kirovka (indiki Vurğun) kəndində oxuyurdum. Onuncu sinif şagirdiydim.

Poema mənim kiçik bir qeydimlə açılır: “…bu əsərin maraqlı yaranma tarixi var. Gənc dostum Nizami Cəfərovun 40 yaşı tamam olurdu. Məni dəvət etmişdi. Bir şeirlə getmək istədim. İlk gəncliyimdən ürəyimdə ayrıca yeri, bənzərsiz gülüşləri olan bu insanın həyatı çox da nikbin keçməyib. Mərhum atası doğma torpaqlarından zorla deportasiya edilənlərdən olub”.

Bu “sürgün”dən düz on il sonra, 1959-cu ildə Nizami dünyaya göz açıb və onun tale yolu başlayıb.

Mənim öz taleyim isə elə gətirib ki, qabağıma həmişə yaxşı adamlar çıxıb. Tək olsam da, tək qalmamışam. Dünya yaxşılardan xali deyil, – deyiblər. Onların xeyirxahlığı insani münasibətləri, təmənnasız yaxşılıqları mənim həyatda yaşamağıma (hətta yaşamağıma!), cəmiyyətdə müəyyən hörmət-izzət sahibi olmağıma səbəb olub.

Əslində, onlar məktəb olublar.

Həyatda təklik də, tək addım atmaq da çətindi.

Bu dəfə qarşıma çıxan xeyirxah insan əvvəlkilərin hamısından yaşca kiçik idi. Bakı Dövlət Universitetində oxuyurdu. Filologiya fakültəsinin üçüncü kurs tələbəsiydi. Məni bir ədəbi görüşə dəvət etmişdilər. Sual verəndə, mən də onun adını soruşdum. Nizami Cəfərov, – dedi. Sualı maraqlı olduğu üçün, adı da yadımda qaldı. Təəssüf ki, indi sualı xatırlaya bilmirəm.

Sonralar öyrəndim ki, o tələbə oğlan bizim Ağstafa rayonundandı. Hətta mənim ata-ana yurdum olan Qıraq Kəsəmən kəndində doğulub. Kənddə kimlərdən olduğunu da dedilər…

Vaxt elə keçir ki, dönüb arxaya baxanda nə gözünə, nə özünə inanırsan. “Asta” keçən bu “sürət” nədir?! Hamını heyran qalan görmüşəm.

Günlərin bir günü mərhum xalq yazıçımız İsmayıl Şıxlı (bu il onun 100 illik yubileyini keçirəcəyik) Yazıçılar Birliyinə (o vaxt İttifaq idi) sədr vəzifəsinə gəldi. Mən onda Yazıçılar İttifaqının ədəbi orqanı “Ədəbiyyat və incəsənət” qəzetinin Baş redaktoru işləyirdim.

Bizim redaksiyada Tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri başqa işə keçdiyinə görə yer boş idi. İsmayıl müəllimin qəbuluna getdim ki, deyim, həmin şöbəyə istedadlı gənc, universitetin filologiya fakültəsini bitirmiş Nizami Cəfərovu gətirmək istəyirəm.

İsmayıl müəllim təbiətən ağır, təmkinli, bir az da zəhmli adam idi. Üzündə təbəssüm gördüyüm üçün Nizamini təriflədim. Şöbə ağır olsa da, – dedim – öhdəsindən gələcək.

Təmkinlə cavab verdi: Mən buraya, (Yazıçılar İttifaqına) təzəcə sədr vəzifəsinə gəlmişəm, sən burada “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktorusan. Yusif Səmədoğlu “Azərbaycan”da, Sabir Azəri “Ulduz”da baş redaktor işləyirlər. İndi də xahiş edirsən Nizami Cəfərovu gətirək, qazaxlının biri də artsın?!

Nizami haralı olsaydı, qəzetə gətirmək istəyirdim. Ürəyimə yatmışdı.

Yazıçılar Birliyinin indiki sədri, xalq yazıçımız Anar da oradaydı. O da İsmayıl müəllimə Nizami Cəfərovu istedadlı gənc kimi tanıdığını dedi. Yəqin, onlar bir-birini məndən əvvəl tanıyırlarmış.

