İradə AYTEL.”İki nöqtə, bir mötərizə”

İki nöqtə, bir mötərizə – Mən,
İki nöqtə, bir mötərizə – Sən!
Ən əvvəl bu yumruca Sən və Mənə
Ayaq uyduracam,
Əl uyduracam,
Ürək uyduracam…
Sonra monitorun qapısını evimə açacam.
(Nöqtələri açmadan.)
Mötərizə dodağımı,
Yumruca bədənimi
Mötərizə dodağınla dadacaqsan.
Mötərizələr gah açılacaq,
Gah yumulacaq…
Saçlarım sinəmə dağılacaq,
Sinəm əllərinə dağılacaq…
Yumruca bədənimdə
Yumruca sinəm ağrıyacaq,
Qışqıracam!
Mötərizə dodaqlarımızı qoşalaşdıracaqsan.
(Gizlənmişik sanacağız.)
Susmayacam!
Bağıracam!
Elə bağıracam ki,
Həyasız-həyasız məni qoynuna alıb
Qoynumda mışıl-mışıl uyuyan
Gecəni oyandıranacan.
Elə bağıracam ki,
İllərdir tənhalığımı sevib də qoruyan,
Bəxtim!
Səni oyandıranacan!
– Bextim! Bextim!
– Hay caaaaaaaaaan!!!!
Bütün bunlar ürəyinə elə yatacaq ki,
İki nöqtə, bir mötərizə – Sən,
İki nöqtə, bir mötərizə – Mənim
Ürəyimin üstündə yatmağa çalışacaqsan.
– Dayan!
Yıxılacaqsan!
Axı biz iki nöqtə, bir mötərizəyik.
Bax, birazdan ikimiz də
Yatmağa hazırlaşan
Bilgisayarın gözlərində
Ö-lə-cə-yiiiiiiiik!……