Öz doğma diyarında çəkdin nələr, ey yetim,
Ayaqyalın, başaçıq, ac, dərbədər, ey yetim.
Axan göz yaşın kimi niyə qiymətsiz oldun,
Açılmamış qönçəsən, niyə gül kimi soldun?
Qəminlə ürəyimi gəl, dağlama, ey yetim,
Həsrətli göz yaşımsan, sən ağlama, ey yetim!

Bağbansız sütül ağac, yandım sənin halına,
Necə dözüm bu acı, dözülməz əhvalına?
Dinlədim ürəyinin kədər, qəm nəvasını,
Günahkar millətindir, sən çəkdin cəzasını.
Məktəb sənin dərdinə eylər əlac, ey yetim,
Ayaqyalın, başaçıq, ac, yalavac, ey yetim!

Ölkən düşünsə idi sənin səadətini,
Duya bilsəydi elmə tükənməz rəğbətini,
Əl açıb dilənməzdin, bu böyük hümmətinlə,
Yandırmazdın məni də kövrək təbiətinlə.
Öz doğma diyarında çəkdin nələr, ey yetim,
Ayaqyalın, başaçıq, ac, yalavac, ey yetim!

İstəyini ödədim, fəqət məlul, pərişan,
Mən küllün fikrindəyəm, sən cüzin hayındasan.
Sənə pul yox, tərbiyə, təlim, təhsil gərəkdir,
Sənisə düşündürən bircə günlük çörəkdir.
Məktəb sənin dərdinə eylər əlac, ey yetim,
Öz yurdunda dərbədər, ac, yalavac, ey yetim!

Sınıq sazdır ürəyin, dilə gəlsə danışar,
Bir qığılcım düşərsə, məşəl kimi alışar,
Millət qəflətdə yatır, xəyanətkardı dövlət,
Bircə nəzər yetirmə sənə, mənə hökumət.
Sən bu biganəlikdən çəkdin nələr, ey yetim,
Ayaqyalın, başaçıq, ac, yalavac, ey yetim!

Bu ölkədə rəhmlə ədalət də qalmamış,
Yetim-yesirə xalqda mərhəmət de qalmamış.
Mənimsədi qəyyumun sənin də var-yoxunu,
Belə gördüm dünyanı, belə gördüm çoxunu.
Öz doğma diyarında çəkdin nələr, ey yetim,
Ayaqyalın, başaçıq, ac, yalavac, ey yetim!

Dilini bağladılar, bir dərdin açılmadı,
Fitri istedadından qığılcım saçılmadı,
Ötdü bahar, ötdü yaz, açılmadı bir gülün,
Niyə basa çatmadı sənin təkamül yolun?
Məktəb sənin dərdinə eylər əlac, ey yetim!
Ayaqyalın, başaçıq, ac, yalavac, ey yetim!