İradə AYTEL.”Arzularını söyləyəcək birisi varsa, yaşayırsan…”

Son günlər içimdə bir cümlə dolaşır: “arzularını söyləyəcək birisi varsa, yaşayırsan”. Arzularım var, söyləyəcək kimsəm yoxdur və bu yoxluğun ətrafında neçə gündür var-gəl edirdim ki, kitablarımın arasından bir kitab (ən əziz, uca yerdə saxladığım kitab) məni “çağırdı”. Bu, Akif Səmədin – ululardan ulu, alilərdən ali, sözü qanad götürüb yallı gedən, cəngə səsləyən, ağrıdan, ağrıyan, sevdirən, sevən Akif Səmədin seçilmiş əsərlərindən ibarət şeirlər kitabı idi. Və dönə-dönə oxuduğum, oxuduqca oxunduğum (sanki özüməm bu kitab, vərəqlədikcə vərəqlədir, güldükcə güldürür, hönkürdükcə hönkürdür), dərdimi, sevincimi, arzularımı – diqqət edin, arzularımı söylədiyim bir kitab.

“Kitab insanın ən yaxın dostudur” kəlamının doğruluğuna bir daha tapınaraq, Akif Səməd diliylə özümü oxumağa başladım:

Daha torpaqdı atan,

Torpaqdan al ətrini,

…Atan balandı daha…

Başımın tacı, qürurum, dayağım, ümidim, pənahım atamın ətrini “torpaqdan al”, -dedi dostum mənə və bir də dedi ki, “Atan Vətəndi daha”. Soru sordum dostuma, sordum ki, “bəs ata yoxluğundan sonra bu yoxluq ilə mənim aramda sipər olan, çəpər olan, o dərdi evimə yaxın buraxmayan anam necə, o da torpağa üz tutdu axı? Dostum dedi:

Hara gəldin, sözünə dön,

Çayır bitən izinə dön,

Dost istəsən özünə dön,

“Dost istəsən Allah yetər”.

Özümə dönüncə anamı gördüm, anamın səsini eşitdim, anamın laylasında uyudum və Allahı “gördüm”. Gördüm ki, Allah atama olan qürurumda, anama olan ərkimdə, balama olan sevgimdə, körpələrə olan mərhəmətimdə, güldə, çiçəkdə, küləkdə… hər yerdədi. Gördüm ki, bütün sevgilərin, gözəlliklərin, vicdanın, namusun və s. ən ali hisslərin məcmusudur Allah! Dosta tapındım, Allaha tapındım. Və bir də gözümdən içimdəki mənə – içimdəki Allahıma, içimdəki nura tapındım, güzgüdən hər kim baxır-baxsın, tapındığım Allahdırsa, gözlərimin güzgü olacağına inandım:

Gözüm güzgüyə güzgüdü,

Güzgünün güzgüsü baxır.

Güzgüdəki mən deyiləm,

Güzgüdən özgəsi baxır.

İnandım ki, bu ömür də atam kimi, anam kimi, uşaqlığım, gəncliyim kimi mənim deyil.

Namərdinsən, mərdinsən,

Mənim deyilsən, ömrüm.

Ya quşunsan, qurdunsan,

Mənim deyilsən, ömrüm.

İnandım ki, mənim olmayanı mənim etmək üçün ömürdən sonrakı həyatı qazanmalıyam (“Ömrün ən böyük qazancı ömürdən sonrakı həyatın qazanılmasıdır. Əbu Turxan). Bu qazanc isə hər insan oğluna qismət olmur. Ömürdən sonrakı həyatı yaşamaq üçün akifsəmədlərin ömrünə qarışmalıdı ömrün. Elə qarışmalıdır ki, ruhən əbədi olasan (“Ruh olan yerə ölüm girə bilməz”. Ə.T.), dirilər sənin ölümünə həsəd apara…

