İstər Azərbaycan, istərsə də dünya ədəbiyyatında elə əsərlər var ki, onların qəhrəmanları uşaqlar olsa da mövzusu əsasən böyüklərin anlayacağı ağırlıqda olur. Belə əsərlərdə uşaqlar ya valideynlərini erkən itirir ya da ailənin maddi problemləri onun hər bir üzvünü ayrı-ayrılıqda çətin imtahanlarla qarşı-qarşıya qoyur. Bu mövzuda yazılan əsərlərə istənilən qədər misal gətirə bilərik. Misal üçün, Çarlz Dikkens özünün “Oliver Tvistin macəraları”, “Böyük ümidlər” əsərlərilə uşaqların erkən yaşlardan maddi problemlərlə, amansız həyat şərtləri ilə üzləşdiyini təsirli səhifələrlə canlandırır.
Jose Mauro De Vaskonselosun “Şirin portağal ağacım” romanı da məhz belə əsərlərdəndir. Maraqlıdır, bu əsər niyə birdən-birə bu qədər məşhurlaşdı, dünyanın ən çox oxunan əsərlərindən birinə çevrildi? Nə oldu ki, 12 günlük qısa müddətdə araya-ərsəyə gələn bu əsər illərlə yazılan romanlardan daha məşhur oldu? Müəllifin də qeyd etdiyi kimi, əsər illərlə formalaşmışdı və onu yalnız qələmə almaq qalmışdı. Bu romanı oxunaqlı edən ən əsas məqam isə əlbəttə ki, mövzunun bütün dövrlər üçün aktual olmasıdır. Dünya durduqca yoxsulluq, ailə-məişət zorakılıqları, valideyn-uşaq problemləri gündəmdə qalacaqdır.
Onu da qeyd edək ki, bir çox yazıçının taleyi uşaqlıqdan çox kədərli keçmiş, bəzilərində hətta yeniyetməlik, yetkinlik dövründə də bu davam etmiş və təbii ki, bütün bunlar onların qələminə də təsir etmişdi. Misal üçün Anton Pavloviç Çexov öz çətin uşaqlığını yada salaraq yazırdı: “Despotizm və yalanlar uşaqlığımızı elə səviyyəyə gətirdi ki, onu xatırlamaq çox iyrənc və qorxuludur” və üstəlik “bir uşaq kimi mənim uşaqlığım da yox idi”.
Xalid Hüseyni isə özünün məşhur “Çərpələng uçuran” romanında milli, dini, sosial ayrı-seçkiliyə görə böyüklərlə yanaşı uşaqların da faciələr yaşadığını real boyalarla canlandırmışdır. Yazıçının “Əfqanıstanda uşaq var, uşaqlıq yoxdur” sözləri isə bu uşaqların acı həyatını bütün dünyaya olduğu kimi göstərməyə kifayət etmişdir.
“Şirin portağal ağacım” romanı isə brazilyalı yazıçı Jose Vaskonselosun avtobioqrafik əsəridir. Onu da qeyd edim ki, yazılanların real həyatdan götürüldüyünü xatırlayanda əsərə qarşı maraq daha da artır. Əsərdə Zeze adlı braziliyalı uşağın beş yaşındakı həyatı təsvir edilmişdir. Zeze hər bir uşaq kimi sevgiyə möhtacdır, lakin bunun əksinə olaraq atası tərəfindən daim yersiz təhqirlərə və zorakılığa məruz qalır. Həssas qəlbə malik olan Zeze öyrənmə və qavrama qabiliyyətinə malikdir, lakin yoxsulluğun idarə etdiyi və öz problemləri ilə əzilən soyuq insanların əhatəsindədir. Zezenin başına gətirilənlər uşaqlarını sevən valideynlərin anlamayacağı şəkildə qəbuledilməzdir. Baş verənlərə Zezenin gözü ilə baxmaq isə inanılmaz dərəcədə ağrılı və əzablıdır.