İsmayıl müəllim rəhmətlik tənqidçi Nadir Cabbarovu qəzetə Baş redaktorun müavini vəzifəsinə təklif etdi. Etiraz etmədim. Əl-ələ verib işlədik.

Aradan bir xeyli keçmişdi, İsmayıl müəllim redaksiyaya zəng vurdu. Nizaminin işiylə maraqlandı. Ehtiyat elədim ki, yenə o məsələyə qayıdacaq. Elə olmadı. Bu dəfə Nizamini özü təriflədi: Dünən axşam “Amerikanın səsi” radiosuna (o vaxt o “səsi” DTK izləyirdi) qulaq asırdım. Nizaminin mənim haqqımda yazdığı gözəl bir məqaləsini eşitdim. Hələ heç kəs belə yazmayıb… Mənim təşəkkürümü çatdır, – dedi.

Çatdırdım. Nizamidən çox, özüm sevinirdim.

Burada istəyirəm yeri gəlmişkən, bir haşiyə çıxım: bu müddət ərzində Nizami, əlbəttə, mənim əsərlərim barədə də qiymətli fikirlər söyləyib, kitablarımın ilk oxucularından olubdu. İndi ali məktəbdə tədris edilən “Kulturologiya” (“Dünya mədəniyyəti tarixi”) adlı dərslik kitabıma ilk müsbət elmi rəy verən də Nizami idi…

Nizaminin şəxsində redaksiyaya işgüzar bir şöbə müdirinin gəldiyini, onun məhsuldar jurnalist fəaliyyətini təkcə mən yox, iş-otaq yoldaşları, dostları da görür, mehriban yaradıcılıq mühiti yaranırdı.

İstedadlı bir gəncin belə alicənablığına da sevinirdim, bu sevinci onun özüylə bölüşürdüm: “Ay dərdiş, sən dahisən! – deyib çapa hazırladığı materialı mətbəəyə göndərirdim.

Belə məqamlarda yadıma mərhum yazıçı Mir Cəlal müəllim düşürdü. İnandığı tələbəsinin boynuna qoyurdu ki, sən bacarıqlısan, istedadlısan və s. Onda özünə inam yaradır, insanda – insanı oyadırdı.

Nizami özü də Mir Cəlalın sonuncu dərs dediyi tələbələrindən olub. Mənim sözümü qəribəliyə salmaz.

İşdə, xüsusilə zehni yorğunluq vaxtlarında hər kəsin öz universitet xatirələri baş qaldırır, ürəyimizi qızdırırdı. Amma qəzetçilik peşəsi elə sahədir ki, “gözdən qaçıb” bir səhv getdimi, qanımız qaralırdı. Qəzetin Baş redaktoruna bu dəmdə elə gəlirdi ki, (əlbəttə, özümü deyirəm) ölkədə qəzetin tirajı qədər göz, bu səhvi görür və ona istehza edir.

Tərs kimi, səhvlər də gah məqalələrin iri şriftlə yığılmış başlıqlarında gedir, gah da vergül, nöqtə üstə olurdu ki, bu da cümlədə fikrin təhrifinə, yanlış oxunuşuna səbəb olurdu.

Qəzetdə nöqsan axtaran, bu “nöqsanlar”ın da hamısını Baş redaktorun ünvanına istiqamətləndirən “dostlarımız” da az deyildi.

O zaman ictimai ab-hava başqaydı. Qəzetimizi ölkənin Birinci şəxsi – Heydər Əliyev oxuyurdu. Bu da bizi həm ruhlandırır, həm də ciddi, diqqətli olmağa çağırırdı. Yüz iyirmi min tirajla çıxırdıq.

Hələ biz qəzeti əski əlifbada – Cənubda yaşayan azərbaycanlılar üçün, latın qrafikasında isə – Türkiyə üçün çap edirdik. Bakıda – kirildə çıxırdıq.

Cənubi Azərbaycandan və türk qardaşlarımızdan aldığımız məktublarda onlar üçün qəzetin tirajını gələcəkdə – üç yüz, dörd yüz minə qaldırmağı təklif edirdilər.

