TƏRCÜMEYİ-HAL

Vəliyeva Təhminə Şahin qızı 12.06.1994-cü il tarixdə Azərbaycan Respublikasının Cəlilabad şəhərində anadan olub. 2001-2012-ci illərdə Bakı şəhərində tam orta məktəb təhsili almb, 2007-ci ildə oxuduğum 199 saylı tam orta məktəbin “Fəxri fərman”ı ilə təltif olunmuşam. Müxtəlif illərdə məktəblərarası keçirilən Respublika Fənn Olimpiyadasının iştirakçısı olmuşam. 2012-ci ildə isə Faiq Rzayev adına 150 saylı tam orta məktəbin məzunu olmuşam. Həmin il Bakı Dövlət Universitetinin filologiya fakültəsinə “Filologiya (Azərbaycan dili və ədəbiyyatı)” ixtisası üzrə daxil olmuş və 2012-2016-cı illərdə ixtisasım üzrə əyani bakalavr təhsili almışam. 2016-cı ildə məzun olduqdan sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası və metodologiyası” ixtisası üzrə təhsilimi magistratura səviyyəsində davam etdirmişəm. 2016-2018-ci illərdə əyani magistr təhsili almışam. 25.06.2018-ci il tarixdə ADPU-nun Dissertasiya Şurası qarşısında “Azərbaycan dili dərslərində nitq etiketlərinin mənimsənilməsi yolları (V-IX siniflər üzrə)” mövzusunda magistr dissertasiyasını müdafiə etmiş və magistr adını almağa layiq görülmüşəm.
Əmək fəaliyyətinə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin 05.09.2017-ci il tarixli qərarı ilə başlamışam. Həmin vaxtdan etibarən institutun “Mətbuat tarixi və publisistika” şöbəsində kiçik elmi işçi vəzifəsində çalışıram. Mən Azərbaycan dilçiliyi, Azərbaycan dilinin tədrisi metodikası və ədəbiyyatşünaslıq üzrə 20-dən çox məqalə, 4 tezis və 1 monoqrafiyanın müəllifiyəm. Respublikamızda keçirilən beynəlxalq seminar və konfranslarda məruzələrlə çıxış etmişəm. “Speech etiquettes in Azerbaijani and Azerbaijani language teaching” adlı monoqrafiyam ingilis dilində Latviyanın Riqa şəhərində nəşr olunmuşdur. Bundan başqa, “Ustad” dərgisinin AXC-nin 100 illiyi münasibətilə təşkil etdiyi hekayə müsabiqəsində “Keçən günlərin soyuq küləyi” adlı hekayəm münsif heyəti tərəfindən bəyənilmiş və “Təşəkkürnamə” ilə təltif edilmişəm. Rus, türk və ingilis dillərini bilirəm. Fars dili üzrə kurs keçmişəm, farsdilli əlifbaya və fars dilinin qrammatik quruluşuna bələdəm.