22 iyul ruh şairimizin, mövlanımız, irfanımız Akif Səmədin bu fani dünyamızla təmasının 60 ili tamam olacaq. Onu sevənlər, onun yoluyla addımlayanlar, dostları, yaxınları hamısı bir ağızdan altmış yaşını təbrik edəcək şairin. Kimsə deməyəcək ki, altmışın dörddəüçünü bizimlə oldu, daha yoxdu Akif Səməd! Kimsə onun yoxluğundan söz açmayacaq. Hamı bir ağızdan onun əbədi həyatını alqışlayacaq, ona əbədi həyat arzulayacaq! Hamı həvəslə dostlarının onun ad gününə hədiyyə etdiyi “Ölüm nə mənədir ki…” adlı filmindən, (“ARBAran Media şirkətinin “Aranfilm” yaradıcılıq mərkəzi tərəfindən çəkilib. Direktor İqbal Məmmədəliyev, filmin ssenari müəllifi və rejissoru Yeganə Əbdülrəhmanova, prodüser Nicat Məmmədov, bədii rəhbər Tahir Tahiroviç), “60 inci” adlı altmış şeiri toplanmış yeni kitabından (nəşriyyatın direktorları Nayma Qaramanlı, Fərman Qəhrəmanov, kitabın redaktoru İbrahim İlyaslı, önsöz müəllifi Rüstəm Kamal), şairin fəxarət dolu adını yaşadan küçədən (Bakı şəhəri “Qurtuluş” qəsəbəsində) söz açacaq, Akif Səməd adını uca tutan, Akif Səmədin dostu, sirdaşı və bu dostluğa sadiq qalan Uluslararası Aktivist Sanatçılar Birliyinin Azərbaycan təmsilçisi və Rəsm Komitəsi başkanı Nəvai Metinə minnətdar olacaq, bütün bu uğurlu işlərə təşəbbüs göstərdiyinə görə “çox sağ ol deyəcəklər”.

Bax, budur ölümün zirvəsi! Bax budur ölməzlik!

***

Gözəllər bəxtəvər deyil,

bəxtəvərlər gözəldir!

Akif Səməd yaradıcılığı barədə yazdığım birinci yazıda fanidən əbədiyə, alidən uluya, zərrədən günəşə doğru yol gedən və bu yolun keşməkeşlərini adlayıb nur tapdıqca ətrafını da o nura çağıran irfan şeirlərindən daha çox söz açmağa çalışmışdım. Bu yazımda isə Akif Səmədlə öz dünyam boyda bir məkanda, yaşadıqlarım, yaşayacaqlarım (məchula doğru olsa belə) və bəxtəvər olmayan gözəlliklər barədə söhbət etmək, o gözəl olmayan bəxtəvərlərə gendən baxıb gözəl olan, lakin bəxtəvərliyə gennən baxan gözəlliklərdən danışmaq istədim. Elə buradaca şairin “Əylən” adlı gəraylısı məni yoldan əylədi:

Bu nə yeriş, bu nə nazdı,

Amandı, ay gedən, əylən.

Bu günlər, yoxsa sabahlar

Gümandı, ay gedən, əylən.

Gülə can verən arıyıq,

Yönü sevdaya sarıyıq,

Ölüm heç nədi, ayrılıq

Yamandı, ay gedən, əylən.

Açıb yasəmən kolları,

Açılıb bizə qolları,

Tanı getdiyin yolları,

Dumandı, ay gedən, əylən.

Və bu məqamda qürbətdə vətənləşən, ruhu mövlan olan böyük şairimiz Məmməd İsmayılın Akif Səməd – Akif Səməd poeziyasının özü olan bu gəraylı barədə fikirləri yadıma düşdü: “…Akif Adəmdən üzü bəri sürüb gələn şeirin elə qatına düşdü ki, o qat irfani ruhun yenidən şahlanmasına gətirib çıxaracaqdı. Çıxardı da!… “Əylən!” desə də, yaşadığı zaman kəsimində əbədiyyətə qovuşmağa tələsən də hamıdan çox özü idi”. Elə buradaca bir nəticəyə gəlirəm: irfan özü əbədiyyətə qovuşmaq deyilmi, əbədiyyətə qovuşmaq özü ölməzlik deyilmi? Ölməzlik özü Akif Səməd deyilmi?!