Qəzetdə ümummilli liderimiz Heydər Əliyevin çıxışlarını çap etməklə (orada elmimiz, ədəbiyyatımız, mədəniyyətimiz, mənəviyyatımız bu və ya başqa tərkibdə geniş əhatə edilirdi), xaricdə yaşayan oxucularımızla bir növ mədəni əlaqələr yaratmış olurduq.

Nizaminin köməyi çox idi. Mən ona inanmışdım. İndi də inanıram.

Nizamidə olan xeyirxahlıq, liderlik xüsusiyyətləri fitri istedadı kimi, yüksək insani keyfiyyətlərindən irəli gəlirdi. Bu da onun ünsiyyət imkanlarını artırır, hətta özündən yaşca böyüklərlə oturub-durmağa, görüb-götürməyə, eşidib-öyrənməyə sövq edirdi. İndi də belədir.

BDU-da təhsil aldığı illərdə müəllimləri mərhum akademik Tofiq Hacıyevi, mərhum Ağamusa Axundovu o, indi də hörmətlə xatırlayır, heç vaxt unutmur. Onlarla və başqa müəllimləri ilə olan tələbə-müəllim münasibətlərini, elmi pedaqoji səfərlərini, səmimi ailə-məişət zarafatlarını o, yeni yazdığı “Keçən günlərin dastanı” romanında ilhamla qələmə almışdır.

O özü də bədii bir obraz kimi, əsərdə müəllimlərinin – həm tələbəsi, həm dostu, həm də yaşıdı təsiri bağışlayır.

Bizim vaxtımızda mətbuat işçiləri üçün yazılmamış bir qanun varıydı. Baş redaktor işlədiyi qəzetdə (elə jurnalda da) öz əsərini çap etmək istəyirdisə, mütləq kənar rəy almalıydı.

“Kimin sualı var” adlı poemamdan yeni yazdığım bir fəsli çapa vermişdim. İndi haqq dünyasında olan rəhmətliklər – xalq şairi Süleyman Rüstəm, xalq şairi Bəxtiyar Vahabzadə, Yazıçılar İttifaqının katibi Cabir Novruz rəylərini yazılı göndərmişdilər.

İlk telefon zəngi İttifaqımızdan oldu… Əhval-ruhiyyəm tamam dəyişmişdi. İş otağımda fikirli oturmuşdum. Dedilər akademik Həsən Əliyev redaksiyaya gəlib. Gedib qarşıladım.

Bu böyük insan hadisədən agah olan kimi mənim şəhər telefonumla İttifaqa zəng vurdu. İlk sözləri bu oldu: “Marksın “Kapital” əsərindən də ayrıca götürülmüş bir parçada səhv tapmaq, ya da onu yozmaq olar. Şairin yeni fəslini mən oxumuşam”, – dedi.

Dəstəyi yerinə qoydu. Telefonda eşitdiyim – “Ağsaqqallar ağsaqqalı…” sözləri yarımçıq qaldı.

Akademik Həsən Əliyev şairləri, yazıçıları sevirdi. Onların dostuydu. Özü də görkəmli yaradıcı ziyalı kimi dünya miqyasında şöhrət qazanmışdı.

Mənim yeni çap etdirdiyim fəsli oxuyub-oxumadığını isə bilmirdim. Bəlkə də söhbət etməyə gəlmişdi? Bu, mənim üçün unudulmaz anlar olardı…

Mərhum xalq şairi Xəlil Rza Ulutürk poema ayrıca kitab şəklində nəşr olunandan sonra yazırdı ki: “”…Kimin sualı var?” poemasını yalnız Nəriman yaradıcılığının deyil, Azərbaycanın çağdaş poeziya mədəniyyətinin ən parlaq incilərindən biri adlandırmaq olar…”.

O vaxt yuxarıda adlarını çəkdiyim qələm dostlarımdan biri də gənc tənqidçi Nizami Cəfərov idi.

“Nizami” poemasında o günləri xatırlayıram:

“Kimin sualı var?” yazmışdım onda,

cavab istəyirdim, ruhumda hiddət.

– Mənim sualım var! –

qalxdın salonda,

səsimə səs verdin, sözümə qüvvət.

… O zaman yaxşı ki, 37 yox,

ya 82-iydi, ya da 83.

