Ustad Aşıq ALI.Seçmə şeirlər (Qoşmalar və gəraylılar)

Ağlaram

Səni xəstə gördüm qəlbim qan oldu,
Ayıl bu qəflətdən, ellər, ağlaram.
Ox dəydi sinəmə, yaram deşildi,
Tökərəm didəmnən sellər, ağlaram.

Coşanda ürəyim aşırdım dağlar,
Düşəndə yadıma o keçən çağlar,
Bu günü görəndə dostlarım ağlar,
Tutulub dizlərim, bellər, ağlaram.

Alıyam, dərdimi yetirdim yüzə,
Gəzirdim səhrada, enmişəm düzə,
Bir gözəl istərəm gözümlə süzə,
Deyirəm sözləri dillər, ağlaram.

Yadıma düşdü

Nə qədər dolandım Turan elini
Yenə öz torpağım yadıma düşdü.
Sarınər yaylağı, Göyçə mahalı,
Öz gözəl oylağım yadıma düşdü.

Gəlib xəyalımdan keçdi o çağlar,
Yay fəsli atlanıb gələn qonaqlar.
O güllü, çiçəkli alışan dağlar,
O Qiblə bulağım yadıma düşdü.

Qızıl dağı, Məciddinin oylağı,
Doğma yurdun doğma odu, ocağı.
Alının köksündə hicranın dağı,
O qaymaq dodağım yadıma düşdü.

Gözlərəm səni

Kimsən gedən, boyu bəstə,
Bilincə gözlərəm səni.
Dayanaram yolun üstə,
Gəlincə gözlərəm səni.

Şəbnəm üstə aydın izin,
Mehman mənəm – diyar sizin,
Sürünərəm dizin-dizin,
Yolunca gözlərəm səni!

Gözün şəhla, kiprik oxdu,
Köçən köçür görən yoxdu,
Darıxmaram, səbrim çoxdu,
Ölüncə gözlərəm səni.

Alıyam, həsrət çəkərəm,
Qəm çəkərəm, dərd çəkərəm,
Dəryaya qan-yaş tökərəm,
Dolunca gözlərəm səni!

Yaylaq

Min büsata, min sovqata məkansan,
Əlvansan bu başdan-o başa, yaylaq.
Doymur cəlalından türfə gözəllər.
Eyləyir hüsnünə tamaşa, yaylaq.

İntizarda qoydun qışlaq elini,
Məftun eyləmirsən siyah telini.
Almısan qoynuna incə belini,
Girmisən aranla savaşa, yaylaq.

Bir mələk misallı atsa oxunu,
Kənar olmaz, can evimə toxunu.
Yağdı yağış, şirinlətdi yuxunu,
Büründü mehmanın qumaşa, yaylaq.

Ah divanədi, orman dolanır,
Gözəllər hüsnündə dərman dolanır.
Köçürəm, qətlimə fərman dolanır,
Yaşat gözəlləri, həm yaşa, yaylaq.

Yazdım

İçdim mərd əlindən eşqin badəsin,
Bais oldu canda marağa, yazdım.
Canan eşqi can evinə düşəndə,
Düşdüm diyar-diyar sorağa, yazdım.

Biri qıya baxdı, saldı ataşa,
Biri süzdü məni ayaqdan-başa,
Biri məhbub oldu, döndü sirdaşa,
Biri şəstin çəkdi darağa, yazdım.

Biri saldı məni qafil inada,
Biri cəlil oldu həmdü-sənada.
Biri əyal atıb uyandı yada,
Biri sirr verəndə qırağa, yazdım.

İqbal rast olanda vəfalı yara,
Vəsfini söylədim lalə rüxsara.
Birini görəndə əsil mahpara,
Birini bir çeşmi-çırağa yazdım.

Əlim üzüləndə ata-anadan,
Alı qəmnak oldu başdan-binadan.
Vəsfi aparmadı dəhri-fənadan,
Nə vardı sinəmdə varağa yazdım.