“Ölmədən öncə ölmək lazımdır”

Məhəmməd Peyğəmbər

Oxuculara məlumdur ki, Akif Səməd yaradıcılığının ana xəttini ölümlə söhbət təşkil edir.

Yanana ölüm də kefdi,

Qanana qəbir də evdi.

Sağlığımda sevəmmədim,

Öləndə ölümü sevdim.

“Öləndə ölümü sevdim” fikri ilə şair nə demək istəyir? Burada məchula ilişib qalsaq da, belə bir nəticə hasil olur: ölüm Akif Səməd üçün cismin bu dünyanı tərk etməsi deyil, ölüm “qələmdə sözü qocaltmadan” ətri, qanı, gözəlliyi üstündə vərəqlərə düzməkdi: “Adım Akifdi, özüm söz, özgə deyiləm, “sən”əm, gəl”! (ölüm, gəl! İradə A.).

Yananda ölür, şeir yazır və o ölümü (yazdıqlarını) sevir. Hər yazandan sonra yenidən dirilir, ömür alır ölümdən və əbədiləşir.

Qış ölürəm, yaz ölürəm,

Yaz adam ölməz, ölürəm,

Ürəyimdə söz ölürəm,

Ağır səfərdən gəlirəm.

Və yaxud:

Guya ölüm haqq işidi,

Ölməmək qorxaq işidi.

Və burada yatmağa gedən (şeir yaza bilməyən, cismi torpağa qarışan) Akif Səməd ölümə (şeirə) son pıçıltılarını söyləyir:

Görsəniz yoxam, deyin

Aytək batmağa getdi.

Öldü deməyin, dostlar,

Akif yatmağa getdi.

Ölüm müqəddəsləşmirmi, ölüm ucalmırmı, ölüm şeirləşmirmi burada?..

Ölümlə söhbət edən, sevgi boyda uca Akif Səməd yaradıcılığında sevgi şeirləri az yer tutur. Otuzunda əlliyə baxıb sevginin sözə çevrilmək məqamını itirmişdimi deyə:

Pərvanə oduma gəlmir,

İlham da dadıma gəlmir.

Deyirlər, cavan olmuşam,

Bə niyə yadıma gəlmir.

Yaxud, əllərin, tellərin bəxtəvər olan çağında ölümlə (sözlə, şeirlə) söhbətin bir ahu telində qarıyacağındanmı qorxurdu:

Əl-ələ qovuşub titrəyir, əsir,

Əllərin bəxtəvər olan çağıdı.

Bir ahu telinə olmuşam əsir,

Tellərin bəxtəvər olan çağıdı.

Bəlkə də, ürəyində qımıldayan o hiss içini tel-tel etdi deyə, şair bu mövzudan söz salmağa çəkindi:

Yaz gəlib, hər tərəf iydə iyidir,

Yel əsdi, yamacda gül qımıldadı,

Sənin gözlərində bənövşə açdı,

Mənim ürəyimdə tel qımıldadı.

Bütün bunlara rəğmən, söz adamlarına söz “öyrədən” redaktorlara yazdığı şeirdə “Mənim misralarım ilahi səsdi, Qumru nəğməsidi, Qu nəğməsidi”, deyir və bu qumru nəğmələrinin, qu nəğmələrinin dünya durduqca könülləri riqqətə gətirəcəyinə əminliyini bildirir.