Filankəs, filankəs, bir də filankəs,

hələ filankəs də ordaydı… qərəz.

Onda Rəsulbəyov cavab istədi,

məni akademik vermədi ələ.

Onda Səməd Vurğun daha yox idi,

Nizami Cəfərov gənc idi hələ.

Məhkəməni qurdu İttifaqımız. …

Mən Nizamini ilk gördüyüm gündən o, müdrik olub. Bu fikir poemaya da gəlib çıxmışdı:

…Mənə elə gəlir, Nizami, oğlum,

sən uşaq yaşından,

uşaq deyilsən! – deyirəm.

Onun “yaşca” böyüklüyünü Türkiyədə, Antalyada keçirilən Birinci Türkoloji qurultay zamanı da gördüm.

Dəvət olunan qonaqlar dəniz sahilində salınan “Antalya” adlı nəhəng bir mehmanxanada yerləşdirilmişdi.

Biz də buradaydıq.

Bu əzəmətli mədəniyyət abidəsi elə bir “mürəkkəb” konstruksiya və kompozisiya ilə inşa edilmişdir ki, binanın bu qədər daxili “girişi-çıxışı”, dolanbac “cığırları”, bir-birinə oxşar “dalanları”, yəqin ki, mənim kimi burada ilk dəfə gecələyən qonağı asanca çaşdıra bilərdi.

İlk “bələdçim” Nizami oldu. Daxili “dolayları” keçə-keçə, qurultay gedən yerə bərabər gəldik.

Rəhmətlik Tofiq Hacıyev də qurultay nümayəndəsiydi. Nizami təzədən geri, mehmanxanaya qayıdıb ona da “bələdçilik” etdi.

Yanımızda oturub qurultayın açılışını gözləyirdi. Ürəyimə bir fikir gəldi, yarıciddi, yarızarafat özünə dedim:

– Dərdiş, sən indi yuxarı qalx. Qurultaya sədrlik etməyə hazırlaş.

Nizami gülümsədi. Mən ciddi oturmuşdum.

Bu arada Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev salona daxil oldular və alqışlarla qarşılanıb Rəyasət Heyətində əyləşdilər.

Öz aralarında qısa söhbətdən sonra salona göz gəzdirdilər. Yanlarındakı ortayaşlı bir nəfər Nizamini mənim yanımdan Rəyasət Heyətinə dəvət etdi.

Türkoloji qurultayı aparan sədrlərdən biri seçilmişdi.

Nizami ciddi görkəm aldı. Bu dəfə mən gülümsədim. Pıçıltı ilə təbrik də elədim.

Müasir türkologiyanı elmi töhfələrilə zənginləşdirən və Azərbaycanda onun başında duran Nizami Cəfərov – türk dünyasının yetişdirdiyi tarixi şəxsiyyətlər sırasında yüksək təfəkkürü ilə seçilib-sayılan nadir simalardan biridir. O, Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. Çoxşaxəli yaradıcılığı ilə – geniş tədqiqatla məşğul olan dilçi-ədəbiyyatşünas alim kimi, Azərbaycanşünaslıq elminə yiyələnən tarixçi və ictimai xadim, Milli Məclisin deputatı kimi bizim müasirimizdi.

İlk ədəbi uçuşlarını (qələm təcrübələrini demirəm) nüfuzlu “Ədəbiyyat və incəsənət” qəzetinin səhifələrindən başlamışdı.

Ona görə “nüfuzlu” sözünü işlətdim ki, o vaxt, 1986-87-ci illərdə 26-27 yaşlarında olan Nizaminin Azərbaycan Yazıçılar İttifaqının mətbuat orqanında böyük bir şöbəyə rəhbərlik etməsi, məşhur, tanınmış şair və yazıçılarla gündəlik işgüzar ünsiyyəti, hər-halda, onun gənc həyatının irəliyə doğru bir yaradıcılıq pilləsiydi.

Obrazlı desək, qəzet – gündə bir qarış qalxan möhtəşəm bir abidənin divar hörüyünün möhkəm özülüydü, bünövrə daşı.

Maraqlıdır ki, uzun illər keçəndən sonra o yenə əvvəl pərvazlandığı ədəbiyyat qəzetinə “qayıdıb” və artıq xeyli vaxtdır yazılarının əksəriyyətini də bir-birinin ardınca burada çap etdirir.

