Əziz MUSA.”Dünya”

em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Oturubdu əzəl gündən,
Çiynimizdə qoşa mələk.
Bir yanda kəfən asılıb,
Bir tərəfdə isti bələk.

Göydən yerə yağmaz daşlar,
Ağacsız yaşamaz quşlar,
Yağar göylərdən yağışlar,
Yüz ölçüb, biçib fələklər.

Qəribədir düzü həyat,
Dəvəyə verilməz qanad,
Göy üzü özü yeddi qat,
Sevgisiz döyünməz ürək.

Günəş sönməz ha yansa da,
Yer dolanır kim dansa da,
Xəlbir göydə fırlansa da,
Ömrü hey ələyir ələk.

İnsan çaşmaz yolu bilsə,
Dünya gülər, bəşər gülsə,
Yüz müqəddəs kitab gəlsə,
Hər şeydən əzizdi çörək.