Yaşına uyğun özünü apardığı üçün uşağa ədalətsiz şəkildə davranmaq böyük qəddarlıqdır. Zeze ətrafdakıların, ən əsas da ailəsinin anlayışını qazana bilmir. O, böyüklərin öz problemlərini yüklədiyi və günahsız döydüyü qurbandır. Zeze, yalnız sevilmək və başa düşülmək istərkən valideynlərinə və yaxınlarına inamını itirmiş bir uşaqdır.
Bir uşaq kimi Zezenin dəcəlliyini anlamaq çətin deyil. Ailədə uşağa diqqət yalnız o dəcəllik edəndə göstərilirdi. Nəticədə Zeze ailəsindən sevgi axtararkən qəddarlığa dözmək məcburiyyətində qalırdı. Oxucunu ən çox mütəəssir edən isə bu döyülmələrdə belə valideynlərin gücsüzlük və ümidsizliklərini görməkdir. Yoxsulluq, işsizlik, böyük ailə və cəmiyyətin münasibəti – bunların hamısı təbii olaraq öz izini buraxır.
Psixoloqların da qeyd etdiyi kimi uşaqların davranışlarındakı emosional hərəkətlər onlarda olan sevgizislikdən, ailə problemlərindən irəli gəlir. Zeze də məhz bu münasibəti öz hərəkətləri ilə əks etdirirdi. Yersiz dəcəllikləri, bəzən hətta aqressiv hərəkətləri məhz atası ilə olan münasibətdən qaynaqlanırdı.
Yazıçı əsərdə hər iki tərəfin münasibətini elə qələmə alıb ki, biz nə atanı, nə Zezeni günahlandıra bilmirik. Beş yaşlı uşağın vaxtından tez ağrı-acı ilə üzləşməsi, ətrafındakılara həssaslığı, onların iztirablarını dərindən hiss etməsi, dostluqdakı sədaqəti insanı heyrətləndirir. Onun zəngin xəyal dünyası uşaq məsumluğu ilə birləşir və bizlərə böyüklərin zamanla itirdiyi bir paklığı yaşadır. Əsərdə balaca Zeze həqiqətən böyüklərin problemlərinə görə günahlandırılır. Bu məqamda “Balaca Şahzadə” əsərindən proloq tam yerinə düşür: “Bütün böyüklər uşaq olublar, amma bunu hamısı xatırlamır”.
Hər insanda qoruyucu reaksiya və mexanizmlər var ki, onunla ən dözülməz vaxtlarında da özünü ələ almağı, nisbətən xoşbəxt etməyi bacarır. Zeze də özünü xoşbəxt etməyin yolunu xəyal gücündə tapmışdı. Onun rəngarəng xəyal dünyası tək özünü deyil, balaca qardaşını və dostu Portuqanı da xoşbəxt edə bilirdi. Zezenin çox maraqlı insan öldürmə fəlsəfəsi də vardı ki, bu da sonralar yaxın dostu olan Portuqada da dərin həyat fəlsəfəsinə çevrilmişdi: “Öldürmək o deyil ki, Bak Consun revolverini götürüb güllə açmaq lazımdır. O demək deyil! Qəlbdə öldürürlər. Daha sevmirsən və günlərin bir günü həmin insan ölür”.
Əsərin ən təsirli məqamlardan biri də Zezenin qardaşı üçün yeni il hədiyyəsi istəməyi olur. Zeze əvvəllər dualar edərək heç olmasa qardaşının sevinməsini istəyir. Lakin o, hədiyyə ala bilməyən atasının kədərini hiss edir və özü işləyərək həm qardaşını sevindirir, həm də atasına hədiyyə ala bilir. Məktəbdə isə Zeze hər gün müxtəlif dəcəlliklərlə təngə gətirdiyi müəllimini güllərlə sevindirir.