Bir dəfə bizim xalq yazıçımız Elçin dedi ki, mən Nizaminin imzasını “Ədəbiyyat qəzeti”ndə görməyəndə gözümə inanmıram. Deyirəm, görəsən, bu nömrədə niyə imzası yoxdu?

Elçin müəllim səmimi deyirdi.

Nizaminin çoxlu sayda tələbələri, müəllim yoldaşları, qələm dostları var. Qəzetdə hər dəfə çıxış eləyəndə, öz imzası ilə onları da sevindirir.

“Ədəbiyyat qəzeti”nin səhifələrində ədəbiyyatımızın eləcə də elmi-ədəbi prosesin tədqiqi və təhlili sahəsində son illərdə bir neçə nəslin elə bir pleyadası yetişir (və yetişmişdir) ki, Nizaminin özünün də poetik məna ilə dediyi “Turan sevdası …” , “Azər Turan mərhələsi …” həqiqətən Baş redaktorun şəxsi yaradıcılıq fəaliyyəti, təşkilatçılıq istedadı tərifəlayiq nümunə kimi yüksək qiymətləndirilə bilər və qiymətlənməlidir.

Nizaminin “tale qəzeti” olan “Ədəbiyyat qəzeti” indi 85 illik yubileyini qeyd etməyə hazırlaşır. Bu il Nizaminin də 60 yaşı tamam olur, hər iki yubiley günləri eyni aya düşür – sentyabra!

Yuxarıda deyilənləri ümumiləşdirmək istəsək, daxili bir səmimiyyətlə etiraf etmək olar ki, Nizami – öz zəmanəsinin müdrik səsidi. Yeni fikir carçısı kimi ədəbi-tarixi düşüncəmizin intibahı, bütöv bir qabaqcıl fəlsəfi dünyagörüşüdü.

Nizami kimlərdən öyrənirsə, onların ləyaqətli varisi, kimləri öyrədirsə, onların ləyaqətli müəllimidir. Bu mötəbər alim bütün zəkası və nəfəsilə öz kökü üstə bitən Azərbaycan çinarıdı! Onun boyuna baxıb sevinmək də olar, kölgəsində rahat nəfəs almaq da.

Savad bacı (Nizaminin anasını mən belə çağırıram) oğlu dünyaya göz açanda, adətimizə görə, onun qulağına təkrar-təkrar “Nizami” deyib. İstəyib ki, dünyada eşitdiyi ilk ad bu olsun.

Xalq sevdiyi sənətkarların adlarını övladlarına qoyub əsr-əsr belə yaşadır.

Əlbəttə, ad qoyanda gərək tələsməyəsən. Qədim Roma filosofu Siseron deyir ki, belə qoyulan adlar sonradan o insanları təqib edir. Yəni ad sahibilə adı qoyulanın sənət, peşə yaxınlığı, tale qohumluğu olur.

Mən bu fikrə inanıram. Həyatımda belə “təsadüfləri” az görmüşəm.

Böyük şair Nizami yazırdı: “… hər uca rütbədən, alimin rütbəsi daha ucadır”.

Akademik Nizami yazır: “… Azərbaycançılıq ideologiya, Azərbaycanşünaslıq elmidir”.

Bir şərəfli adın iki zirvə çələngi bax, budur.

Qeyd etmək istərdim ki, Azərbaycanda ilk dəfə Atatürk Mərkəzini yaradanda və oraya rəhbər təyin edəndə, Nizaminin xeyir-duasını (başqa yaşıdları kimi) ümummilli liderimiz Heydər Əliyev özü vermiş, onun gələcək (və bugünkü!) taleyini də müəyyən etmişdi.

O illər unudulmur. Əksinə, hər yaşda xatırlanır.

“Nizami” poemasında bir qoşmanın son bəndi də belədir:

Çoxu şeir yazdı, şairəm, – dedi,

Nizami nə Əsli, nə Kərəm dedi.

Mən də tənqidçiyəm, gəlirəm dedi,

şükür,

içimizdən bir QAĞA çıxdı!

may 2019

Mənbə: http://www.edebiyyatqazeti.az