***

“Keçmişini unudan onu təzədən yaşamağa məhkumdur”

Akif Səməd poeziyanın özüdür, o, sözü zirvələrdə tutan, sözə can atanların çoxunu yarı yolda qoyanlardandı. Eyni zamanda, Akif Səməd publisistik yazıları, araşdırmaları ilə də qələmi uca tutanlardan olub. O, Qaçaq Nəbidən yazdığı araşdırmasında Nəbinin arvadı Həcər xanım haqqında oxucuların düşündüklərinə tam zidd (Akif Səməd başdan-ayağa ziddiyyət adamı, təzadlar şairi idi) bir fikir səsləndirir. Bu yazıdan sonra oxucu şairə zəng edərək: “Laçını, Qubadlını alsaq, nənəm Həcərə böhtan atdığına görə səni ora qoymaram”, – deyir. Şair telefondakı adama heç nə demədən dəstəyi asır və şeir yazır:

Sazım gedər, sözüm gedər,

Odum gedər, közüm gedər,

Oğlum gedər, qızım gedər,

Orda olmasam da olar.

Və qırx yaşın şeirindən sonra “orda olmasam da olar” misraları özünüdərkin dərinliyinə o qədər varır ki, inkarı da aşaraq “Hər kola təzə ağladım, hər ağacı təzə gördüm” deyir, asılan adamlarçün vicdan çəkən dar ağacına (“elə adamlar asılır, dar ağacı utanır!”. Rüstəm Behrudiyə yazdığı şeirdən) acıyacaq qədər, Yaradanın fəxarəti, cəsarəti, qüdrəti olan Yer üzünü qınayacaq qədər… (“eh Yerin başı batmasın, havayı, boşa fırlanır…” Yaradanın yaratdığına (əbədiyə – Yerə, faniyə – bizə (insanlara) ironiyasına qədər…

Aldanma, bağları sulu,

Yer nədi, göylərin qulu…

…özü fırlansa cəhənnəm,

Bizimlə qoşa fırlanır.

Akif Səməd yaradıcılığı zamansız, məkansız olsa da,

(Çox da ki, şımşəklər haqqa şığıdı,

Bu qanlar-qadalar haqq işığıdı,

Akifə oxşayıb, haqq aşığıdı…)

kiçik bir duraqda ləngiməyə də imkan tapır. Bu duraq zamanın durağıdır. Bu duraqda zamana boyun əyən boynu əyrilər dara çəkilsə də, gərdiş qınanır:

Fələyin qarğışıdı,

Kişi kimi arvadlar,

Arvad kimi kişilər.

Və Akif Səməd yaradıcılığının əsrarəngiz səmasından yerə enirsən bir anlıq. Misralardakı həqiqəti göz önündə canlandırır fələyi sən də qarğıyırsan, “Fələk, qadını kişisiz, dayaqsız qoyub qadınlıqdan, kişini heysiyyətsiz, huysuz qoyub kişilikdən etmə” deyirsən.

***

Akif Səməd yaradıcılığında Vətən mövzusu üst qatda olsa da, o qata hər oxucu çıxammır. O, mübaliğəyə, pafosa yol vermədən vətənin ağrısında ağrıyır, adamları – şeir yazan (nağıl yazan, qanun yazan) adamları oyatmağa çalışır:

Zaman ötür, sular axır,

Qazanımız köhnə, paxır,

Düşmən dağa bayraq taxır,

Düzdə şeir yazırıq.

Və şeirləri ilə gələcəyə bir ismarış da edir, – Vətənə Vətəndaş olun, deyir! Burada bir məqam da diqqətdən qaçmır, Akif Səməd Vətən deyəndə Elçibəy deyir, Elçibəy deyəndə Vətən deyir:

Tünd-qara rənglər içində,

Bir göy qurşağı adamdı…

(Vətəndi! İradə A.)

Buluddan yuxarı duran,

Tozdan aşağı adamdı.

(Vətəndi! İradə A.)

Və bu vətənləşmə elə müqəddəs sevgilər sırasındadır ki, “Sarvan köçəndən sonra karvanı qalan…” Elçibəylə bütövləşir…

Burdan o yana söz qalmadı…

Yaşasın Vətən!

Yaşasın Vətəni Vətən edən oğullar!

Yaşasın Akif Səməd.

http://edebiyyatqazeti.az