İradə AYTEL.”Göyərmədi…”

(Musa Yaqub məni bağışlasın….)

Bu dünyanın qara daşı
göyərmədi, Musa Yaqub!
Qara daşda qara gözlər xumar oldu.
Göy yeridi,
Yer əridi,
Qara daşa
qara saçlar sığal çəkdi,
Qara daşda
Qara daş da qucaqlandı,
Günahlandı,
Savablandı…
Qara daşda bəyaz yallar
Yırğalandı,
Qorğalandı,
Göyər(mə)di!
Qara daşda iki nəfəs dolaş düşdü
Asta-asta,
Hövlnak-hövlnak…
Bu dünyanın qara daşı
Qaralandı
Dağdan,
Daşdan,
Çaydan,
Aydan…
Bu dünyanın qara daşı
göyərmədi, Musa Yaqub!