Əziz MUSA.Yeni şeirlər

em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

ÜRƏYİM

O qədər dərd çəkib, ayrılıq çəkib,
Bir sözdən inciyib küsür, ürəyim.
Dərd-qəmdən alışıb, yanır şam kimi,
Həsrətdən, hicrandan bezir, ürəyim.

Quş kimi çırpınır sinəmdə birdən,
Az qalır partlaya qüssədən , qəmdən,
Quzu tək sinəmdə mələyir hərdən,
Bir qayğı, təsəlli gəzir, ürəyim.

Yaşaya bilmirəm sakit , biganə,
Yurd, yuvam dağılıb, qalıb viranə,
Kükrəyib, coşanda dünya, zəmanə,
Köksümdə yarpaq tək əsir, ürəyim.

GƏLMƏRƏM

Gülə-gülə mən qarşına yeridim,
Elə baxdın, xəcalətdən əridim,
Gəldiyimə peşman oldum,kiridim,
Vallah bir də, bu qapıya gəlmərəm.

Əl uzatdım, əlim qaldı havada,
Kaş sınaydı qolum, qılçam davada,
Tüpürərəm bu şöhrətə, bu ada,
Vallah bir də, bu qapıya gəlmərəm.

Ürəyimdə acıladım özümü,
Boğazımda kilidlədim sözümü,
Axı niyə sənə tutdum üzümü,
Vallah bir də, bu qapıya gəlmərəm.

Elə bildim sənə doğma, tanışam,
İstədim ki doğma kimi yanaşam,
Elə dindin, söz tapmadım danışam.
Vallah bir də, bu qapıya gəlmərəm.

Nə üz gördüm, bir də gələm, yanına,
Elə il ki, od düşmüşdü canına,
Söz deyərəm, anlayana, qanana,
Vallah bir də bu qapıya gəlmərəm.

SƏN

Bir günəş var, bir də ay,
İkisi də elə, sən.
Səndən gözəl görmədim,
Qəşəngsən qız, öləsən.

Çiçəklərin tərisən,
Sən hürüsən, pərisən,
Bülbülün dərd, sərisən,
Bir qönçəsən, hələ sən.

Baxışın qızıl qandı,
Gözəl olan baxtındı,
Qız, sənin nə vaxtındı,
Düşmüsən dillərə sən.

Aləm heyrandı sənə,
O boy, buxun o sinə,
Tanrı baxıb hüsnünə,
Mat qalıbdı biləsən.

Tamaşadı bənizin,
Yoxdu tayın əvəzin,
Canın alıb Əzizin,
Döndərmisən külə sən.

OLMA

Yaşayanda bütöv yaşa,
Bölgü olma , kəsir olma.
Hər gözələ könül vermə,
Aralıqda yesir olma.

Göz üstündə saxla yarı,
İrmə gəl etibarı,
Taca döndər namus, arı,
Ayaq altda həsir olma.

Bel bağlama bu dünyaya,
Qoyma ömür getsin bada,
Söykən yurda, el-obaya,
Var dövlətə əsir olma.