Zezenin ailəsi işsizlikdən başqa yerə köçmək məcburiyyətində qalır və bu hər bir uşaq kimi onun da kədərlənməsinə səbəb olur. Bacısı bu kədərini azaltmaq üçün Zezeyə yeni həyətdəki ağaclardan birini seçməsini, ona qulluq etməsini məsləhət bilir. Zezenin bəxtinə də şirin portağal ağacı düşür. Lakin bu portağal ağacının başqa bir xüsusiyyəti də vardır. Yalnız o, Zezeni səssiz dinləyir və onun sirdaşı olur. İkili buna görə çox yaxın dost olur və Zeze gün ərzində etdiklərini ona danışmağa başlayır.
Bildiyimiz kimi, Antuan de Sent-Ekzüperi də “Balaca şahzadə” əsərində Balaca Şahzadənin gözü ilə böyüklərin, yetkin insanların həyatı, düşüncələri, həyat fəlsəfələri, sevgi mövzularına toxunmuşdur. “Balaca şahzadə” ilə “Şirin portağal ağacım” əsərindəki ortaq nöqtə isə hər iki qəhrəmanın insanla yox, məhz bitki ilə yaxın dost olmasıdır. Şahzadənin çiçəyi, Zezenin isə şirin portağal ağacı olur.
Əsərdə Zezenin sonralar dostu olan bir obraz da vardır ki, bu da Portuqadır. Zezenin, yəni Vaskonselosun əsərini ithaf etdiyi dostu Manuel Valadares. “İllər keçdi, əziz Manuel Valadares… Həyatın ən gözəl cəhətlərini sən mənə öyrətdin, əziz Portuqam. İndi sənət və sənətkarları yaymaq mənim növbəmdir, çünki sevgisiz həyatın mənası yoxdur…
O çağlarda, yəni bizim dövrümüzdə mehrabın önündə diz çökmüş sadəlövh Şahzadədən bu sözləri eşitmişdim: “Olanları uşaqlara niyə danışırlar?”
Sevgili Portugam; olanları mənə çox erkən danışdılar”.
Zeze, əvvəllər Portuqaya da atası kimi nifrət edirdi. Lakin Zezenin həmyaşıdlarından fərqləndirən cəsurluğu və inadkarlığı bir gün Portuqanın diqqətini çəkir. Zeze-Portuqa dostluğu cəmiyyət tərəfindən anlaşılmayan iki tənha qəlbin bir-birini kəşf etməsidir. Onların hər ikisi bir-birinə dərində kök salmış mənəvi yaraları bağlamağa, ən xırda şeylərdən xoşbəxt olmağı öyrədirlər. Tale elə gətirir ki, beş yaşlı uşaq-Zeze hər iki dostunu eyni vaxtda itirir. Portuqa qəzada həlak olur, portağal ağacı isə kəsilməli olur. Üst-üstə gələn itkilər Zezeni yatağa salır, amma müəyyən zaman keçdikdən sonra onun səhhəti bərpa olur, hətta atası da bir iş tapır. Amma Zezenin uşaqlığı ölür; onun kövrək qəlbi həmişəlik qırılır.
Sonda onu qeyd edək ki, Zezenin obrazında yazıçı özünü, ağrılı-acılı, məhrumiyyətlətlə dolu uşaqlığını təsvir edir. Əsər yarandığı dövrdən öz ölkəsində 150 dəfə təkrar çap olunmaqla yanaşı, həm də dünyanın bir çox dillərinə tərcümə olunmuşdur. Bundan əlavə, əsər Brazilya məktəblərində tədris olunmaqdadır. Jose Mauro De Vaskonselosun zəngin həyat təcrübəsi, onun həyata uşaq yaddaşı ilə baxması, qeyri-adi xəyal gücü, hekayələri möhtəşəm üslubda çatdırmaq qabiliyyəti əsərlərinin dünya miqyasında tez bir zamanda məşhurlaşmasına səbəb olmuşdur.