Xoş gəldin

Qədəm qoyub asta-asta,
Sən bu diyara, xoş gəldin!
Süzdürüb ala gözləri.
Qaşları qara, xoş gəldin!

Oğrun durub, qıya baxdın,
Mücganın sinəmə çaxdın,
Cismimi yandırıb yaxdın,
Alışdım nara, xoş gəldin!

Qaynayıb, peymanım dolub,
Saralıb gül rəngim solub,
Həsrətin çəkməkdən olub,
Sinəm sədpara, xoş gəldin!

Dostun vəfasını gördüm,
Seçib, sevib, könül verdim,
Təzələndi köhnə dərdim,
Dərdimə çara, xoş gəldin!

Sinəmdi eşqin dəftəri,
Sənsən dilimin əzbəri,
Yazıq Aşıq Ələsgəri,
Çəkməyə dara, xoş gəldin!

Ceyran

Durum dolanım başına,
Qaşı, gözü qara Ceyran!
Saldın eşqin ataşına,
Eylə dərdə çara, Ceyran!

Söz eşidib, ərzim qansan,
Mən yanana sən də qansan.
Özün bir tülək tərlansan,
Niyə uydun sara, Ceyran?!

Ələsgərəm, abdal ollam,
Eşqin girdabında qallam.
Küsdürmüşəm, könlün allam
Yalvara-yalvara, Ceyran!

Çərşənbə günündə, çeşmə başında

Çərşənbə günündə, çeşmə başında
Gözüm bir alagöz xanıma düşdü.
Atdı müjgan oxun keçdi sinəmdən,
Nazu qəmzələri qanıma düşdü.

İşarət eylədim dərdimi bildi,
Gördüm həm gözəldi, həm əhli-dildi,
Başını buladı, gözündən güldü,
Güləndə qadası canıma düşdü.

Ələsgərəm hər elmdən halıyam,
Gözəl, sən təbibsən, mən yaralıyam,
Dedi nişanlıyam, özgə malıyam,
Sındı qol-qanadım, yanıma düşdü.

Dağlar

Bahar fəsli yaz ayları gələndə
Süsənli sünbüllü lalalı dağlar
Yoxsulu ərbabı şahı gədanı
Tutmaz bir-birindən aralı dağlar

Xəstə üçün təpəsində qar olur
Hər cür çiçək açır laləzar olur
Çeşməsindən abi-həyat car olur
Dağıdır möhnəti məlalı dağlar

Yazın bir ayıdı çox yaxşı çağın
Kəsilməz çeşməndən gözəl yığnağın
Axtarma motalın yağın qaymağın
Zənbur çiçəyindən bal alı dağlar!

Yayın əvvəlində dönürsən xana
Son ayda bənzərsən yetkin bostana
Payızın zəhməri qoyar virana
Dağıdar üstündən cəlalı dağlar.

Gahdan çiskin tökər, gah duman eylər,
Gah gəlib-gedəni peşiman eylər,
Gahdan qeyzə gələr, nahaq qan eylər,
Dinşəməz haramı, halalı dağlar.

Ağ xələt bürünər, zərnişan geyməz,
Heç kəsi dindirib keyfinə dəyməz,
Sərdara söz deməz, şaha baş əyməz,
Qüdrətdən səngərli, qalalı dağlar.

Köçər ellər, düşər səndən aralı,
Firqətindən gül-nərgizin saralı,
Ələsgər Məcnun tək yardan yaralı,
Gəzər səndə dərdli, nalalı, dağlar.